Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:16

Penitensiar Xidmətin sabiq rəisi türmələrin durumundan danışdı


Brexit tərəfdarları
Brexit tərəfdarları

-

Bu gün medianın diqqət ayırdığı əsas mövzu Böyük Britaniyanın Avropa Birliyindən çıxmasıdır. Qəzetlər BMT-də Azərbaycanla bağlı müzakirələrdən, ölkədəki həbsxanaların vəziyyətindən də bəhs edirlər.

«AVROİNTEQRASİYA ÇAT VERİR»

«Azərbaycan» qəzeti Böyük Britaniyadakı referendumun nəticələrini «Avropaya Brexit zərbəsi» sərlövhəli məqalədə dəyərləndirib.

Müəllif yazır ki, dünya və Avropa ictimaiyyəti şok vəziyyətindədir. Birləşmiş Krallığın Avropa Birliyində (AB) qalmasının tərəfdarlarının Liverpul, Mançester, London kimi iri şəhərlərdə, habelə Şotlandiyada qələbəsi ümumi mənzərəni dəyişdirə bilmədi. Uels sakinləri «Brexit»ə səs verdilər. Uelsli seçicilərin 52.5 faizi Brüssellə münasibətlərin kəsilməsinə, 47.5 faizi isə AB-də üzvlüyün saxlanmasına tərəfdar çıxdı.

Yazıda qeyd edilir ki, Avrointeqrasiya çat verir, Britaniyanın AB-dən çıxacağı qətiləşdikdən sonra bütün Avropada avroskeptiklərin mövqeləri möhkəmlənəcək.

Müəllif Avropa Birliyindən çıxma meyllərinin getdikcə yayılacağını ehtimal edir.

Əfv sərəncamının icrası
Əfv sərəncamının icrası

DEMOKRATİYA YOLU

«Azərbaycan» qəzetində bir başqa məqalədə isə ölkənin demokratikləşmə prosesindən bəhs edilir.

«İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən tədbirlər ölkəmizin dünya birliyindəki nüfuzunu daha da yüksəldib», - deyə müəllif yazır.

Məqalədə Azərbaycanda qəbul edilən əfv sərəncamları və amnistiya aktlarına geniş yer verilir.

«Ölkəmizdə amnistiya aktlarının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanıb Milli Məclisə təqdim edilməsi xalqımız və cəmiyyətimiz tərəfindən alqışlanan dəyərli ənənəyə çevrilib. Fondun amnistiya təşəbbüsləri ölkəmizdə cinayət hüquq siyasətinin liberallaşdırılmasına, məhkumların sayının azaldılmasına gətirib çıxaran vacib amilə çevrilib».

Məqalədə qeyd edilir ki, son 13 ildə ölkə başçısı 29 əfv sərəncamı ilə 6472 nəfərin azadlığa buraxılmasını təmin edib. Son aktın qəbulu ilə isə ötən 20 ildə amnistiyaya düşmüş şəxslərin sayı 116 min nəfərə çatacaq.

BMT
BMT

AZƏRBAYCANDAKI REPRESSİYALAR BMT-DƏ MÜZAKİRƏ OLUNDU

«Azadlıq» qəzeti yazır ki, BMT-də Azərbaycandakı həbslər müzakirə olunub.

Məqalədə bildirilir ki, BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyasında tanınmış beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda insan haqlarının vəziyyətini gündəliyə çıxarıblar. İrlandiya və Norveç təmsilçiləri Azərbaycanda insan hüquqlarının daha çox pozulduğunu, mətbuata və vətəndaş cəmiyyətinə ciddi təzyiqlərin olduğunu deyiblər. Qəzetdə yazılanlara görə, onlar Azərbaycan hakimiyyətini həbsdəki siyasi fəalları azad etməyə çağırıblar.

Məqalədə qeyd edilir ki, Beynəlxalq Hüquqşünaslar Komissiyasının təmsilçisi isə Şuranın diqqətini Azərbaycanda vəkillərin acınacaqlı vəziyyətinə yönəldib. «Son vaxtlar Azərbaycanda hakimlərin əli ilə vəkillərin siyasi motivlərlə intizam cəzasına məruz qalması halları geniş yayılıb. İntiqam Əliyevin, Əlayif Həsənovun və Xalid Bağırovun vəkillikdən kənarlaşdırılması ciddi narahatlıq doğurur. Vətəndaşların hüquqlarının qorunması sahəsində tanınan belə şəxslərin işdən uzaqlaşdırılması Azərbaycanda vəkillik fəaliyyətinə vurulan ciddi zərbədir», – sessiyada bildirilib.

Həbsxana
Həbsxana

HƏBSXANALAR VƏ MÜASİR STANDARTLAR

«Yeni Müsavat» qəzeti isə diqqəti cəzaçəkmə müəssisələrinin durumuna yönəldib. Qəzet vəziyyəti Penitensiar Xidmətin sabiq rəhbəri Məmməd Zeynalovla birgə analiz edib.

M.Zeynalov qəzetə bildirib ki, Sovetlər Birliyi dağılandan sonra Azərbaycanda cəzaçəkmə müəssisəsi tikilməyib. Ona görə də Azərbaycan həbsxanalarında müasir standartlardan danışmaq da yersizdir.

«Azərbaycan cəzaçəkmə müəssisələrində məhkum olunmuş şəxslərin sayına görə sanitar qovşaqları həddən artıq azdır. Bu gün cəzaçəkmə müəssisələrində sıxlıq var. Rəsmi rəqəmlər də məhkumların sayının artdığını göstərir»,-deyə o qeyd edib.

Sabiq rəisin bildirməsinə görə, elə imkanlı məhkumlar var ki, baraklarda qalmırlar: «Onlar ayrıca otaq alırlar. Həmin otağa «butok» deyilir. Orada məhkum yeməyini, içməyini özü alır, yeməyini bişirtdirir, yatıb-qalxır. Həmin məhkumların o biri məhkumlara qarışacağı olmur. Yəni, bu məsələ qanunla tənzimlənmir».

Yazıda məhkumların müalicə müəssisəsi «çox mürəkkəb bir yer» adlandırılır. Məhkumların ora düşməsindən ötrü xahiş-minnətin, sifarişin rol oynadığı bildirilir. Sabiq rəislə söhbətdə həmçinin qeyd edilir ki, müalicə müəssisəsi həm də avtoritet dustaqların görüş yeridir.

XS
SM
MD
LG