Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:35

Nardaran dustaqları etiraz etdi


Foto illüstrasiya
Foto illüstrasiya

«Müsəlman Birliyi Hərəkatı»nın sədri, ilahiyyatçı Taleh Bağırov və Nardaran işi üzrə həbs olunan daha 16 nəfərin, eləcə də AXCP sədrinin müavini Fuad Qəhrəmanlının işi üzrə məhkəmə prosesi davam edir.

Ötən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən bir neçəsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahlar Cəfərovun onlara ağlasığmaz işgəncələr verdiyini bildirərək, dindirməsi başa çatanda, ona dəmir barmaqlıqlar arxasından ayaqqabılarını atıblar.

MƏKKƏDƏ ŞEYTANA DAŞ ATMAQ

Bununla bağlı sentyabrın 8-də məhkəmə zalında əlavə tədbirlər görülüb - vəkillərin hər birinin yanında (onlarla dəmir qəfəsdə olan təqsirləndirilən şəxslərin arasında) Penitensiar Xidmətin əməkdaşları, xüsusi təyinatlılar əyləşib.

Buna da bax-Nardaran işi: 'Cinsiyyət orqanımı tapdalayan bu idi'

Təqsirləndirilən şəxslər də, onların vəkilləri də buna etiraz edib. Təqsirləndirilən Abbas Hüseynov bildirib ki, dünənki hadisədən sonra Kürdəxanı təcridxanasının rəhbərliyinə də onların cəzalandırılması barədə göstəriş verilib: «Ayaqqabı atmaqla etiraz praktikası bütün dünyada var. 2013-cü ildə mən özüm apellyasiya məhkəməsinin hakimi Mirpaşa Hüseynovun ədalətsizliyinə etiraz olaraq, ona ayaqqabı atmışdım. Keçən dəfə biz Şahlar Cəfərova plastik su butulkası atmışıq deyə, o vaxtdan bizə su verilməsinə qadağa qoymusuz. Bəlkə ağzımıza da yapışqan vurasız. Bizim ayaqqabı atmağımız qəbahət ola bilər, amma o adamların etdikləri zülmlər bağışlanmazdır. Ayaqqabını qeyri-ixtiyari atmışam, amma bunun da anlamı var. Keçən il azadlıqda olanda planlaşdırırdıq ki, bu il Həcc ziyarətinə gedək. İndi burada şeytan xislətli adama ayaqqabı atmaq Məkkədə şeytana daş atmaq kimi bir şeydir».

«SUYA QADAĞA QOYULMAYIB»

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, kiminsə cəzalandırılmasına göstəriş verməyib: «Suya da qadağa qoyulmayıb. Plastik stəkanda su verilə bilər».

Ardınca vəkillər Yalçın İmanov, Nemət Kərimli və digərləri yanlarında əliavtomatlı xüsusi təyinatlıların əyləşməsinə etiraz edib, bildiriblər ki, bu, təqsirləndirilən şəxslərlə müdafiəçilərinin konfidensial məsləhətləşməsini mümkünsüz edir.

Buna da bax-Nardaran işi: 'Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'

Hakim bunu təhlükəsizlik tədbiri adlandırıb və məhkəməyə aidiyyəti olmadığını bildirib. Amma bu cavab təqsirləndirilən şəxsləri qane etməyib.

«Bu adamların burada oturması müdafiə hüququnun kobud şəkildə pozulmasıdır. Əliavtomatlı xüsusi təyinatlıların burada oturması güc nümayişidir. Vəkillərlə aramızda sədd çəkmisiz. Aradan qaldırmasaz, biz də etiraz edəcəyik», - Fuad Mustafayev bildirib.

«AVTOMOBİL QAYTARILSIN»

Hakim bir daha bu məsələnin onlara aidiyyəti olmadığını deyəndən sonra təqsirləndirilən şəxslər etiraz olaraq, üzlərini divara çeviriblər. Vəkillərindən də heç nə danışmamağı, dindirilən polislərə heç bir sual verməməyi tələb ediblər.

Bu etiraz aksiyasından sonra hakim Penitensiar Xidmətin xüsusi təyinatlılarına vəkillərin ətrafından çəkilmək barədə göstəriş verib.

Təqsirləndirilən şəxslərdən Zakir Mustafayevin vəkili Abil Bayramov müdafiə etdiyi şəxsin avtomobilinin qaytarılması barədə vəsatət verib: «O avtomobil nə hər hansı cinayətin predmeti olub, nə cinayət yolu ilə əldə olunub. Xahiş edirik, avtomobilin qanuni sahibinə qaytarılması barədə qərar verəsiniz».

Buna da bax-Taleh Bağırov: 'Kimdənsə 1 manat aldığımı sübut eləsələr...'

Hakim bildirib ki, bu məsələ araşdırılacaq.

Məhkəmə iclasında daha sonra BMCMİ-nin əməliyyatçısı Vüqar İsgəndərov həm şahid, həm də zərərçəkmiş şəxs qismində ifadə verib.

«GÖZLƏDİK, NAMAZLARINI BİTİRSİNLƏR»

Nardaranda keçirilən əməliyyatdan danışan polis bildirib ki, o, Əli adlı şəxsi zərərsizləşdirib və onun üzərindən bıçaq, beşbarmaq və partlayıcı maddə götürüb: «Biz əməliyyata iki maşınla getdik. Əvvəlcə gözlədik ki, namazlarını bitirsinlər. Biz içəri girəndə partlayış oldu. Çölə çıxanlar da atəş açırdı».

Şahid hadisə zamanı mənəvi zərər çəkdiyini bildirib.

Təqsirləndirilən Əli Nuriyev bildirib ki, saxlanılarkən ona 7 rezin güllə vurulub: «Əgər bu adam məni tutub yerə yıxıbsa, o güllələr mənə haradan dəyib?».

Məhkəmə prosesi fasilədən sonra davam edəcək.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilənlər bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

XS
SM
MD
LG