Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:03

Ermənistanın müdafiə naziri 'Lazım gəlsə' deyir...


Seyran Ohanyan (sağda)
Seyran Ohanyan (sağda)

►Jurnalistlər naziri "divara dirəyib"

Ermənistanın müdafiə naziri Seyran Ohanyan nəhayət ki, bir neçə həftə əvvəl İnternetdə yayılmış və səs-küyə səbəb olmuş videoyla bağlı açıqlama verib.

Videonu yayanlar onun Qarabağda aprel hücumları zamanı çəkildiyini iddia edirdilər.

Videoda erməni hərbçilərinin videomonitor vasitəsilə Azərbaycan əsgərlərinin hərəkətini izləyərək kömək gözlədiyi əks olunub. Videonun yayılmasından sonra İnternetdə bir çoxları əsgərlərin köməksiz vəziyyətdə olduğunu, atəş açmalı olub-olmadıqlarını, arxadan köməyin gəlib-gəlməyəcəyini bilmədiklərini yazaraq narazılıqlarını ifadə ediblər.

Ermənistanın müdafiə naziri Gümridə jurnalistlərə bildirib ki, hərbi əməliyyatlar zamanı atəş açmaq üçün icazəni gözləməyə ehtiyac yoxdur. O bunu onunla izah edib ki, "həm Ermənistanda, həm də Qarabağda ordunun hər bir hissəsi ona həvalə edilmiş döyüş tapşırığı çərçivəsində müstəqil hərəkət edir."

Nazir bildirib ki, yayılmış videodan həmin mövqedə texniki imkanların olduğu görünür. "Bu mövqedəki şəxsi heyət düşmənin bu qrupunu tamamilə məhv edərək geri atıb və uğur qazanıb. ...Bilirsiniz, ...heç kim mövqelərdə ola-ola təhlükə hiss etdiyi halda öz həyatını qorumaq üçün komandirin atəş açıb-açmamaq barədə əmrini gözləməz. ...Ona görə də buna inanmayın," deyə o əlavə edib.

Ermənistanın müdafiə nazirliyi bu günə qədər sözügedən video ilə bağlı şərh verməkdən imtina edirdi. Bundan başqa, müdafiə nazirinin mətbuat katibi Artsrun Hovannisyan baş verənləri sərt tənqid edərək bildirmişdi ki, belə bir video İnternetdə olmalı deyil.

Müdafiə naziri qalmaqala səbəb olmuş videodan başqa Rusiyanın Ermənistana kreditlə 200 milyon dollar həcmində silah satışına da toxunub. Kredit sazişi bir il əvvəl imzalansa da, Rusiya silahları hələ Ermənistana çatdırılmayıb. Jurnalistlərin silahların niyə çatdırılmadığı barədə sualına nazir belə cavab verib: "Qoyun bu işlə müdafiə nazirliyinin rəhbərliyi məşğul olsun. Müqavilələrin 80 faizi imzalanıb. Silahların fasiləsiz çatdırılmasına dünən başlanıb, bu gün də davam edir."

Bildirilir ki, Seyran Ohanyanın "çatdırılmasına dünən başlanmış" silahlar barədə dediklərinin həmin 200 milyonluq kreditə aidiyyatı yoxdur. Nazirliyin mətbuat katibi Artsrun Hovannisyan Azadlıq Radiosuna deyib ki, nazir ümumiyyətlə silahların daxil olmasından danışıb.

____________________________________________________________

Bunlara da bax:
Ali Məhkəmə 'Eurovision məhbusu'nun qərarını vermir
Manat bir az da ucuzlaşdı

____________________________________________________________

"Ermənistan Respublikasının ən müasir hərbi texnikanı satın alması 200 milyon dollarlıq kreditlə başlamayıb və onunla başa çatmayıb. İdxal çoxdan həyata keçirilir və bu, fasiləsiz prosesdir," deyə Hovannisyan bildirib.

Konkret olaraq bu kredit üzrə idxalın başlanıb-başlanmadığı barədə suala isə Hovannisyan "deyə bilmərəm" deyə cavab verib.

Müdafiə naziri jurnalistlərlə söhbəti zamanı həmçinin erməni tərəfinin aprel döyüşləri zamanı itirdiyi 800 hektarlıq ərazi mövzusuna da toxunub. O qeyd edib ki, lazım gələrsə, həmin ərazilər tezcə qaytarıla bilər. "Erməni torpağının hər bir qarışı, əkilmiş olsa da, olmasa da, bizim üçün müqəddəsdir. Ancaq bu torpaqlar, bu bir neçə mövqe ordunun nəzarəti altındadır və zərurət yarandığı halda tez və tam şəkildə qaytarılacaq," Ohanyan deyib.

Jurnalistlərdən biri onların kimi gözlədiklərini və torpaqları niyə qaytarmadıqlarını soruşsa da, Seyran Ohanyan cavab verməyib.

Müdafiə naziri bu yaxınlarda nazirliyin bir sıra yüksək rütbəli rəsmisinin istefa verməsindən və korrupsiya ittihamı ilə həbslərdən də danışıb. Nazir qeyd edib ki, onun vəzifədə olduğu müddətdə 140 nəfərə yaxın hərbçi vəzifəsindən azad edilib. O əlavə edib ki, bu hallardan 60-ı korrpsiya ilə bağlı olub.

"Mənim rəhbərliyim altında layiq olanların hamısına yüksək vəzifələr verildi. Ona görə də həm burda, həm də Artsaxda silahlı qüvvələr qarşılıqlı fəaliyyət göstərirlər, regionda rəqabətə davamlıdırlar və döyüş qabiliyyətləri var. Bunların hamısı dörd günlük müharibə ərzində də özünü göstərdi," deyə Seyran Ohanyan bildirib.

Qeyd edək ki, Azərbaycan tərəfi aprel döyüşləri zamanı Dağlıq Qarabağın həm şimal, həm də cənub hissəsində mühüm yüksəklikləri azad edib. Erməni tərəfi ümumilikdə 21 mövqe itirdiyini etiraf edib. Amma bununla belə Ermənistan ordusu aprel döyüşlərini öz uğuru kimi təqdim edir. Azərbaycan tərəfi 800 yox, 2000 hektar ərazini azad etdiyini deyir.

Buna da bax: 7-ci aeroport tikiləcək. "Mənimsəmə yeridir"

XS
SM
MD
LG