Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:12

'Rusiya Azərbaycana hansı silahı verirsə, Ermənistana da onu verəcək'


V.Putin Rusiyanın Gümrü hərbi bazasında
V.Putin Rusiyanın Gümrü hərbi bazasında

Rusiyada çıxan «İzvestiya» qəzetiErmənistana 200 milyon dollarlıq kredit çərçivəsində silah və hərbi texnika satışına başlandığını yazıb. Məqalədə göstərilir ki, bu zaman Azərbaycana satılan silahların Ermənistana da verilməsi ön plana çəkilir.

Ancaq rəsmi Moskva və Yerevan silah və texnikanın çeşid və çatdırılma vaxtı haqqında heç bir açıqlama vermir.

HƏRBİ MÜTƏXƏSSİSLƏR DƏ YETİŞDİRİLƏCƏK

Yazıda deyilir ki, Rusiya tərəfi çatdırılan hərbi texnikadan yararlana biləcək hərbi mütəxəssislərin yetişdirilməsi ilə də məşğul olacaq. Bu məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovvanisian təsdiqləyib.

«İzvestiya»nın yazdığına görə, Ermənistan Rusiyadan «Smerç» sisteminə aid qurğular və sursat, «İqla-S» səyyar zenit raket kompleksləri, «Avtobaza-M» tipli yerüstü radiotexniki kəşfiyyat kompleksləri, «Draqunov» snaypertüfəngləri, yönəldilən 9М113М raketləri, RPQ-26 qumbaraatanları, «Tiqr» zirehli maşınları və rabitə vasitələri almaq istəyib.

Buna da bax - Bu payız Qarabağla bağlı çox məsələ su üzünə çıxa bilər

«YALNIZ NÖQTƏ YATIRIMLARLA...»

Rusiyanın «Eksport voorujeniy» («Silah ixracatı») jurnalının baş redaktoru, hərbi ekspert Andrey Frolov qəzetə deyib ki, Moskva Ermənistana bir qədər əvvəl Azərbaycanın satın aldığı silah dəstini verir. Onun sözlərinə görə, bu silahlar tarazlığı Ermənistanın xeyrinə yaxşılaşdırsa da, Bakı yenə də müəyyən üstünlüyü saxlayacaq: «Ermənistanla Azərbaycanın hərbi büdcələri arasında fərq çox böyükdür. Burada bərabərlikdən danışmaq çətindir. Yalnız nöqtə yatırımların yardımıyla bu uçurumu qorxulu miqyasa çatdırmamaq olar».

«ƏSAS FAKT ODUR Kİ...»

Ermənistanın qloballaşma və regional əməkdaşlıq üzrə analitik mərkəzinin rəhbəri, politoloq Stepan Grigorian-sa dördgünlük aprel savaşında Rusiya siyasətinin «Ermənistanın ciddi güzəştlərə getməsinə» yönəldiyinin apaçıq göründüyünü bildirib: «Əsas fakt odur ki, Rusiya Ermənistanın güzəştə getməsindən ötrü mümkün olan hər şeyi edir ki, Azərbaycanı öz nüfuz dairəsinə - Avrasiya İttifaqına salsın. Burada Rusiyanın siyasəti ciddi dirənişlə üzləşib:..Ermənistan hakimiyyəti yox, Ermənistan cəmiyyəti və Qarabağla Ermənistan ordusu müqavimət göstərdi».

Təhlilçinin dəyərləndirməsinə görə, Rusiya Ermənistan ordusunu da öz nəzarətinə götürmək istəyir. «Aydındır ki, bunu bir günə etmək mümkün deyil, ancaq buna bənzər addımlar buna yönəlib», - Stepan Grigorian bildirib.

Dünən axşam Yerevanda Ermənistan və Rusiya müdafiə nazirləri Seyran Ohanian və Sergei Shoigu-nun görüşü keçirilib. Görüşdən sonra Rusiya müdafiə nazirinin müavini Anatoly Antonov bildirib ki, Rusiya ilə Ermənistan qoşunların birləşmiş qruplaşmasını yaratmaq barədə saziş imzalamağa hazırlaşırlar.

Bundan əvvəl iki ölkənin birləşmiş hava hücumundan müdafiə sisteminin yaradılmasına dair saziş imzalanmışdı.

«Müştərək hava hücumundan müdafiə sistemi yaradıblar. Söhbətin nədən getdiyi aydın görünür. Məmurlarımız nə qədər and-aman eləsələr də, bu gün Ermənistanın hava hücumundan müdafiə sistemi Rusiyanın əlindədir», - Grigorian deyib. O bildirib ki, müştərək Rusiya-Ermənistan qüvvələrinin yaradılması Ermənistan ordusunu neytrallaşdırmaq məqsədi güdür.

XS
SM
MD
LG