►Fətəli xan Xoyski küçəsinin sakini: Polis gəlmir, lap tank gəlsin...
“İki gündür polislər ya həyətə gəlirlər, ya da adamları idarəyə çağırırlar, hamını hədələyirlər. Deyirlər, “baxmarıq qadındı, kişidi, burda iş başlayanda biriniz yaxına gəlsəniz, tutub basarıq 15 sutkalığa””.
“SƏSİNİ ÇIXARAN İNCİMƏSİN”
Nərimanov rayonundakı Fətəli xan Xoyski küçəsi, 138-140 ünvanının sakinləri növbəti dəfə AzadlıqRadiosuna müraciət ediblər.
Onlar bildiriblər ki, 1 ay əvvəl ərazidə ağac kəsiminə görə qaldırdıqları səs-küy nəticəsində kəsilmiş ağacların bir qismi yerinə əkilsə də, həmin ağacların yenə kəsilmə təhlükəsi yaranıb.
Zamin adlı sakin deyir, bu dəfə ağac kəsiminə etiraz səslərini qaldırmasınlar deyə, polis tərəfindən əvvəlcədən hədələrə məruz qalıblar:
“Dünəndən həyətdə qarşılarına kim çıxırsa, hamını “sutkalıqla” hədələyirlər. Deyirlər, “obyekt sahibi burada işini davam etdirməyə hazırlaşır. Kim səsini çıxarsa, inciməsin”. Halbuki, ötən ay Ekologiya Nazirliyinin işçiləri gəlib obyektə görə çıxarılmış ağacların bir hissəsini şəxsən özləri torpağa əkib getdilər. Sahibkara da xəbərdarlıq etdilər ki, yaşıllığa zərər gəlməməlidir. Ancaq indi sahibkar qərara gəlib ki, polisi qabağa verib işini rahat görsün”.
Ərazidə yaşayan Şükür Şükürov deyir, polisin hədəsi sakinləri yaşıllığın qarşısından çəkilməyə yetməyəcək:
“Polis gəlmir, tank gəlsin, onsuz da ağacları kəsmələrinə imkan verməyəcəyik. İki gündür ki, həyətdəyik, evə yığışmırıq, ağacları qoruyuruq. Bu da güzərandı? Günün altında ağacları əti pişikdən qoruyan kimi qoruyuruq ki, gəlib kəsib məhv eləməsinlər. Belə də özbaşınalıqmı olar?”
“YERİMİZ OLMAYACAQ”
Bu ünvanda bir neçə yataqxana binası yerləşir. Sahibkarın qırmağa cəhd etdiyi ağaclar da dördmərtəbəli yataqxana binalarının həyətindədir. Yataqxana sakinlərinin deməsinə görə, sahibkar həyətin ortasındakı 2,5 sot ərazidə 3-4 mərtəbəli obyekt tikmək istəyir. Bu isə o deməkdir ki, bir neçə binada yaşayan azı 300 ailənin istirahət məkanı olmayacaq:
“Pəncərələrimiz, eyvanlarımız obyektin divarına açılacaq. Həyətdə keçməyə, maşın saxlamağa yerimiz olmayacaq. Fövqəladə Hallar Nazirliyi deyir, “tikmək olmaz”, Ekologiya Nazirliyi deyir, “yaşıllığı məhv eləmək olmaz”, ancaq icra hakimiyyətinin də himayə etdiyi bu sahibkar kimdirsə, nə dövlət qurumunu, nə vətəndaşları saya almır”.
Nərimanov rayon Polis İdarəsi isə sakinlərin dediklərini yalanlayıb. İdarənin növbətçi hissəsindən bildirilib ki, sakinlərlə hər hansı danışıq aparılmayıb, hədələməkdənsə, ümumiyyətlə, söhbət gedə bilməz.
SAHİBKARIN XEYRİNƏ QƏRAR ÇIXARILIB
Əslində sahibkarın ərazidə tikinti aparmasına icazə verən məhkəmə qərarları mövcuddur. Məhkəmələr sakinlərlə sahibkar arasındakı 3-4 illik çəkişməyə sahibkarın xeyrinə qərar çıxarmaqla son verib.
Nərimanov rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, vətəndaş hələ 3 il əvvəl bütün sənədləri tam qaydasında olan, özünəməxsus ərazidə tikinti işi aparmaq istəyərkən binaların sakinləri etiraz ediblər. İcra hakimiyyəti də vətəndaşların tərəfindən çıxış edərək sahibkara tikinti aparılmasına icazə verməyib. Sahibkar da Ali Məhkəməyədək gedib çıxıb. İcra hakimiyyətinə qarşı qaldırdığı iddiaları təmin olunub:
“Ötən ay sahibkar əraziyə icra məmurları ilə gəlmişdi. Onların nəzarəti ilə özül qazmaq istəyirdi, ancaq adamlar yolu bağladılar, qarışıqlıq düşdü. Halbuki, məhkəmə qərarına görə, sahibkarın ərazidə tikinti aparmağa tam hüququ var, hər bir sənədi mövcuddur və ona heç kəs mane ola bilməz”.
“HƏR BİR SƏNƏDİMİZ VAR”
“Beqnaft” hüquq şirkəti MMC-nin nümayəndəsi Ərşad Sərdarovun “Qaynar xətt”ə dedikləri:
“Ali Məhkəmə xeyrimizə qərar çıxarıb. Tikintiyə başlamaqla bağlı hər bir sənədimiz var. Düzdür, keçən il tikintini davam edə bilmədik, çünki iş hələ məhkəmədəydi, ancaq artıq tikintiyə başlamağa hər bir imkanımız var”.
Ötən ay ağaclar kəsilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzadlıqRadiosuna bunlar bildirilmişdi:
“12, 13, 14 diametrli ağaclar kəsilib, tinglər məhv edilib, bu, artıq inzibati qanun pozuntusudur. Bununla bağlı tədbir görüləcək”.
Lakin bu dəfə Nazirlikdən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Sakinlər hesab edirlər ki, 1 aydan sonra şirkət özül qazmaq üçün əraziyə dönürsə, demək ki, Nazirlik tədbirini almayıb.