«Azərbaycanda siyasi baxışlarına görə həbs olunan yoxdur. Kimsə qanun pozuntusuna yol verirsə, məsuliyyətə cəlb edilə bilər. Burada onun siyasi kimliyi önəmli deyil».
Bunu «Report»a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O qeyd edib ki, YAP-ın da hansısa üzvü əməlinə görə həbs oluna bilər: «Burada son sözü məhkəmə deyir. Bəzən elə adamların adlarını çəkirlər ki, sanki, dünyaca tanınmışdırlar. Onlar da sadə vətəndaşlardır, fərqləndirməyə ehtiyac yoxdur. Kiminsə siyasi partiya və ya təşkilat üzvü olması onu məsuliyyətdən azad etmir. Hər kəs qanun qarşısında bərabərdir, kim hansı əməli törədirsə, qanun qarşısında cavab verməlidir».
Azərbaycanda hazırda bir çox siyasi şəxslər, bloqqerlər, jurnalistlər həbsdədirlər. Hüquq müdafiə təşkilatları indi ölkədə 100-ə yaxın siyasi məhbusun olduğunu bildirirlər.
Elə, 4 gün bundan öncə REAL hərəkatının icra katibi Natiq Cəfərli vergidən yayınmaqda günahlandırılaraq 4 ay həbs cəzası alıb. Hərəkat onun həbsini siyasi sayır və göstərişin də prezidentdən gəldiyini bildirirlər.
Bundan başqa, avqustun 13-də NİDA Gənclər Hərəkatının üzvü Elgiz Qəhrəman narkotik vasitələri hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma ittihamı ilə 4 aylıq müddətə həbs edilib. Gəncin əqidə yoldaşları onun da siyasi motivlərlə tutulduğunu deyirlər.