-
Almaniya yığmasının baş məşqçisi Joachim Löw əmindir ki, AÇ-2016-da komandaların aşağı məhsuldarlıq göstərməsinin səbəbi turnirin formatında gizlənir.
Qeyd edək ki, hər oyuna orta hesabla vurulan qolların sayına görə son 36 ildə ən aşağı göstərici məhz indiki AÇ-yə təsadüf edir (26 oyunda 48 qol vurulub).
«Sky Sports» Löw-ün bu açıqlamasını yayıb: «16 komandalı format ideal idi, ancaq köhnə sistemə dönüş yoxdur – bu aydındır. Elə komandalar var ki, yalnız müdafiədən çox yaxşı oynayır. Albaniya və Uels kimi ölkələr müdafiə olunmağı çox yaxşı öyrənib. Onların şansı da məhz bundadır. Odur ki, İspaniya – Türkiyə oyununa qədər heç bir yığma hansısa oyunda 3 qol vurmamışdı. Bir çox komandalar iki oyunda yalnız iki xal toplayıb, amma hələ də qrupdan çıxmaq şansını saxlayırlar».
ALMANLAR TƏŞKİLATÇILARDAN NARAZIDIR
Almaniya mediasında qrup turnirinin iyunun 21-də keçiriləcək Şimali İrlandiya-Almaniya oyununun fransız Clement Turpin-in rəhbərlik edəcəyi hakimlər briqadasına tapşırılması fəal müzakirə olunur. Məsələn, «Bild» qəzeti turnirin təşkilatçılarının bu qərarını aşkar səhv sayır.
Qeyd edək ki, Almaniya pley-offa qrup birincisi yox, ikincisi kimi adlasa, 1/8 finalda Fransanın da yer aldığı A qrupundakı komandalardan biri ilə qarşılaşacaq.