Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:44

'Yaxın vaxtlarda dərman zavodunun bünövrəsi də qoyulacaq'


Ruhani və Əliyevin rəsmi görüşü, 07.08.2016
Ruhani və Əliyevin rəsmi görüşü, 07.08.2016

«Azərbaycan və İran beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir. Azərbaycan İrana qarşı sanksiyaların həmişə əleyhinə olub».

APA-nın xəbərinə görə, bunu İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan dövlət başçısı İlham Əliyev deyib.

İlham Əliyev: «Məscidlərimiz dağıdılıb, insanlarımız torpaqlarından qovulub»

Dövlət başçısı bildirib ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: «İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi vurğulanıb. Mən bu gün münaqişənin tənzimlənməsi sahəsində son vəziyyəti İran prezidentinə çatdırdım, danışıqların son durumu barədə geniş məlumat verdim. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Qarabağla yanaşı, ətraf 7 rayon da bu gün Ermənistanın işğalı altındadır. Məscidlərimiz dağıdılıb, insanlarımız torpaqlarından qovulub. Münaqişənin həlli üçün işğalçı qüvvələr işğal edilən torpaqlardan çıxarılmalıdır. Bu, BMT qətnamələrində də əksini tapıb».

Buna da bax: Avtomobil zavodunun təməli atıldı

«Münaqişələr sülh yolu ilə həllini tapmalıdır»

H. Ruhani: «Yaxın vaxtlarda İran texnologiyası ilə çalışacaq dərman zavodunun bünövrəsi də qoyulacaq»

İran Prezidenti Həsən Ruhani də deyib ki, region ölkələrində sülh və sabitliyin bərpa olunacağına inanır. Hər bir problem sülh yolu ilə həllini tapmalıdır.

H. Ruhani qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib: «Regiondakı münaqişələr sülh yolu ilə həllini tapmalıdır. İran Azərbaycan və Ermənistanın qonşusu kimi məsələnin sülh yolu ilə həllinə çalışıb. İranın əlində münaqişənin həlli ilə bağlı imkan olsa, əsirgəməyəcək».

Terrorçuluğa qarşı mübarizədən danışan İran prezidenti bildirib ki, iki ölkə bu sahədə əməkdaşlıq edəcək: «Radikallıqdan uzaq olmalıyıq. Elm və texnologiya sahəsində də əməkdaşlığımız genişlənməlidir».

Ticarət dövriyyəsi 66 faiz artıb

Buna da bax: Şah İsmayıla qələbə qazandıran hərbi bicliyi

İran prezidenti qeyd edib ki, hökumətlərarası birgə komissiya çox uğurla işləyir. Səfər ərəfəsində Neftçalada İran avtomobil zavodunun açılması mühüm hadisədir. Bu il Azərbaycan və İran arasında ticarət dövriyyəsi 66 faiz artıb.

H. Ruhani: «Bu ilin sonuna qədər Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq»

Həsən Ruhani qeyd edib ki, yaxın vaxtlarda İran texnologiyası ilə çalışacaq dərman zavodunun bünövrəsi də qoyulacaq: «Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması üçün də önəmli addımlar atılır. Bu ilin sonuna qədər Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq. Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrasını sürətləndirmək üçün bu gün Memorandum imzalanıb. Azərbaycan tərəfi gələcəkdə bu layihənin maliyyələşdirilməsində iştirak etmək arzusundadır. Bu məsələ sabah Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə də müzakirə ediləcək. Üçtərəfli əməkdaşlıq formatının yaradılması təbiidir. Bunun əsasında tarix, coğrafiya və müştərək layihələr dayanır. Bu, tək ölkələr deyil, qitələr üçün böyük əhəmiyyət daşıyır. Sabah Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı tarixi addımlar atılacaq».

Buna da bax: «Qeyri-peşəkarlıq və korrupsiya Azərbaycan bank sisteminin atributlarıdır»

Viza rejiminin aradan götürülməsi

H. Ruhani: «İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib»

Həsən Ruhani daha sonra da deyib ki, viza rejiminin aradan qaldırılması iki ölkə arasında əlaqələrinin inkişafında mühüm rol oynayar.

Hələ, bir neçə ilə bundan əvvəl İran birtərəfli qaydada Azərbaycan vətəndaşlarından ötrü viza rejimini ləğv edib. Azərbaycan isə viza rejimini saxlayır.

H. Ruhani bildirib ki, Azərbaycanla İran arasında azad ticarət zonasının yaradılmasına da ümid bağlayır: «İki ölkə arasında ticarət sahəsində rüsumların azaldılmasına çalışmaq lazımdır. Sonda iki ölkə arasında azad ticarət zonasının yaradılacağına ümid edirik».

Avqustun 7-də Azərbaycanla İran arasında əməkdaşlığa dair 6 sənəd imzalanıb.

Bura «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması; bitki mühafizəsi, elektron təhlükəsizlik, turizm və başqa sahələrdə əməkdaşlıq məsələləri daxildir.

İran prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycana gəlib.

H. Ruhani: «Sabah Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı tarixi addımlar atılacaq»

Rusiya prezidenti Vladimir Putinin də Azərbaycana gəlişi gözlənilir.

Avqustun 8-də tarixdə ilk üçtərəfli Rusiya, İran, Azərbaycan liderlərinin görüşü olmalıdır. Görüş zamanı iqtisadiyyat, təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizinin statusu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi bildirilir.

Buna da bax: M. Ənsari: Azərbaycan müğənnisi Tehranda konsert verə bilir, Təbrizdə yox

Bundan başqa prezidentlərin ayrı-ayrılıqda bir-birləri ilə də görüşü gözlənilir.

XS
SM
MD
LG