Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:16

Hindistanda oxumuş Samirə, kinomuzdakı qadın qıtlığından danışır


Azərbaycanlı rejissor Samirə Kidman.
Azərbaycanlı rejissor Samirə Kidman.

-

"Mən fikirləşirəm ki, bizdə cəmiyyət və mentalitet qaydalarına görə belə qəbul olunub ki, qız, qadın, məsələn, montaj eləsin. Bu olar. Çünki bu oturaq işdi, kompyuterin arxasından tərpənmirsən. Nə isə yazan, qeydlər aparan əməkdaş ola bilər. Amma sənin kreativ düşüncəni tələb eləyən işlər yox".

"Mən dəfələrlə ustad dərsləri keçirməyi, uşaqları Hindistana göndərməyi, ya da bura kimlərisə dəvət etməyi təklif eləmişəm. Amma cavab bir olur – özümüz bilirik. Buna görə də kinoda mütəxəssis səviyyəsi olduğu yerdə qalır".

Samirə Kidman montaj və rejissor sənətinin sirlərini Hindistan Dövlət Kino və Televiziya İnstitutunda (FTII) öyrənib. Təhsilini bitirəndən sonra Bakıya qayıdan Samirə hazırda yalnız qadınlardan ibarət komanda ilə qısametrajlı filmlər çəkməyə çalışır...

- Samirə, kino sənətini Hindistanda öyrənmək hardan ağlınıza gəldi? Çünki bizdə yalnız peşəkarlar bilirlər ki, Hindistanda fərqli kino var və məsələn, Satyajit Ray kimi rejissorlar olub. Sadə insanlar üçün hind kinosu Mithun Chakrabortydi, Amitabh Bachchandı, Nərgizdi, sevgidi, göz yaşlarıdı və s.

Samira Kidman Hindistanda kino institunun tələbələri ilə (sağdan ikinci).
Samira Kidman Hindistanda kino institunun tələbələri ilə (sağdan ikinci).

- Mən kinonu erkən yaşlarımdan öyrənmək istəmişəm, vaxtı çatanda da məktəb axtarmağa başladım. Azərbaycanda bu məsələ Sovet İttifaqı dağılandan sonra o qədər də yaxşı vəziyyətdə deyil, ona görə də İncəsənət universitetində oxumaq istəmirdim. Əvvəlcə Praqada FAMU-ya (Praqa Kino və İncəsənət Məktəbi) qəbul olunmaq istəyirdim, amma ora çox bahalı idi. Sonra səfirlikdən öyrəndim ki, İCCR-də (İndian Council for Cultural Relations) təqaüdlü təhsil proqramı var. Ora müraciət elədim. Mənə dedilər ki, niyə də yox, Azərbaycan da Asiya ölkələrinə daxildir. Bircə şey istədilər – İncəsənət universitetindən zəmanət məktubu almalıydım. O vaxtkı rektora müraciət elədim, məni prorektorun yanına göndərdilər. İndi adını unutmuşam, amma o, zəmanət məktubu vermədi. Dedi ki, bizə belə şey lazım deyil, bizim uşaqlar başlarını boş-boş şeylərlə doldurmamalıdılar, Hindistan nədi və s. Bütün bunları niyə danışıram?! Müəyyən proqramlar var ki, universitetlərdə elan lövhələrinə onlar haqqında məlumat vurmaq lazımdı, qoy, tələbələrin belə şeylərdən xəbəri olsun. Mən müraciət elədiyim vaxtlar xaricdə təhsil proqramı hələ yox idi. Universitet mənə məktub vermədiyinə görə özüm imtahan verdim və ingilis dilini akademik səviyyədə bildiyimi sübut elədim. Hindistan Dövlət Kino və Televiziya İnstitutuna (FTII) qəbul olundum. İnstitut, yol pulundan başqa bütün xərclərimi ödəyirdi. Kitabxana, kamera, avadanlıqlar, hər şeyin... Hətta film çəkərkən istifadə elədiyimiz lentin də. Yeri gəlmişkən, bu müsahibə vasitəsilə demək istəyirəm ki, həmin proqram hələ də aktivdi. Əgər kimsə Hindistana getmək istəyirsə - istənilən universitetə - sənədlərini göndərə bilər. Təəssüf ki, bizdə heç kim belə proqramlar haqqında danışmır. Mənim üçün bu proqram hədiyyə idi. Çünki maddi imkanım çox aşağı idi və onunla hara gedəcəyimi bilmirdim. Xaricdə, demək olar ki, bütün məktəblər çox bahadı.

- Hindistan adı sizdə heç qıcıq yaratmadı? Heç fikirləşmədiniz ki, “axı, Hindistanda nə öyrədə bilərlər kino haqqında”? Yoxsa fərqli bir hind kinosunun mövcudluğundan xəbəriniz vardı?

- İş ondadı kı, ora qəbul olmazdan əvvəl Hindistana səyahət eləmişdim, həmin universitetdə olmuşdum, professorlarla, tələbələrlə danışmışdım. Başa düşmüşdüm ki, orda təhsil kommersiya kinosuna istiqamətlənməyib, tələbələrə müəllif kinosunu da öyrədirlər. Yəni sənədlərimi verəndə artıq harda nəyi öyrənməyə getdiyimi bilirdim. Bilirdim ki, ora kino nəzəriyyəsini öyrənməyə gedirəm.

- Orda sizə nə öyrətdilər və necə öyrətdilər?

- Mən montaj kursuna qəbul olunmuşdum - montaj nəzəriyyəsi və praktika. İnstitutda birinci il bütün ixtisaslar öyrədilir – qrimdən tutmuş kameraya, aktyor sənətinə, rejissuraya qədər - həm nəzəri, həm də praktik cəhətdən. Çəkilişlərdə fotolentdən istifadə eləyirdik. Sonra imtahan verirsən və ikinci kursa keçirsən. Burda artıq öz ixtisasını öyrənirsən. O ki qaldı fərqli hind kinosuna.. Düzünü deyim ki, Azərbaycandan, keçmiş sovet respublikasından gəldiyimi bilən hər kəs elə fikirləşirdi ki, mən Tarkovskyni əzbər bilirəm. Əslində isə onun adını eşitmişdim, amma akademik səviyyədə araşdırmamışdım, ümumiyyətlə, ciddi sənət səviyyəsində rus kinosu haqqında təsəvvürüm yox idi. (ardı aşağıda)

Samirə Kidmanın montajçısı olduğu hind filmi "Kaul"un traileri.

Satyajit Ray, Rittik Ghôţok kimi rejissorların varlığı haqqında da orda öyrəndim. İnstitutda film nümayişləri olurdu – “screening”lər. Hər gün saat 6-da, mütləq lentdə və mütləq böyük ekranda baxırdıq. Bu bizim üçün namaz kimiydi. Yeri gəlmişkən, bütün screeninglər Hindistan Milli Arxivində olur, arxiv institutun yanında yerləşir. Xaricdən çoxlu rejissorlar gəlirdilər, filmlərini gstərirdilər, sonra da birlikdə müzakirə eləyirdik.

- Deməli, Tarkovskiylə də Hindistanda tanış olduz?

- Demək olar ki. Tarkovski, Elem Klimov... Ora təzə gedəndə hamı soruşurdu ki, yəqin sən, “Get və bax” filmini görmüsən, hə? Mən də təəccüblə “yox” deyirdim. Amma sevinirəm ki, bütün o klassiklərlə orda tanış oldum, çünki böyük ekranda, kollektiv şəkildə filmə baxmağın qazandırdığı təcrübə, böyük ekrandan gələn səs – bunların hamısı sayəsində kinonu fərqli qavrayırsan. Film tamamilə fərqli təsir eləyir.

- Bildiyim qədərilə həm də rejissorsunuz. Bəs rejissuranı necə öyrənmisiz?

Samirə Kidman hindistanda film çəkilişi zamanı.
Samirə Kidman hindistanda film çəkilişi zamanı.

- Montajla paralel öyrənirdim. İş ondadı ki, bizdə möhtəşəm ustad dərsləri (work-shop) olurdu. Dəvət elədiyimiz rejissorlar mühazirə oxuyurdular. Həmin ustad dərslərinə giriş tələbələr üçün sərbəst idi. Çalışırdım ki, mümkün qədər çoxunda iştirak edim. Mənə çox-çox kömək eləyən ustad dərslərindən biri Fəridə Mehdinin mühazirəsi idi. O, Hindistanın ən məşhur qadın rejissorlarından biri, həm də filantropdu. Onun ustad dərsləri o qədər maraqlı idi ki, kurs ildə iki, üç dəfə dəvət eləyirdi. Axırıncı il Fransadan Claire Denis-ni dəvət eləmişdik.

- Yəni sizə dərs deyəcək müəllimləri özünüz seçirdiniz?

- Özümüz. Məsələn, biz Nuri Bilgə Ceylanı, Claire Denis-ni, ya da Rusiyadan Zvyaqintsevi dəvət eləmək istəyirdik. Onlarla əlaqə saxlayırdıq, yazırdıq. Hansının boş vaxı vardısa və Hindistana gələ bilərdisə, gəlirdi. İnstitut onların bütün xərclərini ödəyirdi.

- Beləcə, həm montaji, həm də rejissuranı öyrənirdiz...

- Həm də ikinci kursdan işləməyə başlamışdım. Bombeydə Müqəddəs Havyer kolleci var- çox qədim, nüfuzlu və məşhur bir kollecdi. Orda montaj nəzəriyyəsindən dərs deyirdim. Paralel olaraq əgər kimsə nəsə çəkirdisə, həm rejissor assistenti kimi, həm də əsas montajçı kimi çəkiliş meydançasında olurdum.

- Bəs Shah Rukh Khan, Amitabh Bachchan kimi ulduzlarla tanış olmaq imkanı vardı?

- Ora getdiyim birinci il bizim institutun 50 illik yubileyini qeyd eləyirdilər. 2010-cu ildə. Onda bu münasibətlə böyük ziyafət verdilər və festival keçirdilər. Ora Bombeyin bütün qaymaqları gəlmişdi. Çünki Köhnə nəsil kino xadimlərinin 80%-i bizim institutun məzunlarıdı. Orda bəzi məşhurlarla tanış olub söhbət eləmişdim.

Samirə Kidmanın çəkdiyi "Hindistan rənglidir" adlı qısa filmi.

- Samirə, orda mükəmməl təhsil vardı, artıq işləyirdiniz. Bakıya niyə qayıtdız? Nəyə ümid eləyirdiniz və nə tapdınız burda?

- Birincisi, mənim iş vizam yox idi və təhsilim də başa çatırdı. İkincisi, hər dəfə tətil zamanı bir aylıq Bakıya qayıdanda başa düşürdüm ki, mənə yaxın olan problemlər, o şeylər ki, onlar haqqında bilirəm, hamısı burdadı. Sadəcə başqa yerə gedəndə onlara kənardan baxmaq imkanı qazanırsan, bura qayıdanda isə qəflətən onlarla yenidən üzləşirsən və fikirləşirsən ki, bu barədə düşünməyə və yazmağa dəyər. Qayıtmaqla nə qazandım? Təəccüblü də olsa, böyük şirkətlərdən birində iş aldım, düz iki il işlədim, çoxlu maraqlı insanlarla tanış oldum. Biz reklamlar, sənədli filmlər və s. çəkirdik. Hərçənd yaradıcı şəxs kimi Bakıya qayıtmaq mənə çox az şey verdi. Amma düşünürəm ki, bu müddət aralıq bir tramplin kimidi. Onu keçmək lazımdı ki, işlərin necə qurulduğunu anlayasan, o sahəyə daxil olasan və artıq ondan sonra işləməyə başlayasan. İndi bir aydı ki, həmin şirkətdə işdən çıxmışam,başqa bir layihədə işləyirəm. Barəsində çox danışa bilmərəm, çünki layihənin rejissoru gizliliyi qorumağı xahiş edib. Ancaq indi həmin layihədə pre-production mərhələsində (çəkilişə hazırlıq-red) işləyəndə başa düşmüşəm ki, əslində kinodan çox uzaq imişəm. Bizim pis-yaxşı bir kinomuz var. Sən demə, bizdə hardasa operatorlar, səs mütəxəssisləri, kostyumçular varmış, amma başqa reallıqda.

Əgər kinoda işləyən kişilərlə qadınların faiz nisbətinə baxsaq, beş il əvvəl cəmi 3% qadın vardı, indi bu rəqəm 5% olub.

- Qadın rejissorlarla qısametrajlı filmlərdən ibarət layihə üzərində işləyirsiz. Birinci sual: Niyə məhz, qadınlar və niyə məhz, toplu halında? Yəni sadəcə öz filminizi də çəkə bilərdiz.

- Mənim montaj nəzəriyyəsi üzrə professorum qadın kinosunun böyük fanatıdı. O, məni Chantal Akerman kimi rejissorlarla tanış eləyib. Bura qayıdandan sonra qadın rejissorların filmlərindən ibarət mini toplu çəkmək istədim. Qadın qrupunda işləmək mənə nə verirdi? Biz birlikdə işləyəcəkdik. Mənim üçün yalnız yazmaq çox şəxsi işdi. Təkcə oturub yaza bilərsən, amma film çəkmək üçün adamlara ehtiyac var. İşçi qüvvəsinin yoxluğunu o altı, ya da yeddi xanım rejissorla kompensasiya eləmək istəyirdim. Niyə qadınlar? Çünki bu günkü problemlərə qadınların baxışı mənə maraqlıdı. Hətta mən istəyirdim ki, operator da qadın olsun. Düşünürəm ki, qadın kinosu kişi kinosundan tamamilə fərqlənir.

- Niyə? Əgər sənət kinosundan danışırıqsa, rejissor qadın olsun, ya da kişi – fərqi yoxdu- bu, həmişə şəxsidi, özünüifadədi və deməli, orijinaldı.Onda qadın kinosu, ya da kişi kinosu kimi bir fərqlilik qoymaq nəyə lazımdı?

- Mən mövzuya başqa tərəfdən yanaşıram. Əgər kinoda işləyən kişilərlə qadınların faiz nisbətinə baxsaq, beş il əvvəl cəmi 3% qadın vardı, indi bu rəqəm 5% olub. Mənim üçün qadın kinosu onunla fərqlənir ki, heç bir kişi qadını qadın qədər hiss eləyə bilməz.

- Almadovar?

- Məncə, Almadovar transgenderləri daha yaxşı hiss eləyir. Bir də Almadovar qadın jurnalları oxuyur. Bunu özü musahibəsində deyib. Özünü bu istiqamətdə yetişdirir.

- Amma kişi rejissorların əksəriyyətinin əsas qəhrəmanları qadınlardı... Haneke, Triyer, Darden qardaşları, Zaydl..

- O qadınlar xəyaldı. Onların görmək istədikləri qadınlardı.

- Yəni onların filmlərinə baxanda heçvaxt fikirləşmirsiz ki, qadını doğru təsvir eləyib? Məsələn, mən Almodovarın, Triyerin qadınlarını sevirəm... Və hesab eləyirəm ki, onlar qadınları başa düşürlər...

- Doğrudu, amma gör, qadın qadını çəksəydi, necə olardı. Məncə, o, daha əhəmiyyətli problemlərə toxuna bilərdi. Kişinin qadını çəkməsi qadının kişini çəkməsinə bənzəyir. Məsələn, biz necə başa düşə bilərik ki, niyə kişilər az

Samirə Kidman Hindistanda filmdə oynayarkən.
Samirə Kidman Hindistanda filmdə oynayarkən.

şikayətlənir, qadınlar çox? Özümüz bunun cavabını bilirik, amma kişilər yox. Mən özümü bütün qadınlarla yaxın hiss eləyirəm, kimin nəyi niyə dediyini başa düşürəm. Məncə, qadınların psixologiyası fərqlidi və bununla ciddi məşğul olmaq lazımdı. Demirəm ki, kişi qadını, ya da qadın kişini çəkə bilməz, ancaq qadının qadını çəkməsi daha maraqlı alınar.

Təəssüf ki, biz kiməsə müraciət eləyəndə, deyəndə ki, filmləri qadınlar çəkəcək, güclü skeptisizmlə qarşılaşdıq.

- Layihə üzərində iş davam eləyirmi?

- Qızlar son dərəcə həvəsli idilər, sssenarilər yazdılar. Pis, yaxşı, güclü, zəif- vacib deyil. Əsas odu ki, təşəbbüs vardı. Sonra prodüser axtarmağa başladıq. Təəssüf ki, biz kiməsə müraciət eləyəndə, deyəndə ki, filmləri qadınlar çəkəcək, güclü skeptisizmlə qarşılaşdıq. Yeri gəlmişkən, İranda bu çox uğurlu bir layihədi. Dörd xanım rejissor birlikdə hər il qısametrajlı filmlər çəkib festivallara göndərirlər. Bizdə isə bu layihəyə yalnız yaxşı marketinq gedişi kimi baxırlar, yeni kino kimi, “mənim də deməyə sözüm var” prizmasından yox. Mənsə istəyirəm ki, hər filmin mərkəzində qadın obrazı, qadın əhvalatı dayansın. Layihə ilə maraqlananlar da vardı. Yeri gəlmişkən, o da qadın idi. İş ondadı ki, mən istəyirəm, kimsə prodüserliyi üzərinə götürsün və layihəni inkişaf etdirsin. Çünki özüm də rejissor qismində işləmək istəyirəm. Əgər bu işi üzərinə götürmək istəyən olsa, biz etiraz eləməyəcəyik.

- Bu layihəyə münasibətdən başqa hardasa işləyən, özünü işi ilə ifadə eləmək istəyən qadına yuxarıdan-aşağı baxıldığıilə rastlaşmışdız?

- Mən fikirləşirəm ki, bizdə cəmiyyət və mentalitet qaydalarına görə belə qəbul olunub ki, qız, qadın, məsələn, montaj eləsin. Bu olar. Çünki bu oturaq işdi, kompyuterin arxasından tərpənmirsən.

Samirə Kidman.
Samirə Kidman.

Nə isə yazan, qeydlər aparan əməkdaş ola bilər. Amma sənin kreativ düşüncəni tələb eləyən işlər yox. Mənə elə gəlir ki, bəzi kişilərin bununla bağlı böyük problemi var.

- Siz belə halla üzləşmisiniz?

- Hə. Montaj vaxtı kadrların xoşuma gəlmədiyini, son dərəcə primitiv olduqlarını dedim.Və əməlli-başlı qəzəblə qarşılaşdım, artıq işləmək mümkün deyildi. Ona görə də işdən çıxdım.

- Hindistanda tamamilə fərqli yaradıcı mühit görmüsünüz. Ordan baxanda Azərbaycan kino mühiti necə görünür?

Elementar bir misal. Hər altı aydan bir təzə kamera çıxır. Bizim operatorlardan neçəsi onların funksiyalarını bilir?

- Əgər hind kinosu ilə müqayisə eləsəm, bizim kino zəif həlqədi. Səbəb də odu ki, sistem işləmir. Biz Amerika kəşf eləmirik, axı?! Hər şey çoxdan var. Bunu hinduslar da eləyiblər, Hollivud da. Amma bizim elementar boz hüceyrələrimiz işləmir ki, yeni nəslin varlığını qəbul eləyək. Məsələn, Sinqapurda neynəyiblər? Öz gənclərini mübadilə proqramları ilə altı aylıq ixtisas artırma kurslarına göndərirlər - geri qayıtmaq şərtilə. Azərbaycanda isə istənilən səs mütəxəssisinə, ya da operatora yaxınlaşıb desən ki, gəl, gedək təcrübəmizi artıraq, ya da Roger Dickens gəlir, gedək, onun ustad dərsinə, neçə fazi gedəcək? Hamı fikirləşir ki, onun pis-yaxşı sovet təhsili var və bununla kifayətlənirlər, özlərini yeniləmirlər. Elementar bir misal. Hər altı aydan bir təzə kamera çıxır. Bizim operatorlardan neçəsi onların funksiyalarını bilir? Mən dəfələrlə ustad dərsləri keçirməyi, uşaqları Hindistana göndərməyi, ya da bura kimlərisə dəvət etməyi təklif eləmişəm. Amma cavab bir olur – özümüz bilirik. Buna görə də kinoda mütəxəssis səviyyəsi olduğu yerdə qalır.

- Hindistana qayıtmaq istəmirsiniz?

- Rejissor kimi burda işləmək istəyrəm. Çünki Azərbaycan mövzusu, ruhu mənə daha yaxındı. Mən burda böyümüşəm, on yaşımdan Azərbaycanda yaşayıram. Hətta burdan gedib on ildən sonra da qayıtsam, dəyişiklərin kökünü görə biləcəm, çünki öz köklərim burdadı. Hindistanda isə reallıq bir az fərqlidi, onu tam həzm eləyə bilmirəm. Orda vaxtın necə keçdiyini hiss eləmirəm.

- Axırıncı sual: Hindistan haqqında fikirlər həmişə ziddiyətlidi. Bəziləri ordan heyranlıqla danışır, bəzilər üz-gözünü turşuda-turşuda... Bu fikirlərin hansı həqiqətəuyğundu?

- Əslində hər ikisi. Turistlər arasında belə bir məsəl var: əgər Hindistan səni qəbul eləsə, sən də onu qəbul eləyəcəksən. Əgər qəbul eləməsə, sənin də xoşuna gəlməyəcək. Mənimlə elə oldu ki, biz ikimiz də bir-birimizi qəbul elədik. Orda hər şey xoşuma gəldi. Mən o ölkəyə, onun sentimental kinosuna, aktyorlarına aşiq deyildim, ancaq ölkə mənə maraqlı idi. Tamamilə fərqli reallıq olduğuna görə.. Anam bir dəfə gedəndən sonra dedi ki, bir də ora ayağı dəyməyəcək. Amma mənə orda rahatdı, insanları, onların münasibətləri, kinosənayenin inkişafı xoşuma gəlir. Hə, orda vaxt azdı, bu və ya digər işdə uğur qazanmaq istəyən insanlar çoxdu. Ancaq orda həmişə seçim var. Reklamda işləmək istəyirsənsə, reklamda işləyirsən, müstəqil olmaq istəyirsənsə, müstəqil olursan.. Bilirsən ki, birinə yox deyəndə başqası olacaq. Burda nə gəlsə, götürməlisən, çünki ikinci şansın olmaya bilər. Çünki burda o qədər az kino çəkilir ki, nə versələr, götürməyə məcbursan. Pis, ya yaxşı - götür.

XS
SM
MD
LG