Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:35

Olimpiada qurtardı, medalları saymaq vaxtıdır


Beləliklə, Rio de Janeyroda keçirilən növbəti Yay Olimpiadası bu dəfə də Birləşmiş Ştatların böyük uğuru ilə başa çatıb.

ABŞ idmançıları oyunların son günündə də medal cədvəlinə inamla başçılıq edib.

Rio Olimpiadasında ABŞ idmançıları medalların sayına görə birinci olublar
Rio Olimpiadasında ABŞ idmançıları medalların sayına görə birinci olublar

Amerikalılar bu olimpiadada 43-ü qızıl, 37-si gümüş, 36-sı bürünc olmaqla 116 medal qazanıblar.

2012-ci il Olimpiadasında amerikalıların qazandığı 104 medaldan 46-sı qızıl idi.

Medal göstəricilərinə görə Böyük Britaniya komandası üçün Rio Londondan da uğurlu olub. Birləşmiş Krallıq Londonda keçirilən oyunlarda 65 medalla (29-17-19) üçüncü pilləni tutumuşdu, lakin Britaniya Rioda qızıl medalların (27) sayına görə Çindən (26) irəli keçərək ikinci pilləni tutub. Hərçənd ümumi medal sayına görə üstünlük Çində qalıb 70-66.

Çinin məyusluğu

Çin bu Olimpiadada 26 qızıl, 18 gümüş, 26 bürünc medal qazanıb.

Çinlilər öz komandalarının bu uğursuzluğundan bir xeyli məyus olublar. Çinin dövlət mediası komandanın ötən oyunlarla müqayisədə geriləməsini hakimlərin ədalətsizliyi ilə izah edir.

Lakin bir çox ekspertlər bu iddia ilə razılaşmırlar. Əslində Çin Rioya Pekin oyunlarını çıxmaq şərtilə özünün olimpiya tarixində ən böyük heyətini – 710 idmançısını göndərmişdi. Bunların 35-i olimpiya qızıl medalçıları idilər.

Çin Londonda 38-i qızıl olmaqla 88 medal almışdısa, Rioda onun 70 medalından yalnız 26-ı qızıl olub.

Rusiya 4-cü yerə sevinib

Rusiya 2012-ci il Olimpiadasında da 4-cü yeri tutmasına baxmayaraq, bu dəfəki 4-cü yeri bayram kimi qeyd edir.

Ritmik gimnastlar Margarita Mamun (sağda) və Yana Kudryavtseva Rusiyaya 1 qızıl, 1 gümüş medal qazandırıblar
Ritmik gimnastlar Margarita Mamun (sağda) və Yana Kudryavtseva Rusiyaya 1 qızıl, 1 gümüş medal qazandırıblar

Rusiya mediası bildirir ki, Rusiya komandası dopinq qalmaqalına görə “Qərbin qərəz və təzyiqi” ilə üzləşsə də, psixoloji baxımdan özünü toparlaya bilib. Beləki, əksər Rusiya idmançılarının bu oyunlarda iştirak edib-etməyəcəyi son ana qədər bilinmirdi.

Buna baxmayaraq Rusiya 17-si qızıl, 17-si gümüş olmaqla 53 medalla 4-cü yeri əldən verməyib.

Cədvəldə Rusiyadan sonra – 5-ci pillədə Almaniya gəlir. Almaniya 17 qızıl, 10 gümüş olmaqla 41 medal qazanıb.

Keçmiş sovetlər

Keçmiş sovet respublikaları arasında ən yaxşı göstəricini Qazaxıstan əldə edib. Qazaxıstanın Rio olimpiadasında qazandığı 17 medaldan 3-ü qızıl, 5 isə gümüşdür. Qazaxısdtan medal cədvəlində 20-cipilləni tutub.

Qazaxıstan London Olimpiadasında 7 qızılla 12-ci yeri tutumuşdu.

İkinci daha yaxşı göstərici Ukrayna olimpiyaçılarına aiddir. Ukrayna 2-sı qızıl, beşi gümüş olmaqla 11 qızıl medal alıb və medal cədvəlində 27-ci pilləni tutub. Ukrayna Londonda 6 qızıl medalla 14-cü idi.

31-ci pilləni tutan Özbəkistanın 9 medalından 2-si qızıl, 2-si gümüşdür.

36-cı pillədə 7 medalla Gürcüstan qərar tutub. Gürcülər 2 qızıl, 1 gümüş medal əldə ediblər.

Azərbaycan 30-dan 38-ə

38-ci yerdə olan Azərbaycanın 15 medalından yalnız 1-i qızıl, 4-ü gümüşdür. Lakin ümumilikdə 15 medal qazanmış Azərbaycan medalların sayına görə “keçmiş sovetlər” arasında yalnız Qazaxıstandan geri qalır.

Rio 2016-da Azərbaycana yeganə qızılı taekvondoçu Radik İsayev qazandırıb
Rio 2016-da Azərbaycana yeganə qızılı taekvondoçu Radik İsayev qazandırıb

2012-ci ildə keçirilmiş London Olimpiadasında Azərbaycan 2 qızılla 30-cu pilləni tutmuşdu.

Belarus 39-cu yeri tutub və onun “qızıl və gümüş göstəriciləri” Azərbaycanda olduğu kimidir. Belaruslar ümumilikdə 9 medal qazanıblar.

41-ci pillədə qərarlaşan Ermənistanın 4 medalından 1-i qızıl, 3-ü gümüş olub.

Tacikistan 1 qızıl medalla 58, Litva 1 gümüş, 3 bürünclə 63, Estoniya 1 bürünclə 79, Moldova 1 bürünclə 81-ci pilləni tutublar.

Yeri gəlmişkən, Estoniya və Moldova Avstriya ilə başlanıb Birləşmiş Ərəb Əmirlikləri ilə bitən son onluqdadır.

XS
SM
MD
LG