Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:36

30 nəfərə yaxın azərbaycanlı Gürcüstanda deputat olmaq istəyir


Arxiv foto
Arxiv foto

Qonşu ölkədə seçki nəbzi necə vurur?/ Gürcü dilini bilmirlər, azərbaycanlıların səsini parçalayırlar, siyasi hazırlıqlı deyillər... Gürcüstanda 8 oktyabr parlament seçkilərinə gedən azərbaycanlı namizədlərin bir çoxunu belə xarakterizə edirlər.

Ancaq ilk dəfədir ki, ölkə parlamentinə namizədlər arasında etnik azərbaycanlıların sayı 30-a çatıb.

Buna da bax: Borçalıda ədəbiyyat və məktəb dərdi...

Onların bəzisi majoritar, bəzisi də proporsional qaydada seçkiyə qatılıb. Proporsional qaydada namizədliklərini irəli sürənlər azərbaycanlıların sıx məskunlaşdığı Marneuli, Bolnisi, Dumanisi və Qardabani rayonlarını təmsil edirlər. Azərbaycanlı namizədlərin böyük əksəriyyəti müxalifət partiyalarındandır, cəmi üç nəfər hakim partiyanı təmsil edir.

“Yaşlı nəsil təəccüblənir”

Qəzənfər Məmmədov Kaxeti bölgəsinin Saderikio rayonundan namizədliyini müstəqil irəli sürüb. Yerli bələdiyyədə təmsil olunan Qəzənfər Məmmədov siyasi karyerasına deputat postunda davam etmək istəyir:

“Sovet dağılandan bəri bizim parlamentdə təmsilçimiz olmağına olub. Amma elələri olub ki, heç gürcü dilini bilməyiblər, gürcü dilini bilənlərin də səsini eşitməmişik. Ancaq indi dövr dəyişib və yəqin ki, parlamentə yüksək siyasi bacarığı, qabiliyyəti olan adamlar düşəcək”.

Qəzənfər Məmmədov: Sovet dağılandan bəri bizim parlamentdə təmsilçimiz olmağına olub, amma...
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00
Direct-ə keçid

Buna da bax: "Bir sayt yaratdıq, təhqirlərlə üz-üzəyik"​

Qəzənfər Məmmədovun təmsil olunduğu dairədə gürcü kəndləri də var. Onun sözlərinə görə, bu kəndlərdə təbliğat zamanı yaşlı gürcülərin təəccübü ilə qarşılaşırlar:

““Azərbaycanlı gürcünün deputatı olacaq” deyə təəccüb edirlər. Amma gənc nəsil buna pis reaksiya vermir, əksinə, söhbətdə görürsən ki, heç bir etnik fərq qoymur”.

“Hələ kişilər bir yana çıxmayıb”

Gürcü dilini ana dili kimi bilən namizəd hesab edir ki, azərbaycanlılar vətəndaşı olduqları ölkəyə qaynayıb-qarışmalıdır.

Deputatlığa azərbaycanlı namizədlər arasında yalnız bir qadının olduğunu deyən Qəzənfər Məmmədov yarızarafat, yarıgercək əlavə edir ki, hələ kişilər bir yana çıxmayıb:

“Hələ biz kişilər özümüz bir addım qabağa atmamışıq ki, gender bərabərliyini düşünək. Bizdə hələ kişilərin gürcü cəmiyyətinə inteqrasiya problemi var. Bu parlament seçkisi, məncə, inteqrasiyanı gücləndirəcək”.

Uzun illər Azərbaycanda tibb sahəsində yüksək vəzifədə çalışan və hazırda Gürcüstanda məskunlaşan, “Lanset” tibb klinikasının rəhbəri Fərman Ceyranov da namizədlər sırasındadır.

Fərman Ceyranov: Azərbaycanlılar yaşayan kəndlərdə elə bil Brejnevin durğunluq dövrüdür
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00
Direct-ə keçid

“Niyə Azərbaycan yox, Gürcüstan” sualını Fərman Ceyranov sualla qarşıladı: “Azərbaycanda məgər seçki var? Orda nə vaxt ədalətli, obyektiv seçkilər keçirilib? Axırıncı seçki görmədinizmi necə keçdi?”.

Buna da bax: Bakı selə təslim olur - Nazirlik 24 nəfəri xilas etdiyini bildirir (Video)​

“Azərbaycanlıların olması partiyaya qazandırır”

Fərman Ceyranov yeni təsis edilən “Vahid Gürcüstan Naminə” partiyasının Siyasi Şurasında təmsil olunur və parlament seçkilərində partiya siyahısında 9-cudur: “Gürcüstan partiyaları istəyir, onların siyahılarında azərbaycanlılar da olsun ki, səs qazana bilsinlər. Çünki azərbaycanlılar gürcülərdən sonra ikinci çoxluq təşkil edən millətdir. Azərbaycanlıların təmsilçiliyi partiyaya divident gətirir”.

Fərman Ceyranov deyir ki, o, seçilərsə, azərbaycanlıların məskunlaşdığı, adı dəyişmiş kəndlərin tarixi adlarının qaytarılmasına, regiondakı torpaq probleminin həllinə, səhiyyə-sosial sahələrə aid qanunlarda vətəndaşların xeyrinə dəyişikliklər aparılmasına çalışacaq:

“Ona da çalışacam ki, azərbaycanlılar özlərini ölkənin bərabər hüquqlu vətəndaşı kimi hiss edə bilsinlər. Bundan ötrü gürcü dilini öyrənməli və ölkənin ictimai-siyasi həyatında aktiv rol oynamalıdırlar”.

“AzTV-yə, ATV-yə baxırlar”

Fərman Ceyranov təbliğat zamanı müşahidələrini də bölüşür. Deyir ki, gürcü kəndlərində özlərini 21-ci əsrdə hiss edirlər, gürcülər özlərini siyasi cəhətdən hazırlıqlı vətəndaş kimi göstərə bilirlər:

“Amma azərbaycanlılar yaşayan kəndlərdə elə bil Brejnevin durğunluq dövrüdür. Dili bilmirlər deyə, Gürcüstan mətbuatından yararlana bilmirlər, demokratik proseslərdən bixəbərdilər. Elə baxdıqları televiziya da AzTV və ATV-dir. Ona görə də hesab edin ki, Gürcüstandakı azərbaycanlıların cismi burda, ruhu Azərbaycandadır”.

Gürcüstan azərbaycanlıları namizədlərdən hansı vədi eşitmək istəyir? Fərman Ceyranov deyir ki, hamı eyni problemləri qaldırır: qanunlar kamilləşsin, pensiya artsın, pensiya yaşı azalsın, infrastruktur yaxşılaşsın, komfort həyat yaradılsın.

Müsahibimiz gürcü dilini yaxşı bilmədiyini, ancaq bunun parlament təmsilçiliyinə problem kimi görmədiyini deyir:

“Parlamentdə ermənilər də var, gürcü dilini bilmirlər. Bir də deputatın köməkçisi olur, tərcüməçilər var”.

“Namizədlərin çoxu gürcü dilini bilmir”

Amma Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev gürcü dilini yaxşı bilməməyi namizədlərə ciddi problem sayır. O deyir ki, ökənin rəsmi dilini bilmədən ictimai-siyasi həyatında aktivlik göstərmək çətindir.

Əli Babayev AzadlıqRadiosuna müsahibəsində azərbaycanlıların namizəd kimi fəallığının həm müsbət, həm mənfi çaları olduğunu deyir. Onun fikrincə, azərbaycanlıların fəallığı o deməkdir ki, artıq onlar ölkənin ictimai-siyasi həyatına qaynayıb-qarışmağa üstünlük verirlər, mənfi cəhəti isə müsahibimiz azərbaycanlıların səsinin parçalana biləcəyində görür:

Əli Babayev: Ökənin rəsmi dilini bilmədən ictimai-siyasi həyatında aktivlik göstərmək çətindir
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00
Direct-ə keçid

“Borçalı mahalında azərbaycanlılar namizədlərə ənənəvi üsulla yanaşırlar, kiminsə tanışıdı, qohumudu, xahiş edirlər “səs ver”. Hələ seçici mədəniyyəti formalaşmayıb, bunun səbəbi də camaatın gürcü dilini bilməməsidir. Dili bilmirlər deyə, seçki qanunları ilə tanış ola, müzakirələri izləyə bilmirlər”.

Əli Babayev hesab edir ki, artıq ölkədə demokratik seçki əhval-ruhiyyəsi var və namizədlər təbliğat prosesində diqqətçəkən maneələrlə üzləşmirlər. Onun fikrincə, parlament seçkisində azərbaycanlıların belə kütləvi təmsilçiliyi gələcəkdə bələdiyyə seçkilərində özünü daha qabarıq göstərəcək və azərbaycanlılara ölkəyə qaynayıb-qarışmaqda kömək edəcək.

Konqres sədri namizədliyini verən azərbaycanlılardan yalnız 3-4-nün parlamentə düşmək şansının olduğunu düşünür. Amma həmin şansı belə yüksək qiymətləndirir. Hesab edir ki, danışmayan, bir şeyə yaramayan 10-15 deputat olmaqdansa, mövqeyini, gücünü ortaya qoya biləcək 3-4 deputat cəmiyyətə daha faydalı olar.

XS
SM
MD
LG