Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:16

'Borçalı ədəbiyyatında insan iştirak eləmir, dağ var, gül var, bülbül var'


Gürcüstanlı şair Coşqun Cəfər.
Gürcüstanlı şair Coşqun Cəfər.

-

Gürcüstan Azərbaycanlılarının mədəni mühiti indi son 20 ildə ən qaynar dövrünü yaşayır. Demək olar ki, Borçalı cəmiyyəti mühafizəkarlar və liberallar arasında bölünüb. Gürcüstan Azərbaycanlısı şair Coşqun Cəfər Oxu Zalına yaşadığı cəmiyyətin xüsusiyyətlərini, mədəni yenilikləri, Borçalıda yaşanmaqda olan mədəni və siyasi oyanışdan danışır.

- Coşqun, öncə səni Oxu Zalının oxucularına təqdim etmək istərdim. Gürcüstanda yaşayan gənc şairsən, amma bildiyim qədərilə şeir yazmağa başlamazdan əvvəl uzun müddət dini elmləri öyrənmisən.

- Bəli, İranın Qum şəhərində, Əl-Mustafa Universitetində təhsil almışam.

- Ora necə gedib çıxmışdın?

- Tbilisidə mədrəsə vardı. İlk təhsilimi orda almışam uşaq vaxtı. Uşaq vaxtından deyəndə 6-9-cu sinifdə idim məktəbdə. Mədrəsəyə getdim, üç il orda oxudum. Təbii ki, məktəblə paralel. Həftənin bir neçə gününü mədrəsəyə gedirdim, bir neçə gün məktəbə. Şərq dillərinə marağım vardı.

- Dinə olan bu maraq necə yaranmışdı?

- 90-cı illərdə sovetlər dağılandan sonra ölkəmizə missionerlər gəlməyə başlamışdılar. Bizim bölgələrə də gəlmişdilər. Mədrəsələr açırdılar, ruhanilər təbliğat aparırdılar. Mən də onların vasitəsilə getdim mədrəsəyə. O aralar

Coşqun Cəfər Gürcüstanda Azərbaycanlılarının yaratdığı "Düşünən vətəndaş" təşkilatının mühazirəsində.
Coşqun Cəfər Gürcüstanda Azərbaycanlılarının yaratdığı "Düşünən vətəndaş" təşkilatının mühazirəsində.

uşaq idik. Bir də burda alternativ dünyagörüşləri yox idi. Sonra mədrəsədən bəzi uşaqları seçdilər. İmtahan verdik. Mən də qəbul olunanların içində idim, getdim İrana. Bizə islamla bağlı elmləri öyrədirdilər. Təbii ki, daha çox şiəmərkəzçi dərslər keçilirdi. Orda da fakultələr var. Yəni islamın öz içində olan fakultələr – fiqh- yəni şəriət, fəlsəfə, islam tarixi, Quranın təfsiri və başqa müxtəlif fakultələr. Mən fəlsəfə fakultəsində oxumaq istəyirdim. Daha çox şərq-islam fəlsəfəsilə maraqlanırdım. O vaxtkı düşüncəmlə baxanda təhsil səviyyəsi ideal görünürdü. Amma sonra alternativləri mütaliə eləyəndə... Sadəcə Avropa filosoflarını yox, şiəliyin, islamın öz içində olan alternativ müəllifləri, filosofları, sxolastikləri oxuyanda baxdım ki, ordakı təhsil məhduddu. Tədris olunan islam hökumətin, İran dövlətinin ideoloji islamı idi. Tələbələri də təbliğat məqsədilə həm maddi, həm mənəvi olaraq kifayət qədər təşviq eləyirdilər.

Buna da bax: 'Borçalıda ədəbiyyat və məktəb dərdi...'

- Yəni sizdən dinin təbliğatçılarını hazırlayırdılar?

- Bəli. Amma mən Qumdan kənara çıxıb Tehran və İranın başqa şəhərlərinin universitetlərinin tələbələri ilə əlaqə yaradaraq tapmışdım alternativ müəllifləri. Məsələn, doktor Suruc var. Rassional islam filosofu sayılır. Doktor Şəriəti var. Fransada Sarbonnada təhsil alıb. Cəmaləddin Əfqani, Məhəmməd İqbal, Darus Şayeqan var və s. Sistemə uyğunlaşmayan, ideolojiləşməmiş islam filosofları. Birinci, onlarla tanış oldum. Din elə bir şeydir ki, ona birinci emosional olaraq bağlanırsız- sadəcə peşə kimi yox, duyğusal olaraq. Emosional bağlılıqdan qurtulmaq çətindi. Mərhələ-mərhələ olur bu.

- Bəs dindən necə uzaqlaşa bildin?

Qumdakı muhitə dostlar arasında “istedad qatilləri” deyirdik!

- Məni ədəbiyyat dəyişdi. Tbilisidə yaşamağım mənim üçün avantaj oldu. Hələ Quma getməmiş məndə ədəbiyyata maraq başlamışdı. Yazmaq istəyirdim. Mədrəsəyə gələndən sonra Tbilisi ilə tanış oldum. Özü də Ortacalada (Tibilisidə yer adı - red) idi mədrəsə. Axundov, Mirzə Cəlil... Bu adları eşitdikcə cəlb eləyirdi, bir-bir tapıb oxuyurdum. “Kəmalüdövlənin məktubları”nı onda oxudum. Amma oxuyanda ürpəşirdim. Çünki “Kəmalüddövlə” mədrəsədə öyrədilənlərə zidd idi. Axundov söyürdü, mən inanırdım. Ona görə də Axundovu yalnız bir dramaturq kimi özümə yaxın buraxırdım, fikir adamı kimi yox. Mirzə Cəlil, Cəfər Cabbarlı da eynilə.. Yalnız ədəbiyyatçı kimi baxırdım onlara. Sonra İrana getdim. Orda birinci və ikinci ilim fanat kimi keçdi. Dua kitabları əlimdən düşmürdü. Mən orda şeirlər yazırdım. Amma dini şeirlər. Universitetdə deyirdilər ki, şeir yazmaq haramdı və s. Bu cür sözlər məndə əks effekt verirdi, suallarım yaranırdı. “Niyə haramdı, mən ki, dini şeirlər yazıram, Peyğəmbəri, Allahı mədh eləyirəm” deyə fikirləşirdim. Artıq suallar verməyə başlamışdım. Bir keçmiş rəssam dostum vardı. Keçmiş rəssam deyirəm, çünki adam orda olanda yaradıcılığı dondurulmuş, bütün yaradıcı ehtirası ölmüşdü. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdi, Quma gedəndən sonra rəssamlıq haramdır qadağası onun istedadını qurutmuşdu. O muhitə dostlar arasında “istedad qatilləri” deyirdik! O mənə israrla deyirdi ki, ədəbiyyatı buraxma, bunlara qulaq asma, çıx get... Fars dilindən tərcümələrlə məşğul olan başqa Maqsud adlı dostum vardı. Kifayət qədər açıq fikirli, ədəbiyyat oxuyan. Onun kimilərinə orda bir az çəp baxırdılar. O, mənə məsləhət verirdi ki, tərcümə ilə məşğul olanda ədəbi zövqümün olmaması tərcümənin quru alıması ilə nəticələnir, sən ədəbi zövqünü qoru və ədəbi potensialını ifadə edə biləcək muhitə get. Bir az bu bir-iki fərqli dostun praktiki məsləhəti, yasaqlarla sualların artması daxili sıxıntını hər gün bir az da çoxaldırdı. Hədislərə inamım itməyə başlamışdı. İslamı qəbul eləyirəmsə, islam düşüncəli ilə yaşayıramsa, bunları rassional olaraq yaşamaq, məntiqlə inanmaq istəyirdim, dindən uzaqlaşmaq fikrim yox idi. Amma o məntiqi tapmayanda Qum məni sıxmağa başladı. Qəzvində beynəlxalq universitet var, ordan tələbə dostlar tapdım. Sonra fars şairlərinin ədəbiyyat gecələri olurdu, onlarla əlaqə yaratdım. İran xalqı da – müqəddəs, dini şəhərlər xaricində üzdə deməsələr də, zidd-inqilabdılar. Alternativ müəllifləri oxuyan, onları qəbul eləyən adamlardılar. Şeir məclislərinə getdikcə, o adamlarla danışdıqca, şeirə, ədəbiyyata olan həvəsim artdı. Üstəlik müqəddəs saydığım islamın siyasiləşdiyini gördüm. Nə qədər Azərbaycan tələbəsi vardı, öz vətənlərindən daha çox irançı idilər. Onda artıq internetdə Azərbaycanı izləməyə, alternativ fikirləri oxumağa başladım. “Alma” qəzeti çıxdı. Amma bir nüansı deyim. Onda özümü o müəlliflərə cavab yazmaq üçün yetişdirirdim. Ağalar Məmmədova, Güntay Gəncalpa.. Orda bizi buna təşviq eləyirdilər. Amma oxumaq məni başqa yerlərə apardı. İkinci ildən sonra artıq sıxılırdım orda. Ona görə də təhsilimi yarım illik dondurdum və Bakıya getdim. Birinci əruzçuların içinə düşdüm, onlar irfandan danışırdılar. Mən bütün bunları İranda eşitmişdim. Ordan da sıxıldım, sonra Qismətgillə (Qismət Rüstəmov-red) tanış oldum. Onlarla Azərbaycan Yazıçılar Birliyinə getdim - onda Anar, Elçin mənə parlaq görünürdülər – AYB-də gənc ədiblər məktəbi vardı, ora gedirdim. Bir gün Elmlər metrosuna düşəndə Murad Köhnəqalanı gördüm, onunla tanış olduq. Mənə dedi ki, sabah nəşriyyata gələrsən. Getdim. Qan Turalı və başqaları ilə tanış oldum – yəni AYO-çularla. Dediyim odu ki, mənim dindən qırılmam mərhələ-mərhələ oldu. Sonra İrana qayıtdım. Mənim üçün artıq hər şey bitmişdi. Təhsilimi formal olaraq davam eləyirdim, ruhani olmayacaqdım. Dərsləri imtahandan- imtahana oxuyurdum, bütün vaxtımı ədəbiyyata, mütaliəyə sərf eləyirdim. Bakıdakı bütün ədəbi mənbələri oxuyurdum – “Alma” qəzeti, “Alatoran”, “Proloq” qəzeti və s. Ara-sıra çap, dərc də olunurdum.

Buna da bax: 'Qan qalmayıb damarlarında, Bakı. Əmir səni əjdahalar...'

- Bir ara “Renessans” adlı bir qrup yaratmışdınız. Deyəsən, Gürcüstanın din adamları ilə aranızda qovğaya da səbəb olmuşdu bu qrup. Fəaliyyətiniz davam eləyirmi?

- İrandan qayıdandan sonra Gürcüstana gəldim. Burda azərbaycandilli mətbuat yox idi. Olanlar da faşistlik dərəcəsində millətçidilər. “Varlıq” adlı bir qəzet vardı. Uşaqlar - Aidə Tağıyeva, Aydan Yusubova orda yazırdılar.

Onlarla tanış oldum. Təsəvvür edin: Cavansınız, beyin qanlıdı, yazmaq, tənqid eləmək istəyirsiniz. Amma qəzet bizə məhdudiyyətlər qoymağa başladı. Yazılarımızı qayçılayırdılar, dindarlardan və s. idealojitəzyiqlərdən qorxurdular. Deyirdilər ki, belə yazmayın, düşmən qazanacaqsınız. Onda qərara gəldik ki, özümüz bir sayt yaradaq və marjinal – necə fikirləşiriksə, elə yazaq. “Renessans” belə yarandı.Birinci ədəbiyyat klubu yaratdıq. “Yeni nəfəs” adlı sayt və jurnal təsis etdim. Burdakı yaradıcı gəncləri bir yerə topladıq. Bir müddət həmin sayt və jurnalla özünü ifadəmiz baş tutdu. Amma qrupda da düşüncə və fikir ayrılıqları mövcuddu. Bizim bəzi dırnaqarası ziyalılara, siyasilərə və cəmiyyətə dəyər kimi sırınan normalara qarşı marjinal mövqeyimiz qrupdaki dostları narahat etməyə başlamışdı. Bəziləri də cəmiyyətdəki süslü adı, nüfuzu və hörmətinin zədələnməsinə görə narahat idilər. Bizim isə itirəcək heç bir şeyimiz yox idi, düşüncələrimizi və hisslərimizi bağlayan zəncirlərdən başqa. Beləcə qrupda parçalanma baş verdi və Renessansın yaranma zərurəti ortaya çıxdı. Saytı yaratdıq, yazılar yazmağa başladıq. Artıq tək idik və cəmiyyətdəki təyinatımız “millətin lənətlənmiş övladları” idi. Belə dəstəksiz və təcrid olunmuş bir vaxtda saytı yaratmaqda Günel Mövlud, həyat yoldaşı Hacı bizə mənəvi dəstək oldular. Loqomuzu Hacı hazırlamışdı. Gündüz Ağayevdən xahiş elədik ki, saytımız üçün bir karikatura çəksin. Dedi ki, yazılarınızı göndərin, baxım, görüm siz nə düşünürsüz, ona uyğun çəkim. Mənim sayt üçün yazdığım giriş yazısının epiqrafında Nəsimidən bir beyt vardı:

“Ey bülbüli-qudsi, nə giriftari-qəfəssən?
Sındır qəfəsi, tazə gülüstan tələb eylə”.

Mən onu dekonstuksiya etmişdim: “ey yeni gənclik, nə giriftari-qəfəssən, sındır qəfəsi, tazə Gürcüstan tələb eylə”.

Gündüz də qəfəsi sındırıb elmə doğru gedən gəncləri rəsm eləmişdi. Sayt hələ açılmamışdı, amma biz onu səhifədə paylaşdıq. Onda da Charli-hebdo hadisələri təzə baş vermişdi. Burdakı mühafizəkarlar dedilər ki, biz Fransaya reaksiya bildiririk, burda qulağımızın dibində məscidi təhqir eləyirlər. Güya qəfəs məscid şəklində imiş. Birinci hücum dalğası onda oldu. Sonra sayt açıldı, yazılarımız çıxdı. Məmurları, saxta ziyalıları, geydirmə dəyərləri, bütün saxtakarlıqları tənqid eləyirdik. Onlar da birləşdilər və bizə qarşı qaralama kampaniyası başladı. Bizi din düşməni, xalq, vətən düşməni elan elədilər. Karikaturanı silməyimizi tələb eləyirdilər. Söydülər, ölümlə hədələdilər. Təhdidlər sürəkli hal alanda polisə bildirdik və məsələni ictimailəşdirdik. Onda da cəmiyət onlarla bir olub üstümüzə gəldi. Təzyiqlər artdıqca bəzi üzvlərimizdə ruh düşkünlüyü yarandı. Aidə istisna. Bunlar elə bilir ki, sayt dayanıb deyə biz tükəndik, barıtımızı atıb, bitdik. Renessans bizim alın yazımızdı. Biz hələ əsl yazacaqlarımızı yazmamışıq. Mövqeyimiz də dəyişməz və sarsılmazdır. Yaxın günlərdə sayt yeni dizaynda fəaliyyətə başlayacaq və biz durduğumuz yerdən davam edəcəyik...

- Coşqun bəy, Borçalı bir mədəniyyət və həyat tərzi olaraq necə yerdi? Təkcə Borçalı yox, ümumiyyətlə, Gürcüstan azərbaycanlılarının yaşadıqları bölgə.

Borçalı cəmiyyəti daha çox folklora, aşıq sənətinə meylli, qapalı cəmiyyətdi. Kifayət qədər dindardı. Dini dünyagörüşü də məhduddur.

- Daha çox folklora, aşıq sənətinə meylli, qapalı cəmiyyətdi. Kifayət qədər dindardı. Dini dünyagörüşü də məhdud. Qətiyyən yeni fikrə açıq deyillər. Hərçənd gəncləri istisna eləmək olar. Bir cəmiyyət nə vaxt ölü cəmiyyət olur? Orda bir dünyagörüşü – saxta millətçilik, ya din olur, alternativlər olmur. Onda belə cəmiyyət inkişaf eləməyəcək. Çünki alternativlərin olduğundan xəbərsizdi və seçim imkanı yoxdu. Biz də alternativlər göstərmək istəyirdik. Devizimiz də bu idi: biz yüzdə yüz həqiqət olduğumuzu demirik, biz deyirik ki, siz bunu deyirsiz, amma bu da var, görün hansı düzdü, hansı bizim coğrafiyamıza daha uyğundu, onunla yaşayaq. Yəni fikir mübadiləsi aparmaq istəyirdik. Yoxsa Avropanın təbliğatını aparmağa başlamamışdıq, sadəcə alternativlərdən danışırdıq. Ancaq cəmiyyət hirslə, qəzəblə üstümüzə gəlir, damğalar vururlar. Bu da onların hələ də hansı səviyyədə olduqlarını göstərir.

- Gürcüstan azərbaycanlılarının mühafizəkar çevrəsi Günel Mövlud, Seymur Baycan və s. yazarların əslində gənclərlə yaşlılar arasında ixtilaf yaratdığını, gəncləri milli ənənələrdən üz döndərməyə təhrik etdiklərini deyirlər. Doğrudanmı belədi və onların bura gəlişi ədəbi mühitdə nəyisə dəyişibmi?

Borçalılar pis mənada anarxistdilər. Dövlətə əhəmiyyət vermirlər, hökumət filan veclərinə deyil, öz həyatlarını, öz adət-ənənələrini yaşayırlar.

- Günel xanımın da, Seymur Baycanın da, bura gələn başqa müəlliflərin də fikirlərilə mən 2009-2010-cu illərdən tanışam, yaradıcılıqlarını izləyirəm. “Renessans” qrupundakı dostlarla Azərbaycanda olan istənilən müəlliflərin – istər müasir olsun, istər ənənəçi- kitablarını oxuyurduq. Yəni nə Günel Mövlud, nə də Seymur Baycan bura gələndə bizim gənclər üçün yeni deyildilər, onlarla tanış idik. Mənim bildiyim qədərilə də onlar burda bizim gənclərdən başqa heç kimlə, elə o cəmiyyətlə də birbaşa ünsiyyətdə olmayıblar. Bizimlə söhbət eləyiblər, bizimlə görüşüblər. Onlara bu damğaları niyə vurdular? Çünki burda mənə “oğlum”, Aidaya “qızım”, “prensesim” deyən ziyalılar vardı ki, bizim dindarlarla və s. qruplarla problemimiz yarananda heç birinin səsi çıxmadı. Amma Günelgil bizə dəstək oldular, müdafiə elədilər. Fədakarcasına özlərini bizə atılan palçığın önünə atdılar. Onlar da dedilər ki, niyə müdafiə eləyirlər? Deməli, özləri öyrədirlər. Yoxsa Günel Mövlud, Seymur Baycan bizə nə “filankəsləri söyün” deməmişdilər, nə də bizi heç kimə qarşı qaldırmamışdılar. Bayaq borçalılar haqqında soruşdunuz. Borçalılar pis mənada anarxistdilər. Dövlətə əhəmiyyət vermirlər, hökumət filan veclərinə deyil, öz həyatlarını, öz adət-ənənələrini yaşayırlar. Gürcüstana inteqrasiya eləsinlər, buranı öz vətənləri saysınlar, buranın problemləri onları maraqlandırsın, bir siyasi iradə göstərsinlər – bunların heç biri yoxdu. Biz burda havada yaşayırıq. Dırnaq içində muxtar bölgəyik və bizim dərdimiz Qarabağdı, Bakıdı və s. Biz də bunun əleyhinə idik. Deyirdik ki, biz Gürcüstan vətəndaşıyıq, buranın problemləri haqqında fikirləşməliyik. Mən hiss olaraq Qarabağ müharibəsini bilmirəm. Amma 2008-ci ildə Abxaziya müharibəsi olanda təyyarələr başımızın üstündən uçub gedirdi, bombalar başımıza yağırdı. Bunu hiss eləmişəm. Mən deyirəm ki, mənim problemim əvvəl Abxaziyadı, sonra bir insanlıq halı kimi Qarabağdı. Bunu deyəndə olursan vətən xaini.

Buna da bax: 'Qulaq ağrısı və Günel Mövlud'

- Bir az da yaradıcılığınızdan danışaq. Sizin şeirlərinizi qaynar və özünəməxsus şeirlər adlandırmaq olar. Özünüzü hansısa şairin, ya da ənənənin davamçısı kimi görürsünüzmü? Ümumiyyətlə, nədən və necə yazırsız?

- Belə deyim. Borçalı ədəbiyyatında insan iştirak eləmir, dağ var, gül var, bülbül var, metafizik mənada yar var, amma insan yoxdu. Biz də daha çox sosial yüklü ədəbiyyat yaratmağa cəhd eləyirik. Bugünkü ədəbiyyatda buranın insanını görmürük. Odur ki, bütün iddiamız, cəhdimiz burdakı insanı ədəbiyyata gətirməkdi.

- Bəs özünüzü konkret kiməsə yaxın, kiminsə davamçısı hesab eləyirsinizmi?

- Əvvəllər təsirlənmələr olub. Əruzçuların yanına gedəndə onlardan təsirlənirdim, hecaçıların yanına gedəndə onlar kimi yazmağa başlamışdım... Sonra gördüm ki, bu bölgülər hamısı ədəbiyyatətrafı söhbətlərdir. Hamısının dadına mərhələ-mərhələ baxandan sonra qərar verdim ki, bunların bişirdiyi ədəbi yeməklə ruhu və düşüncəni yemləmək olmaz, tədricən, hamısının xəstəliyindən qurtuldum. Əlbəttə ki, mütaliə siqaret kimi tərk edilməz vərdişimdi...

- İndi kim kimi yazırsınız?

- İndi özüm kimi. Dəqiq.

- Coşqun bəy, deyəsən, Gürcüstanda universitetdə oxuyursunuz.

- Hə, Cavaxaşvili Tbilisi Dövlət Universitetində şərq dilləri fakultəsində oxuyuram. İrandan qayıdandan sonra burda oxumaq istədim.

- Təhsilinizi gürcü dilində alırsınız. Bəs gürcü ədəbiyyatı ilə tanışsınızmı?

- İranda olanda, ya da uşaqlıqda yalnız tərcümələr vasitəsilə tanış idim. Azərbaycan dilinə tərcümə olunan müəllifləri oxuyurdum, gürcü dilini bilmirdim. Bura gələndən sonra birinci gürcü dilini öyrənməyəçalışdım. Gürcü dili bir yana, heç Azərbaycan dilində normal mətn yazacaq qədər bilmirdim. Bakıda olanda Adil Mirseyid həmişə mənə deyirdi ki, birinci öz dilini öyrən. Borçalıda böyümüsən, dil kifayət qədər qarışıqdı. Sonra İrana gedirsən, orda da bir az da qarışır, dolaşır, farslaşır. Ədəbi mətn yaratmaq istəyirsənsə, o dili təmizləmək uzun vaxt tələb eləyir. Əsl zülm çəkmişəm, dilimi təmizləmək üçün bizim müəllifləri oxuyurdum. Sonra da gürcü dilini öyrənməyə başladım. İndi gürcü ədəbiyyatını orijinaldan oxuya bilirəm.

Buna da bax: "Gürcü ədəbiyyatından bu yazıçıları oxumağa dəyər" - Müsahibə

- Müasir gürcü ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatı arasında hansı fərqlər var? Məsələn, Azərbaycan ədəbiyyatçıları gürcülərdən nəyi öyrənsəydilər, yaxşı olardı?

Gürcüstan Universitetlərində çılğın şeir gecələri, müxtəlif ədəbi tədbirlər keçirilir və orda kimlərisə tərifləmirlər, hökumətin ağzı ilə danışmırlar.

- Gürcülər dünya ədəbiyyatında yaranan tendesiyalardan, yeniliklərdən azərbaycanlılardan tez xəbər tuturlar, dünya ədəbiyyatına doğru azərbaycanlılardan daha sürətli addımlarla gedirlər. Tərcümələrinin keyfiyyəti çox yaxşıdı. Ədəbiyyatın kütləvi nüfuzu kifayət qədər güclüdü. Burda Təhsil Nazirliyi hər il dünya ədəbiyyatının tərcüməsinə nə qədər vəsait sərf eləyir. Sonra klassik, müasir gürcü müəllifləri xarici dillərə tərcümə olunur. Mədəniyyət nazirliyinin bunun üçün büdcəsi var. Ona görə də müasir dünya ədəbiyyatı bura daha tez çatır. Universitetlərdə çılğın şeir gecələri, müxtəlif ədəbi tədbirlər keçirilir və orda kimlərisə tərifləmirlər, hökumətin ağzı ilə danışmırlar. Azad mühit olan yerdə isə ədəbiyyat da yaranacaq. Burdan Bakıya baxanda ordakı ədəbi mühit sönük görünür. Burda da problemlər var, məsələn din, kilsə problemi. O baxımdan təzyiqlərə məruz qalan, toplum tərəfindən söyülən yazarlar var. Amma yenə də alternativ fikirlərə açıqdılar, onların öz qəzetləri, saytları var, öz sözlərini deyirlər və geri çəkilmirlər.

- Gürcüstanda parlament seçkiləri yaxınlaşır və borçalılar burda daha aktiv görünürlər... Nə dəyişib?

- Heç nə. Təşviqat kampaniyaları dəyişib. Seçkidə olan bu aktivlik heç də bizim siyasi iradə nümayiş etdirdiyimiz demək deyil. Bu ilki namizədlər arasında keçən ilkilərə baxanda daha savadlı və ciddi kadrlar namizəd olsalar da, seçkidəki oyun qaydaları olduğu kimi qalır. İqtidar kartını maksimum açıq oynayır. İndidən müəyyən etmək elə də çətin deyil ki, kimlər seçiləcək. Bu ilkiseçki kampaniyaları ona görə kənardan aktiv və parıltılı görünür ki, cəmiyyətdə aktiv olan bütün aparıcı orqanlar təşviqat və təbliğat kampaniyalarına qoşulub. QHT-lər, hamı. Hətta GMİ (Gürcüstan Müsəlmanlar İdarəsi) kimi dini qeyri-hökumət təşkilatları da piar, təbliğat yuvasına çevrilib, açıq aşkar siyasi mövqe nümayiş etdirir. Marneulidə bir nüfuzlu ruhani xalqa gözəl və açıq səsləniş etmişdi, seçkilərdə milləti oyaq olmağa çağırırdı. Amma bir gün keçməmiş yazısını sildi. Yəqin ki, hardansa “qulaqburması” alıb.

İqtidar çox yaxşı hesablayıb və bilirlər ki, bu cəmiyyətdə dindən istifadə etməklə hər oyunu oynamaq mümkündür. Siyasi iradə isə ona deyərdim ki, xalq, məhz, özü və özü istədiyini seçə, heç bir təşviqat kampaniyasının şirin yalanlarına, parıltılı maskalarına uymaya.

XS
SM
MD
LG