Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:12

ANS-in lisenziyası ləğv edildi [Ətraflı]


ANS TV
ANS TV

ANS Müstəqil Yayım və Media Şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziya ləğv olunub.

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində Ülvi Mayılovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Məhkəməyə Milli Televiziya və Radio Şurası (MTRŞ) müraciət etmişdi. Şuranın ərizəsində göstərilib ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materiallar yayımlanıb, telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olub. Məktubda qeyd olunub ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilib.

«MÜSAHİBƏ ALMAMIŞIQ»

«Terrorçuların TRT-1 kanalından yaydığı bəyanat sonradan bir neçə dəfə ANS-də yayımlanıb. Qənirə Ataşova terrorçu kimi tanınan Fethullah Gülen-dən müsahibə alıb. Həmin müsahibə axşam efirində yayımlanacaqdı. Vaxtında dövlət orqanlarının müdaxiləsi nəticəsində müsahibə yayımlanmadı», - Teleradio Şurasının nümayəndəsi Toğrul Məmmədov bildirib.

ANS-in hüquqşünası Sevda Məhərrəmova isə bu telekanalın efirində terrorizmə çağırış xarakterli materialların yayımlanmadığını bildirib: «TRT-1-in aparıcısının bəyanat səsləndirdiyi məlum video Türkiyənin özündə də bir çox kanallarda xatırlatma məqsədilə yayımlanıb. İkincisi, ANS-in əməkdaşı Fethullah Gülen-dən müsahibə almayıb. Pensilvaniya ştatında həmin şəxsin evinin qarşısında mitinq keçirilib, ANS-in əməkdaşları da onu çəkməyə gedib. Həmin vaxt Fethullah Gülen mətbuat konfransı keçirib, Qənirə Ataşova da o tədbirdə iştirak edib. Digər tərəfdən, Türkiyədəki hadisələrlə bağlı ANS-in proqramlarında həm də həmin olayları pisləyən azərbaycanlı deputatların çıxışları, baş verənləri pisləyən fikirlər yer alıb».

S.Məhərrəmova əlavə edib ki, Teleradio Şurasının yayımın dayandırılması barədə 18 iyul tarixli qərarı onlara yalnız indi - məhkəmədə təqdim olunub.

ANS-in vəkili Raqif Mustafayev

Məhkəmə ANS televiziyasının lisenziyasına xitam verdi
Gözlə

No media source currently available

0:00 0:00:11 0:00

«SƏLAHİYYƏT NAZİRLİKDƏDİR»

ANS-in digər nümayəndəsi Raqif Mustafayev Teleradio Şurasının lisenziyanın ləğvindən ötrü məhkəməyə müraciət etmək hüququnun olmadığını bildirib və iddianın mümkünsüz sayılması barədə vəsatət qaldırıb. Vəkilin dediyinə görə, qanunvericiliyə dəyişikliklərdən sonra lisenziyanın ləğvi üçün məhkəməyə yalnız İqtisadiyyat Nazirliyi müraciət edə bilər: «İndiki halda Teleradio Şurası yayıma nəzarət edən orqan kimi buna görə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərdi. Teleradio Şurasının məhkəməyə müraciət etmək səlahiyyəti yoxdur, bu səlahiyyət nazirlikdədir».

Toğrul Məmmədov vəsatətlə razılaşmayıb: «Qanunda yazılıb ki, lisenziyanı verən orqan ləğv edə bilər. ANS-ə lisenziyanı 2013-cü ildə Teleradio Şurası verib».

Vəsatət təmin edilməyib.

Buna da bax - Mirşahin Ağayev: 'İlham Əliyevdən xahiş edirik ki...'

«MƏHKƏMƏ BAXIŞI DAYANDIRILIB»

ANS nümayəndələrinin digər vəsatəti məhkəmə baxışının müvəqqəti dayandırılması haqda olub. Bildirilib ki, hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ANS-lə bağlı araşdırma gedir.

«Bu iş müstəntiq Pərviz İbayevin icraatındadır. Araşdırılır ki, ANS-in efirində həqiqətən kütləvi ixtisaslara çağırış, terrorizmə dəstək olub, yoxsa yox. Araşdırmaların sonunda sübut oluna bilər ki, bu iddialar tamamilə əsassızdır. Ona görə də xahiş edirik, həmin araşdırmalar başa çatana qədər məhkəmə baxışı dayandırılsın», -Sevda Məhərrəmova bildirib.

Teleradio Şurasının nümayəndələri isə bildirib ki, sözügedən araşdırmaların yayıma aidiyyəti yoxdur. Araşdırmaların sonunda ANS-in qanun pozuntusuna yol verdiyi təsdiqlənərsə, bu halda onun təsisçilərinin məsuliyyətə cəlb edilməsi məsələsi ortaya çıxacaq.

Məhkəmə ANS-in bu vəsatətini də təmin etməyib.

Buna da bax - 'Gülənin müsahibəsi ANS-i bağlamağa əsas ola bilməz'

«ŞURANIN XEYRİNƏ ŞƏRH EDİRSİZ»

«Mənə elə gəlir ki, siz bütün qanunları Teleradio Şurasının xeyrinə şərh edirsiniz», - deyə ANS-in vəkili Raqif Mustafayev hakimlər kollegiyasının vəsatətləri təmin etməməsinə etirazını bildirib.

Teleradio Şurasının digər nümayəndəsi Toğrul Mirzəzadə deyib ki, bu məsələdə söhbət təkcə iki xalqın qardaşlığından yox, həm də Azərbaycanla Türkiyə arasında bağlanmış sazişdən gedir: «2002-ci ildə bağlanmış sazişə əsasən, hər iki dövlət üzərinə terrorizm və mütəşəkkil cinayətkarlığa dəstək verən dairələri əməllərindən çəkindirmək öhdəliyi götürüb. ANS-də məlum adama tribuna verildi. Dövlət orqanlarının müdaxiləsinə görə o müsahibə ANS-də efirə getməsə də, başqa qurumlar vasitəsilə yayımlandı. ANS bilərəkdən və ya bilməyərəkdən bu işdə iştirak etdi».

«ŞƏRAİT YARADIN»

ANS-in nümayəndələri qarşı tərəfin ərizəyə əlavə olaraq təqdim etdiyi disklərə məhkəmə baxışı keçirilməsi barədə vəsatət qaldırıb.

«Xahiş edirik, şərait yaradın, qarşı tərəf göstərsin ki, harada zorakılıq xarakterli material yayımlanıb, harada terrorizm dəstəklənib», - Sevda Məhərrəmova bildirib.

Bu vəsatət də təmin edilməyib.

Bundan sonra məhkəmə müşavirəyə gedib və təxminən üç dəqiqə sonra geri qayıdaraq, Teleradio Şurasının iddiasının təmin edildiyini, ANS-in lisenziyasının qüvvəsinə xitam verildiyini açıqlayıb.

Bakı sakinləri ANS TV-nin bağlanması barədə

Bakı sakinləri ANS TV-nin bağlanması barədə
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

XS
SM
MD
LG