-
Sumqayıtın məşhur bukinisti bağlanır
Sumqayıtın "Şərq bazarı" adlı ticarət mərkəzində yerləşən tanınmış bukinist mağazası bağlanmaq üzrədir. Bu haqda Oxu Zalına mağazanın sahibi şair və tanınmış bukinist Xan Rəsuloğlu məlumat verib.
"6 ildir məhkəmələrdə sürünürük. Hər dəfəsində də məhkəmələr bizim xeyrimizə qərar çıxardır. İndi də gəlib deyirlər ki, o qərarlar hamısı boş şeydir".
- Bu sözləri Sumqayıtın ən tanınmış kitabçısı Xan Rəsuloğlu deyir.
Onun Sumqayıtda "Şərq bazarı" adlanan ərazisində yerləşən dükanına baş çəkirik. Mağaza dəmir hasarlarla əhatələnib. Xan Rəsuloğlu ilə söhbətimiz zamanı buranın sökülməkdə olduğunu öyrənirik.
O, Sumqayıt İcra Hakimiyyətinin burada yerləşən 66 mağazanı sökmək istədiklərini deyir: "93-cü ildə hələ rəhmətlik Heydər Əliyev azad sahibkarlara dəstək haqqında bir sərəncam imzalamışdı.
Həmin sərəncamdan sonra bizə şərait yaratdılar ki, "Şərq bazarı"nda öz pulumuzla dükan tikdirək.
Digərləri kimi mən də bu iki dükan sıfırdan tikdim, təmir etdirdim. Bu arada ora sənədləri yığmaq, bütün yer sahiblərini bir yerə cəmləmək üçün Rəşid Babayev adlı birini direktor təyin etdilər.
Bundan sonra bizim mağazalarımıza "texpassport" verdilər. Olduq hərəmiz öz mağazamızın sahibi".
Xan Rəsuloğlu elə hər şeyin bundan sonra başladığını dedi: "Elə o vaxtdan Rəşid Babayevin ürəyində xal qalmışdı. Bizə ultimatum göndərmişdi ki, mənə mağazalara görə kirayə verməlidirlər.
Təbii ki, biz də kirayə haqqı vermədik. Çünki öz dükanımıza görə niyə pul ödəyək axı? Ondan sonra dəfələrlə deyib ki, ölənə qədər sizi süründürəcəm. Təsəvvür edin, bu adamlar Heydər Əliyevin kəlamını da saya salmırlar.
Başladıq məhkəmə çəkişmələrinə 6-7 ildə 15 məhkəmə keçirildi. Hamısını da biz qalib gəlmişik. İndi təsəvvür edin ki, bütün dövlət orqanları, məhkəmə hamısı oldu səhv, bircə Rəşid Babayev düz deyir".
Xan Rəsuloğlunun sözlərinə görə hətta məhkəmə qərarı da onların istəyinin qarşısını ala bilməyib: "Məhkəmədə udduq amma bunların bizimlə davası başa çatmadı.
Arada gəlib atmaca atırlar ki, məhkəmənin qərarı hələ heç nə demək deyil. Dövlət istənilən vaxt onu əlinizdən ala bilər. Ürəyimiz istəyər söküb park edərik. İndi düşünün sənədlərimiz hamısı yerində, mağazalarımızı sökmək istəyirlər.
İndi də deyirlər ki, oranı sökəcəklər. Sonra Rəşib Babayev orada yeni mağazalar tikdirəcək. Hamıya da mağazasının kvadrat-metrinə uyğun yer veriləcək.
Bu adam bizimlə günün düz vaxtı prinsip aparır. O adama mağaza verər? İllərdir bizi məhkəmələrdə süründürür. Özü də hamını qəsdən təhqir edir ki, kimsə buna cavab qaytarsın. Onda da bir baş hüquq-mühafizə orqanlarına müraciət edir.
Xan Rəsuloğlu "Şərq bazarı"ndakı bir çox gənc sahibkarın sırf buna görə məhkəməyə verildiyini deyir. O, azad sahibkarlara imkan yaradılmağını tələb edir:
"Əlbəttə ki, onun pulu bizdən çoxdur. Kapitalizm dövrüdür, indi kimin pulu çoxdursa, onun da musiqisi çalınır. Özünüz də gördünüz dörd bir tərəfimiz hasarlanıb. İndi burada alver etmək də çətindir. Hətta elə hasarlayıblar ki, buradan vətəndaşların yolunu da bağlayıblar.
Axı belə etməməlidirlər. Əksinə İcra Hakimiyyəti azad sahibkarlara şans yaratmalıdır. Biz dövlət büdcəsinə vergi ödəyirik. Mağazamızı bağlayanda bu vergini kimdən alacaqlar? Onsuz da kitabçılıq elə də gəlirli sahə deyil.
Xan Rəsuloğlu ayrı-ayrı məmurları günahkarlandırır: "Biz dövlət olaraq Gürcüstana, Ermənistana baxanda çox inkişaf etmişik. Ancaq bundan 10 qat artıq da inkişaf edə bilərdik.
Ancaq bəzi məmurlarımız buna imkan vermir. Bilərəkdən təxribat yaradırlar, öz vətəndaşlarının ayağından dartırlar. Dövlətin nəyinə lazımdı kasıbın dükanını bağlasın? Bunlar hamısı ayrı-ayrı məmurların işidir. Beş manat artıq qazanmağa çalışırlar. Milləti fikirləşən yoxdur.
Onunla söküntü məsələlərini danışıb keçirik kitab bazarının hazırki vəziyyətindən söhbət etməyə. Ondan Bakıda açdığı "Xan xəzinəsi" dükanının vəziyyətini soraqlayırıq:
"İki ildən çoxdur ki, Elmlər Akademiyası metrosu tərəfdə o dükanı açmışam. Amma hələ də xeyir götürməmişəm. Düzdür gəlir hər ay əvvəlkindən daha yaxşı olur.
Düşünürəm ki, bir neçə aya əvvəlki illərdə itirdiklərimi geri qaytararam. Hərənin öz iş prinsipi var. Sumqayıtdakı dükanı açanda elə olurdu ki, saatlarla qapısı açılmırdı.
İndi amma vəziyyət yaxşıdı. Yavaş-yavaş tanındım. Özü də mən sırf köhnə kitablar satan biri kimi tanınıram. Düzdür bu iş bir az əziyyətlidir, ancaq marağım bunadır.
Elə müştəri olur ki, imkanı var, ancaq təzə kitab almaq istəyir. Kasıb müştəri isə 10 manatlıq kitabı buradan 3 manata alır. O kitabda bir balaca əzik ola bilər, yaxud da qələmlə bir-iki səhifəsi cızılmış ola bilər. Kasıb adam üçün bunun elə də fərqi olmur.
Təzəsi 40 manata olan köhnə kitab toplusunu 7 manata satıram. Buradakı bütün kitablar demək olar ki, 50 qəpikdir. Sumqayıtda belə bukinistlər azdır. Onlardan elə ikisi mənim yetirmələrimdir.
O, ən çox müştərilərinin tələbələr və məktəb şagirdləri olduğunu deyir. Ancaq Xan Rəsuloğlu təhsildən də şikayətlənir: "Bura daha çox şagirdlər və tələbələr gəlir.
Onlarla ünsiyyətdə oluram. Ancaq onu deyim ki, Azərbaycan təhsili bərbad gündədir. Ancaq bildiyim odur ki, bu cür təhsillə nökər, qul yetişdirmək olar, şəxsiyyət əsla.