Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:17

Dövlət qurumunda yoxlama aparıldı


«Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə
«Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə

Hesablama Palatasının kollegiyası «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin icra etdiyi «Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək» layihəsi üzrə vəsaitlərdən istifadəyə dair auditin hesabatını təsdiq edib.

APA-nın xəbərinə görə, layihənin qiyməti əvvəlcə 114.3 mln. dollar müəyyən edilib. Dünya Bankı 80, Azərbaycan hökuməti 34.3 mln. dollar məbləğində vəsait ayırmağı nəzərdə tutub.

Layihənin əsas məqsədi kənd təsərrüfatı təyinatlı torpaqlarda suvarma suyunun paylanılması və idarə edilməsinin təşkili olub.

Layihənin icra olunduğu 2011-2015-ci illərdə 90.5 mln. dollar sərf olunub. Nəticədə kredit vəsaitlərindən istifadə müddəti daha bir il uzadılıb.

Hesabatda qeyd edilir ki, layihə çərçivəsində satınalmalar üzrə bağlanmış müqavilələrin icra və ödəniş qrafiklərinə müxtəlif səbəblərdən dəyişikliklər edilib. İllik planlara tam riayət edilməyib.

Eyni zamanda açıqlanıb ki, layihənin icrası üzrə İşçi qrup ilə Rayon Dəstək Qrupları (RDQ) arasında müqavilələr bağlanmayıb.

Üstəlik, auditin gəldiyi nəticəyə görə, layihə çərçivəsində koordinasiya məsələsi «Meliorasiya və irriqasiya haqqında» Qanunun tələblərinə tam uyğun deyil.

Hesablama Palatası layihə üzrə vəsaitlərin istifadəsində yol verilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edib. Qərar icra olunmasından ötrü «Meliorasiya və Su Təsərrüfatı» ASC-yə göndərilib.

Ancaq bu nöqsanlar zamanı maddi ziyandan bəhs edilmir.

Hesablama Palatasının iyulun 26-da yayılan hesabatında da «Azərbaycan Hava Yolları» ASC-də (AZAL) vergi ödəmələri ilə bağlı nöqsanlar aşkarlandığı bildirilirdi. Onda da hər hansı məbləğ qeyd edilmirdi.

XS
SM
MD
LG