Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:28

"Kollektorlar əslində cinayət əməlinə yol verir"


arxiv fotosu
arxiv fotosu

Kredit borcuna gorə həbs düzgündürmü? Qaytarılmayan kreditləri yığan Kollektorların özbaşınalığının qarşısını kim və necə almalıdır?

Vəkil Müzəffər Baxış deyir ki, aidiyyatı qurumlar borclunun borcunu ödəməməsi səbəblərini tam və obyektiv araşdırmadığına görə həbslər baş verir. Eyni zamanda ölkədə kollektorların vəzifələrindən sui istifadə hallarına göz yumulur:

“Kredit müqaviləsinin şərtlərini icra etməməyə görə həbs etmək olmaz. Bizdə qanun bunu qadağa edir. Ümumiyyətlə kimisə buna görə cinayət məsuliyyətinə cəlb etmək olmaz. Əgər tərəflər bir-birinə saxta sənədlər təqdim etməyiblərsə, bir-birinin etibarından sui istifadə etməyibsə, bir-birini aldatmayıbsa hər hansı bir şəxsi həbs etmək olmaz. O cümlədən inzibati qaydada həbs etmək olmaz.

Müzəffər Baxış
Müzəffər Baxış

Banklar məhkəməyə müraciət edirlər və borclulardan həmin pulları tələb edirlər. Məhkəmənin qətnaməsi çıxır ki, həmin borc borclu tərəfindən ödənilsin. Bundan sonra qətnamə icra orqanlarına göndərilir. Əgər qətnamənənin tələbləri icra edilməzsə bunda sonra məcburi icra tədbirləri həyata keçirilir. Amma çox təəssüflər olsun ki, bu icra tədbirləri həyata keçirilən zaman icra qurumu tərəfindən həmin şəxsin qəsdən və ya imkansızlıqdan həmin borcu ödəmək imkanını araşdırmırlar.

Əgər həmin şəxs qəsdən icranı yerinə yetirməkdən boyun qaçırsa Ədliyyə nazirliyi tərəfindən cinayət işi başlaması üçün istintaq orqanına göndərməlidirlər. Istintaq zamanı əgər borclunun qərəzli olaraq məhkəmə qətnaməsini yerinə yetirməməsi sübuta yetirilərsə onun haqda ittiham aktı tərtib edib, məhkəməyə göndərilə bilər. Ondan sonra isə onun barəsində 3 min manata qədər cərimə, 480 saaata qədər ictimai iş, 2 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.

Amma təəssüflər olsun ki, həmin borclunun məhkəmə qətnaməsini yerinə yetirməməsi tam, obyektiv araşdırmadan onlara ittiham verirlər. Məsələnin kökü bundan ibarətdir.

Müzəffər Baxış: "Əslində cinayət əməlinə yol verirlər..."
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00
Direct-ə keçid

Kollektorların fəaliyyəti ilə bağlı Azərbaycan respublikasında heç bir qanun yoxdur. Bunların qanunsuz fəaliyyətinə Ədliyyə nazirliyi göz yumur. Əslində onlar cinayət əməllərinə yol verirlər. Onlar vəzifə səlahiyyətlərini aşaraq borclulara fiziki təzyiq göstərirlər, bəzən bədən xəsarətləri də yetirirlər. Əfsuslar olsun ki, belə şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilmir. Hüquq mühafizə orqanları onların bu qanunsuz fəaliyyətlərinin qarşısını almaq üçün çox ciddi tədbirlər görməlidirlər. “

BORCLUNU QORXUTMAQ ÜÇÜN...

Bank məsələləri üzrə ixtisaslaşmış hüquqşünas Əkrəm Həsənov bildirir ki, Azərbaycanda qanunlara riayət edilsə və qanunvericilik təkmilləşsə belə hallara rast gəlmərik:

Əkrəm Həsənov
Əkrəm Həsənov

“Borca görə həbs mümkün deyil. Çünki Azərbaycanın daxili qanunvericiliyi, həm də qoşulduğu beynəlxalq sazişlərə görə borcunu ödəyə bilməyən şəxs borca görə həbs edilə bilməz. Təəssüf ki, Azərbaycanda artıq bir neçə dəfə belə hallar olub. Bunlar qanunsuzdur. Avropa Məhkəməsinə bununla bağlı bir iş üzrə şikayət vermişik, hazırda birini də hazırlayırıq.

Bu alətdən ümumiyyətlə daha çox borcluları qorxutmaq üçün istifadə edirlər. Çünki banklar, kollektorlar, icra məmurları da çox gözəl başa düşür ki, borcunu qaytara bilməyən şəxsə heç nə edə bilməzlər.

Son aylarda kollektorların fəaliyyəti genişlənib. Onlar hətta döyürlər, vətəndaşı zorla saxlayırlar, ailəsinə, qohumlarına zəng edirlər, iş yerinə gəlirlər, bu cür yollarla vətəndaşdan borcun ödənilməsini tələb edirlər.

Hətta bu yaxında kollektor borcluya demişdi ki, get bədən orqanını sat, gətir borcunu ödə. Bunun qarşısını almaq üçün birinci növbədə qanunlara riayət etmək lazımdır. Təəssüf ki, bu bizdə yoxdur. Və ikinci növbədə Azərbaycanın qanunlarının özünün təkmilləşdirilməsinə ehtiyac var. Müflisləşmə haqqında qanun qəbul edilməlidir ki, o qanuna əsasən borcunu ödəmək imkanı olmayan şəxslər borcdan azad edilməlidirlər.”

BORCA GÖRƏ HƏBS YOLVERİLMƏZDİR

Hüquqşünas Xalid Bağırov isə hesab edir ki,kollektor fəaliyyətinin qeyri-qanuni olması ilə bağlı qanunvericilikdə müddəa yoxdur. Ancaq kollektorların fəaliyyətində qanun pozuntusu varsa, bu da bağışlanmamalıdır.

Xalid Bağırov
Xalid Bağırov

“Borclara görə həbs olunma beynəlxalq hüquqi sənədlərdə qadağan olunub. Konkret olaraq bu, Avropa konvensiyasında qadağan olunan əməldir. Borca görə hər hansı bir həbs yolverilməzdir. Lakin Azərbaycanda dolayısı ilə belə həbslər həyata keçirilir. Belə ki, birbaşa borclanmağa görə həbs nəzərdə tutulmasa da borcun qaytarılması ilə bağlı məhkəmə qərarının icra edilməməsinə görə həbs var. Cinayət məcəlləsində belə bir maddə var. Həmin maddə ilə şəxslərə həbs verirlər. Bununla bağlı yüksək məhkəmələrin mövqeyi lazımdır.

Bu formada həbs olunma borclanmaya görə həbs olunma sayılır, yoxsa məhkəmə qərarını icra etmədiyinə görə həbs sayılır? Bunu müəyyənləşdirəcək məhkəmə münasibəti lazımdır.

O ki qaldı kollektorlara, onların fəaliyyəti qanunvericiliklə nizamlanmalıdır. Onların fəaliyyətində hər hansı qanun pozuntusu varsa onlar məsuliyyətə cəlb olunmalıdır. Amma kollektor fəaliyyətinin tamamilə qadağan olunması kimi anlayış ola bilməz. Əgər bir yerdə borclanma əməliyyatı varsa, o borcların toplanması üçün bir xidmət olmalıdır. Amma fəaliyyətlərini qanun çərçivəsində həyata keçirməlidirlər. “

XS
SM
MD
LG