Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:28

Bakı sakini: «Yoldaşım həkimlərin arasındakı hərc-mərcliyə qurban getdi»


Foto arxiv.
Foto arxiv.

«Bu məktubu sizə acı göz yaşlarıyla yazıram. İstəyirəm bütün dünya bilsin ki, Azərbaycanda xəstələrin düşdüyü durumdan istifadə edən həkimlər onun ailəsini soğan qabığı kimi soyur, axırda da xəstəni ailəyə tabutda qaytarırlar».

Bakıxanov qəsəbəsinin sakini Aybəniz Məmmədova belə yazır. O, 1 aydan çoxdur ki, həyat yoldaşının ölümündə günahlandırdığı həkimlərin cəzalandırılmasından ötrü baş prokurora, ölkə başçısına müraciət edir. Xanım yazır ki, bu ilin mayında həyat yoldaşı Qərib Məmmədov səhhətindəki problemlə bağlı Gəncə Şəhər Beynəlxalq Özəl Xəstəxanasına müraciət edib. Xəstənin bu ilin yanvarında açılmış xəstəxanaya müraciət etməsinin səbəbi isə həyatını məhz burada çox savadlı və təcrübəli həkim kimi tanıdığı türkiyəli Süleyman Lütfi Dinçer-ə etibar etməsi olub. Ancaq görün, nə baş verib...

«AZ QALA, ƏLİNDƏN ÖPÜRDÜK»

«Doktor Dinçer-lə görüşdük. Göydə Allaha, yerdə ona pənah gətirdiyimizi dedik. O isə mənə elə xəstənin yanındaca ürək-dirək verib tam əmin etdi ki, onu 20 günə sağaldıb ayağa qaldıracaq. Xərclərin 10 min manat tutduğunu və bu məbləği xəstəxananın hesabına köçürməyimi bildirdi. Mayın 24-də 10 min manatı xəstəxananın hesabına keçirib qəbz aldım. Müalicə başladı. Həkim hər görüşümüzdə xəstənin səhhətindəki yaxşılaşmadan danışır, bizsə, az qala, əlindən öpüb minnətdarlığımızı bildirirdik. Ancaq sevincimiz uzun sürmədi».

Aybəniz Məmmədovanın sözlərinə görə, bu sevinc xəstənin müalicəsi başqa həkimin əlinə keçəndən sonra tar-mar olub. Belə ki, xəstəxananın baş həkimi yenisi ilə - İlyas Həsənovla əvəz edilib. Yeni baş həkim türkiyəli həkimə soyuq münasibət göstərib. Zərbəsini isə Dinçer-in nəzarətində olan xəstələr alıb:

«BAŞ HƏKİM DƏYİŞƏNDƏN SONRA...»

«Süleyman Lütfi Dinçer-ə yeni təyin olunan baş həkim İlyas Həsənovun sərgilədiyi münasibət bizim də xəstəmizə böyük problemlər yaratmağa başladı. Həmin vaxta qədər xəstəmizi bir dəqiqə də olsun nəzarətsiz qoymayan tibbi personal saatlarla xəstəmizi «unutmağa», xəstənin sahibi kimi bizlərdən qaçmağa, xəstəyə yardım göstərməməyə başladılar. Səbəbi ilə maraqlananda, günahı baş həkim İlyas Həsənovda axtarmağı məsləhət görürdülər. Dəfələrlə baş həkimlə görüşmək cəhdlərimiz uğursuzluqla nəticələndi. Türkiyəli həkim isə bizlərdən qaçmağa başladı. Nəticədə bu il iyunun 10-da həyat yoldaşım vəfat etdi. Axı onun 20 günə sağalıb ayağa duracağına dair söz verib, 10 min manat pul ödətdirən, göydə Allaha, yerdə inanıb pənah gətirdiyimiz Süleyman Lütfi Dinçer adlı türkiyəli həkim bizi arxayın etmişdi. Əminliklə deyə bilərəm ki, mərhum həyat yoldaşım həkimlərin arasındakı hərc-mərcliyin qurbanı olub».

«XƏSTƏYƏ NECƏ LAZIMDIR BAXILIB»

Aybəniz Məmmədovanın iddiasına görə, getdikcə halı pisləşən həyat yoldaşı baxımsızlıqdan dünyasını dəyişib. O, baş verənlərlə bağlı araşdırma aparılmasını, özəl xəstəxananın baş həkiminədək bütün tibbi personalın cəzalandırılmasını, üstəlik, xəstəxanaya ödədiyi pulu da geri tələb edir.

Xəstəxananın hüquqşünası Samir Zeynalovsa deyir, ödənilən məbləğin geri qaytarılmasından söhbət gedə bilməz. Bildirir ki, bu məbləğ xəstənin müayinə və müalicəsinə sərf olunub:

«Xəstənin müayinə və müalicəsi ilə xəstəxananın sabiq baş direktoru Süleyman Lütfi Dinçer və digər ixtisaslı həkimlərimiz məşğul olub. Xəstəxanaya ödənilən vəsait 18 gün ərzində xəstənin müayinəsinə, müalicəsinə, dərmanlarına və palata xidmətlərinə sərf olunub. Bununla bağlı müayinə protokolları var. Heç bir həkim xəstəni sağaldıb ayağa qaldıracağına yüz faiz təminat verə bilməz. Həkimlər xəstənin həyatda qalmasından ötrü əllərindən gələni ediblər».

Aybəniz Məmmədova həyat yoldaşının ölümünə görə həkimlərdən əl çəkmək fikrində deyil. Bu ölüm faktına görə Gəncə şəhər Prokurorluğunda da araşdırma aparılıb. Ancaq, hələlik, heç bir həkim məsuliyyətə cəlb edilməyib. Araşdırmanın nəticəsi barədə məlumat əldə etmək mümkün olmadı.

XS
SM
MD
LG