Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:42

İlham Əliyev: 'Yardım almırıq, yardıma ehtiyac duymuruq'


Foto arxiv. İlham Əliyevin Mingəçevir həkimləri ilə görüşü.
Foto arxiv. İlham Əliyevin Mingəçevir həkimləri ilə görüşü.

«Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq. Ona görə də daxili resursları artırmalıyıq. Azərbaycan dövlətinin siyasəti bundan ibarətdir. Bizim çox böyük potensialımız var. Sadəcə olaraq, biz bu potensialdan 100 faiz istifadə etməliyik. Sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, sahibkarlıq, şəffaflıq inkişaf etməlidir».

Prezident İlham Əliyev sentyabrın 3-də Biləsuvarda yenidən qurulan Mərkəzi Rayon Xəstəxanasında kollektivlə görüşündə belə deyib.

Bu haqda ölkə başçısının rəsmi internet saytı xəbər verir.

Prezident iqtisadiyyatın bütün sahələrini inkişaf etdirməklə, neftdən asılılığın tamamilə aradan qaldırılmalı olduğunu vurğulayıb.

SƏHİYYƏ İNFRASTRUKTURU QURULUB, İNDİ ƏSAS MƏSƏLƏ KEYFİYYƏTLİ XİDMƏTDİR

İ.Əliyev səhiyyə infrastrukturunun inkişaf etdirilməsi yönündə görülən işlərdən danışıb: «Bu zonada, həmçinin ölkəmizin bütün bölgələrində yeni xəstəxanalar ya tikilib, ya da ki, əsaslı təmir olunub. Son 13 il ərzində 600-dən çox tibb ocağı yenidən qurulub, tikilib. Bu, səhiyyə sistemimizin inkişafı üçün çox böyük uğurdur, böyük nailiyyətdir və nəticədir. Bakı şəhərində isə ən böyük xəstəxanalar tikilib, təmir edilib».

Buna da bax-İlham Əliyevin bir iradı və bir arzusu

Prezident bildirib ki, səhiyyə sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi işi demək olar ki, başa çatır. «İndi əsas məsələ ondan ibarətdir ki, insanlara keyfiyyətli xidmət, qayğı göstərilsin. Bu istiqamətdə də işlər gedir. Əminəm, yeni müasir avadanlıqla işləyə bilən həkimlər də təcrübə toplayıblar, kurslar keçiblər ki, xəstələrə yaxşı xidmət göstərsinlər», -prezident deyib.

AZƏRBAYCAN XALQI DAHA DA SAĞLAM OLMALIDIR

İ.Əliyev qeyd edib ki, insan sağlamlığını şərtləndirən bir neçə amil var.

Buna da bax-Kefin necədir, rayon xəstəxanası?

«Onların arasında, əlbəttə ki, tibbi xidmət birinci yerdədir. Artıq bir neçə ildir Azərbaycanın bütün bölgələrində diaqnostika işləri aparılır, tibbi müayinə proqramı icra edilir. Hər il milyonlarla insan pulsuz müayinədən keçir, onların xəstəlikləri aşkarlanır və sonra müalicə təyin edilir», - deyən ölkə başçısı əlavə edib ki, hər bir vətəndaş ildə bir dəfə diaqnostikadan keçməlidir:

«Bütün imkanlar var. Qan analizləri, ultrasəs, rentgen. İndi həkimlərin tövsiyəsi ilə hər bir vətəndaş özünə yaxşı baxmalıdır. Bu, ilk növbədə vətəndaşın özünə lazımdır. Digər tərəfdən, Azərbaycan xalqı daha da sağlam olmalıdır».

İ.Əliyev sentyabrın 3-də cənub bölgəsinə səfər edib. O, Masallı, Biləsuvar, Salyan rayonlarında olub. Həmin rayonlarda xəstəxanaların, avtomobil yollarının, su kəməri xətlərinin açılışında iştirak edib.

Buna da bax-Ağır xəstə məşhur adam olmayanda…

Azərbaycanda dövlət səhiyyə müəssisələrində tibbi xidmət pulsuzdur, ancaq tez-tez mediada, sosial şəbəkələrdə insanların qanunla onlara düşən pulsuz tibbi xidmətdən yararlana bilmədiyi ilə bağlı şikayətlər eşidilir. Vaxtaşırı müxtəlif xəstəliklərdən müalicəyə və ya əməliyyata ehtiyacı olan şəxslər üçün sosial şəbəkələr vasitəsilə ianələr toplanır.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda səhiyyə sahəsində ciddi islahatlara ehtiyac var və ilk növbədə icbari tibbi sığorta sistemini işə salmaq lazımdır.

İcbari tibbi sığorta haqqında qanun 10 ildən çoxdur ki, qəbul olunub və əvvəllər bu sistemi işə salmaq üçün müəyyən qədər vəsait də ayrılıb. Ancaq vəsait təyinatı üzrə işlənmədiyi üçün yenidən büdcəyə qaytarılıb.

XS
SM
MD
LG