Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:14

Neft pulunu necə xərcləməməyi götür-qoy edirlər


Norveçdə neft platforması
Norveçdə neft platforması

Müstəqil fonduna ilk depozitini 20 il bundan əvvəl qoyan Norveç hökuməti bu gün dünyanın ən nəhəng fondunu idarə etməyi öyrənir. Neft və qaz gəlirlərini xarici sərmayəyə xərcləmək Norveçə kimsənin gözləmədiyi qədər böyük var-dövlət gətirib. Bu gün isə neftin qiyməti düşdükcə fondun əhəmiyyəti yüksəlir. İndi fondun illik gəliri neftdən gələn gəlirləri üstələyib.

882 MİLYARD DOLLAR

«The Economist» yazır ki, bu həftə «Pension Fund Global»ın dəyəri 882 milyard dollar olub, bu isə milli ÜDM-dən iki dəfədən də çoxdur. Dünyanın heç bir müstəqil fondu bu qədər dəyərli deyil. Fond Avropadakı bütün səhmlərin 2%-nə, qlobal səhmlərin isə 1%-ə sahibdir. 78 ölkənin 9 min şirkəti, o cümlədən «Alphabet», «Apple», «Microsoft», «Nestlé» kimi nəhənglərdə fondun da payı var.

Fondun quruluşu, idarəçiliyi də uğurludur. Onun müstəqilliyi Konstitusiyayla təmin olunmur, fond mərkəzi bankın tərkibində ayrı birlik kimi qorunur. Fonda nəzarəti Maliyyə Nazirliyi, monitorinqi parlament həyata keçirir. İşlər çox ehtiyatla, həm də şəffaf tutulur; fondun qoyduğu hər sərmayə haqda detallı onlayn bilgi verilir. Bu quruluşu başqa fondlar da nümunə götürə bilərlər. Amma Norveç dəyərlərini təqlid və ya tətbiq etmək hər ölkənin işi deyil. Fondun başçısı Yngve Slyngstad artımın təsəvvür etdiklərindən sürətli olduğunu deyir. Onun sözlərinə görə, fondun var-dövlətinin mübahisəsiz qorunmasına səbəb siyasi etimad mədəniyyətidir. Büdcə haqda qanun dövlətə fondun gözlənilən illik gəlirindən (4%) artıq vəsait çəkməyə imkan vermir. Sərmayəyə isə, ümumiyyətlə, toxunulmur. Bunlardan başqa, fond yüksəkvəzifəlilərin əməkhaqqı məsələsində açıqdır.

ÖLKƏ DAXİLİNDƏ XƏRCLƏMƏK

Əvvəllər Maliyyə Nazirliyində fondun əməliyyatlarına nəzarətdə iştirak edən Martin Skancke qurumun etibarlılığını mədəni bərabərliklə, bərabərliyin yüksək səviyyəsi ilə bağlayır. Bu, həm də kənd yerlərində yoxsulluğun iki nəsil geridə qalmasına kömək edir.

Buna da bax-Norveç Neft Fondu necə işləyir?

Amma gözləntilər dəyişə bilər. «The Economist» yazır ki, norveçlilər öz var-dövlətləri ilə fəxr edirlər. Yaşı 50-dən aşağı olanların tanıdığı dünya – ən varlı xalqlarından biri norveçlilər olan dünyadır. İmmiqrasiyanın həddi xüsusilə Suriyadan qaçqın axınından sonra artmaqdadır.

İmmiqrasiyanın əleyhinə olan populist «Proqress» partiyası neft pullarının ölkə daxilində xərclənməsini istəyir. 2013-cü ildən koalisiyanın üzvü olan partiya xərclərlə bağlı istəyini boğurdu, amma bu ilin birinci yarısında dövlət ilk dəfə olaraq fonddan qoyduğu depozitdən artıq vəsait – 45 milyard Norveç kronu çəkib. Və son vaxtlar gəlirlərin azalması fondun sərmayə kapitalının azaldığını göstərib.

PUL OLA-OLA QƏNAƏT ETMƏK

Müəllif yazır ki, qabaqcadan fikir söyləmək tezdir, amma çoxları narahatdır, çünki «başının altında çoxlu pul ola-ola qənaət etmək çətin işdir». Fondun başçısı Yngve Slyngstad nikbindir, amma müstəqil fondu qorumağın çətin olduğunu o da etiraf edir, eyni zamanda, siyasi təzyiqlə üzləşmədiyini deyir.

Amma iştahalar, «çox xərcləmək istəmirsinizsə, fondu başqa cür işlədək» deyənlər artmaqdadır. Fondun istifadəsiylə bağlı mübahisələr gedir.

Digər tərəfdən, Norveç fondu sərmayə qoymadığı sahələrin sayını artırır. «The Economist» yazır ki, Norveçin müstəqil fondu sərmayə ilə yanaşı, ölkə dəyərlərini də ixrac edir. Fond tütün, silah kimi qeyri-etik məhsullar istehsal edən, korrupsiyada, uşaq əməyində, su və enerjidən sui-istifadədə, havanın çirklənməsində adı hallanan şirkətlərə sərmayə yatırmır.

XS
SM
MD
LG