İyulun 8-də Varşavada Azərbaycan dövlət başçısı İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Ashraf Ghani ilə görüşüb.
AZƏRTAC-ın xəbərinə görə, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Xüsusilə iqtisadiyyat, təhlükəsizlik, kənd təsərrüfatı və nəqliyyat sahəsində əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığı deyilir.
İlham Əliyev iyulun 8-i Polşada əfqanıstanlı həmkarından öncə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşmüşdü.
Həmin görüşdə isə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edildiyi bildirilirdi.
Azərbaycan prezidenti iyulun 7-də Polşa paytaxtı Varşavaya gedib.
Bu gün Varşavada NATO və tərəfdaş ölkələrin sammiti başlayıb. Sammitdə NATO ölkələrinin təhlükəsizliyinin gücləndirilməsi və tərəfdaş ölkələrə aid bir sıra məsələlər müzakirə edilir.
Azərbaycan prezidentinin də bu sammit çərçivəsində bir sıra görüşləri planlaşdırılıb.