Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:51

Əlçatan qiymətə, keyfiyyətli ərzaq niyə azdır?


Azərbaycan özünü keyfiyyətli, hamı üçün əlçatan qiymətə ərzaqla niyə təmin edə bilmir?

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ərzaq təhlükəsizliyi üçün hökumət dövlət büdcəsindən xeyli pul ayırsa da nəticə yoxdur:

“Dünyada özünü yüz faiz ərzaqla təmin edə biləcək ölkə yoxdur. Bütün ölkələrin az və çox şəkildə bir-birindən asılılığı var. Sadəcə Azərbaycanda bu sahə üçün son illərdə büdcədən böyük məbləğlərdə vəsait ayrılsa da geri dönüşü olmadı. Gözləntiləri doğrultmadı. Günü bu gün də bir çox sahələrdə o cümlədən ərzaq, taxılda asılılığımız çox yüksək səviyyədədir. Ümumi ərzaq məhsullarından asılılığımız 55-60 faizdir ki, bu da çox böyük rəqəm sayılır.

Natiq Cəfərli , 2012
Natiq Cəfərli , 2012

Azərbaycanda daha bir problem ondan ibarətdir ki, hökumət bəzən yerli məhsul adı altında xaricdən gətirilib burda qablaşdırılan məhsulları statistik məlumatlara daxil etməyə başlayıb. Bu da doğru yanaşma deyil, real vəziyyətin qiymətləndirilməsinə mane olur. Mane olan digər məsələlər bazara çıxış imkanlarının məhdud olması, fermerlərin kredit imkanlarının məhdud olması, doğru olmayan stimullaşdırma proqramlarıdır. Bu 3 əsas istiqamət üzrə problemlər qaldığına görə Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsində irəliləyişə nail olmaq mümkün olmur”.

ÖZ EHTİYACINI ÖDƏYƏ BİLMİR

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov isə deyir ki, ərzaq təhlükəsizliyi məsələsini həll etmək üçün məsələyə kompleks yanaşma lazımdır:

“Azərbaycan bu gün özünün kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəyə bilmir. Həm kəmiyyət baxımından, həm də keyfiyyət baxımından ciddi problemlər var. Bu gün hesab olunan məhsulun keyfiyyətinin aşağı olmasının bir sıra səbəbləri var. Birincisi burda kompeks tədbirlər həyata keçirilməlidir. Bizim toxumçuluq zəif inkişaf edib. Demək olar ki, artıq sıradan çıxarılıb. Keyfiyyətli toxum istehsal olunmalıdır. Yerli iqlim şəraitinə uyğun sortlar əldə olunmalıdır. Digər tərəfdən torpağın münbitliyi bərpa olunmalıdır. Davamlı su təminatı həyata keçirilməlidir. Aqrotexniki qaydalara vaxtlı vaxtında əməl olunmalıdır.

Belə olmadığı halda əldə olunan məhsulun keyfiyyəti də, məhsuldarlığı da, kəmiyyəti də aşağı olacaq. Və bundan başqa məhsul yetişdikdən sonra onun bir müddət soyuducu anbarlarda saxlanması təmin olunmalıdır. Çox təəssüflər olsun ki, bu məsələlər kompleks şəkildə öz həllini tapmayıb.”

BÜTÜN RESURSLAR VAR

Eyyub Hüseynov: Bütün imkanlar var, amma...
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00
Direct-ə keçid

Eyyub Huseynov, 2009
Eyyub Huseynov, 2009

Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov isə bu sahənin inkişafı üçün dövlətin bir sıraq proqramlar həyata keçirdiyini vurğulayır. Ancaq onu da deyir ki, həmin proqramların reallaşmasında problemlər qalmaqdadır:

“Azərbaycan bütün resurslara malik aqrar ölkədir. Hamı da bilməlidir ki, Azərbaycan daim aqrar ölkə olub, bundan sonra uzunmüddət aqrar ölkə olaraq qalacaq. Bzizim arzumuzdur ki, Azərbaycan sənaye ölkəsi olsun. Azərbaycanın kifayət qədər suvarma və dəmyə torpaqları var. Bu torpaqlarda 3 manata işləyən əməksevər işçiləri var. Lakin Azərbaycanda özünü ərzaq məhsulları ilə təmin etmək üçün sadəcə olaraq dövlətin qarşıya qoyduğu proqramların effektiv yerinə yetirilməsi məsələsi dayanır. Təəssüf ki, ölkədə effektli aqrar siyasət həyata keçirilmir.

Elə bir şərait yaradılıb ki, insanların kənddən şəhərə kütləvi axını baş verir. Kəndli bilsə ki, onun istehsal etdiyi məhsulları alan, realizə edən, pul verən bir qurum varsa, onda torpağı əkəcəklər. Çox yaxşı haldır ki, bu il -2016-cı ildə bu sahədə addım atılıb. Ölkə prezidentinin ayrıca göstərişi ilə belə bir qurum yaradılıb. Sanki sovet vaxtının kooperativ qurumları kimi qurumlar kənd təsərrüfatı əməkçilərindən bu malları alacaqlar və bazara çıxaracaqlar. Lakin belə bir qurumun yaradılması qərara alınsa da hələ onun fəal işi gözlə görünmür. Bu qurum gərək kənd təsərrüffatı ili başlamamışdan əvvəl kənd təsərrüfatı ilə məşğul olan insanlara müəyyən maliyyə verəydi, müqavilə imzalayaydı. Həmin insanlar daha bazar axtarmalı olmayaydılar. Bu problem maldarlıq, heyvandarlıq sahəsində də var.”

XS
SM
MD
LG