Azatutyun xəbər verir ki, Yerevanda post-patrul xidmətinin (PPX) alayını ələ keçirənlər bütün girovları azad etsələr də, silahları yerə qoymaqdan imtina ediblər.
Müxalif “Müəssislər Məclisinin” mətbuat katibi Varujan Avetisyan deyib ki, iyulun 17-də Yerevan polisinin post-patrul xidmətini ələ keçirmiş silahlı dəstənin üzvləri iyulun 23-də qalan 4 girovu da azad etdikdən sonra təslim olmaq niyyətində olmadıqlarını bəyan ediblər.
Ermənistanda bir neçə informasiya agentliyinin saytında canlı efirdə çıxış edən Avetisyan bildirib ki, silahlı dəstənin tələbləri dəyişməyib: Onlar prezident Serj Sarkisianın istefasını, “Müəssislər Məclisi”nin bir ay bundan əvvəl həbs edilmiş lideri Jirayr Sefilyanın azad olunmasını və nəhayət son günlərdə polislə toqquşan etirazçıların təcridxanalardan buraxılmasını tələb edir.
Azatutyun xəbər verir ki, Varujan Avetisyan və “Sasna tsrer” qrupunun digər üzvləri dəstənin nəzarətində olan ərazidə gün ərzində jurnalistlərlə görüşürlər.
Bu ərazidə aparılan danışırların nəticəsi olaraq dəstə iyulun 23-də Yerevan polisi rəisinin müavinləri Vardan Yegiazaryan və Valeri Osipyan da daxil yerdə qalan 4 girovun hamısını azad edib.
Vasitəçiliyi Qarabağ ermənisi edir
Danışıqlarda vasitəçi qismində “Dağlıq Qarabağmilli məclisinin” deputatı, “Qarabağ qəhrəmanı” Vitali Balasanyan çıxış edir.
Avetisyan deyir ki, dəstə “bu rejim boğulana və Ermənistan xalqının iradəsinə tabe edilənə” qədər silahlı mübarizəni davam etdirəcək.
Silahlı qruplaşmanın üzvü Avetisyan bunu da əlavə edib ki, bütün girovlar buraxıldıqdan sonra onların təhlükəsizliyi üçün qarant “əllərindəki silah və xalqın dəstəyi” olacaq.
“Xalq bizim yüz metrliyimizdədir” – deyib Avetisyan.
O ələ keçirilmiş PPX alayı ərazisini “Azad Ermənistanın iradə mərkəzi” adlandırıb.
Avetisyan deyib ki, qısa müddətdə qalib gələcəklərinə inanırlar.
O bildirib ki, silahlı dəstə xalq hərəkatına liderliyə iddia etmir və xalq hərəkatından partiya və siyasi məqsədlərlə istifadə olunmamalıdır.
Bu da xəbər verilir iki, iyulun 17-dən bəri PPX alayı ərazisinə hökumət qoşunlarının müdaxilə cəhdi olmayıb.
Avetisyan bunu da qeyd edib ki, polkovnik Artur Vanoyanın həlak olması bədbəxt hadisə sayılmalıdır və dəstə onun ölümünü istəmirdi. O deyib ki, əksinə, Vanoyan öz postunu axıradək qoruyaraq həlak olub və buna görə də silahlı dəstə onu döyüş yoldaşı hesab edir.
Yerevan-Qarabağ ziddiyyətləri
Danışıqlarda vasitəçi kimi çıxış edən qarabağlı Balasanyan jurnalistlərə deyib ki, az əvvəl həbsxanada Jirayr Sefilyanla görüşüb və o Serj Sarkisianın istefa tələbindən imtina edib.
O bunu da bildirib ki, silahlı dəstənin əksər üzvləri də bu tələbi geri götürüblər.
Azatutyun yazır ki, buna baxmayaraq, mətbuat konfransının keçirildiyi yerin yaxınlığında olan döyüşçülər Balasanyanın dediklərinə inanmağa çağırıblar.
Bununla belə, silahlı dəstənin bundan sonrakı strategiyası məsələsində aydınlıq yoxdur.
Silahlı dəstə üzvləri bildiriblər ki, ixtiyarlarında kifayət qədər silah var və təslim olmayacaqlar.
Lakin Vitali Balasanyan deyib ki, dəstə bir-iki günə silahı yerə qoymalıdır. Belə olarsa, Serj Sarkisian silahlı dəstəyə atəş açılmasına əmr verməyəcək.
Özünü “Sasna tsrer” – “Sasun igidləri” adlandıran dəstə iyulun 17-də Yerevan polisinin post-patrul xidmətinin alayını zəbt edib.
Milli Təhlükəsizlik Nazirliyi bildirib ki, qan tökülməsinin qarşısının alınması məqsədilə danışıqlar davam etdirlir.
Bu da bildirlir ki, iyulun 18-dən silahlı dəstə ilə həmrəylik bildirən etirazçılar PPX alayının yaxınlığındakı Xorenatsi keçəsinə yığılırlar.
İyulun 20-də bura yığılan etirazçılarla polis arasında baş vermiş toqquşmanın ardınca 16 nümayişçi həbs edilib.
Bəzi təhlilçilərin fikrincə, danışıqlara Qarabağ deputatının vasitəçilik etməsi, habelə alayı zəbt edənlərin ritorikası qarşıdurmanın Ermənistan erməniləri ilə ölkədə hakimiyyəti təşkil edən “Qarabağ klanı” arasındakı qarşıdurmanın təzahürü olduğunu göstərir.
Ölkə mediası Ermənistan erməniləri ilə Qarabağ separatçıları arasındakı ziddiyyətlər barədə bir qayda olaraq susmağa üstünlük verir.
Jirayr Sefilyana gəlincə isə, o Şuşanın zəbt olunmasında aparıcı rol oynasa da, əslən qarabağlı yox, suriyalıdır.