Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:59

Qiymətlərin qalxmasını qaçılmaz edən budur- Ekspert


►İnflyasiya səviyyəsi rəsmi rəqəmlərdə ifadə olunduğundan artıqdır

Hökumət 2009-cu ildən 2016-cı ilə kimi inflyasiyanı təkrəqəmli həddə saxlamağı bacardı.

Bu ilin əvvəlindən isə orta illik inflyasiya bütün aylar üzrə 10%-dən yuxarı olub.

Təbii ki, burda da devalvasiyanın nəticəsi olaraq, idxal inflyasiyasının təsiri böyükdür.

Valyuta məzənnəsi inflyasiyaya necə təsir göstərir?

Valyuta məzənnəsi inflyasiyaya əsasən idxal qiymətləri vasitəsilə təsir göstərir.

Milli valyutanın məzənnəsi xarici valyutalara nəzərən yüksəldikdə idxal qiymətləri ucuzlaşır, düşdükdə isə, əksinə, idxal malları bahalaşır. Hazırda manat xarici valyutaya ucuzlaşdığına görə, deməli idxal malları bahalaşır.

Nəzərə alaq ki, Azərbaycan gündəlik vacib tələbat olan sayılan ərzaq məhsullarının idxalından asılıdır.

Buna da bax-'Bu vəziyyət növbəti kəskin devalvasiyadan xəbər verir'

Məsələn, fərz edək ki, idxal olunan hər hansı məhsulun qiyməti 100 ABŞ dolları, 1 dolların manata nəzərən məzənnəsi isə 0.8 manatdır (və ya 1 manat 1.25 dollardır). Bu halda, həmin idxal malının manatla dəyəri 80 manat olacaq. Manat dollara nəzərən möhkəmlənərsə, məsələn, 1 ABŞ dollarının məzənnəsi 0.8-dan 0.7-ə enərsə, onda idxal malının qiyməti də 80 manatdan 70 manata enəcək.

Dolların məzənnəsi 0.7-dan 1 manata yüksəldiyi halda isə idxal malının qiyməti 70 manatdan 100 manata yüksələcək. Daxili istehlak bazarında idxal mallarının çəkisi nə qədər çox olarsa, məzənnənin ümumi inflyasiya səviyyəsinə təsiri də bir o qədər ciddi həddədir.

“İnflyasiya rəsmi rəqəmlərdəkindən artıqdır”

İqtisadçı ekspert Rəşad Həsənov xatırladır ki, iyulda inflyasiya 10.6% olub:

“2016-cı ilin ilk yeddi ayında orta hesabla təxminən 11.2% inflyasiya olub. Ancaq müşahidələr onu deməyə əsas verir ki, inflyasiya səviyyəsi rəsmi rəqəmlərdə ifadə olunduğundan artıqdır”.

Ekspert əlavə edir ki, adətən inflyasiya iki səbəbdən – alıcılıq imkanlarının sürətlə artması və yerli valyutanın dəyər itirməsi fonunda mal və xidmətlərin bahalaşmasından baş verir.

Onun qənaətinə görə, hazırda Azərbaycanda ikinci səbəbdən qaynaqlanan inflyasiya, yəni idxal inflyasiyası baş verir:

“Bu hal- hazırki iqtisadi şərtlər daxilində qaçılmazdır. Başqa sözlə, xaricdən ölkəyə gətirilən xammal və yaxud son istehlak təyinatlı məhsulun dəyəri xarici valyuta ilə (adətən ABŞ dolları ilə) ödənilir ki, bu da artıq məhsulun maya dəyərini artırır”.

Buna da bax-Ekspert: Manat gerçək dəyərini tapana qədər 'uçacaq'

Əhalinin gəlirlərini və yığımlarını dəyərsizləşdirir

Ekspert bildirir ki, qısa və orta müddətli dövrdə idxal inflyasiyasını yalnız inzibati üsullarla tənzimləmək olar ki, bu da sonradan daha neqativ nəticələrə - qıtlığa səbəb ola bilər:

“İdxal inflyasiyasını yalnız yerli istehsalın genişləndirilməsi və daha çox zəruri tələbat mallarının yerli istehsalının təşviq etmək yolu ilə azaltmaq olar. Lakin nəticələrin əldə edilməsi uzun zaman tələb edir ki, bu da cari qayğıların yumşaldılmasına təsir imkanında deyil”.

Yüksək inflyasiyanın mənfi cəhətləri çoxdur. İlk növbədə, əhalinin gəlirlərini və yığımlarını dəyərsizləşdirir. Eyni zamanda yüksək inflyasiya iqtisadiyyatda qeyri-müəyyənliklər yaradaraq potensial investorları sərmayədən çəkindirir. Beləliklə, yüksək inflyasiya uzunmüddətli dövrdə iqtisadi artımı ləngidir və əhalinin sosial rifah halına mənfi təsir göstərir.

XS
SM
MD
LG