Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiada Oyunlarında Azərbaycan atleti Yelena Çebanu və üzgüçüsü Dmitri Saleh Azərbaycanın hesabına daha iki gümüş medal qazandırıblar.
AZƏRTAC xəbər verir ki, Y.Çebanu uzunluğa tullanma yarışlarında 5.56 metr nəticə göstərərək gümüş medala sahib olub.
Bu Yelena Çebanunun Rio-de-Janeyroda qazandığı üçüncü medaldır. O, bundan əvvəl 100 metr məsafəyə qaçışda gümüş, 200 metr məsafəyə qaçışda isə bürünc medal əldə etmişdi.
Azərbaycan üzgüçüsü Dmitri Saleh isə yarış məsafəsini 1:08.80 saniyəyə qət edərək komandanın hesabına daha bir gümüş medal qazandırıb.
Bununla Azərbaycan Paralimpiya yığmasının Rio-de-Janeyroda medallarının ümumi sayı 8-ə çatıb.
Buna qədər Azərbaycan idmançıları 1 qızıl, 3 gümüş və 2 də bürünc medal əldə etmişdilər.
Sentyabrın 8-də Braziliyanın Rio-de-Janeyro şəhərindəki «Marakana» stadionunda XV Yay Paralimpiya Oyunlarının açılışı olub. Yarışlar sentyabrın 18-də başa çatacaq.