Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:44

Taleh Bağırov karsa salınıb


Nardaran məhbusları
Nardaran məhbusları

«Müsəlman Birliyi Hərəkatı»nın sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında 5 günlük cərimə kamerasına (karsa) salınıb. Bu onun Məhərrəmlik ayının başlanması ilə əlaqədar xalqa müraciətindən sonra baş verib.

Bu barədə Taleh Bağırov özü oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Nardaran işi» üzrə iclasda deyib. İlahiyyatçının dediyinə görə, təcridxanada təzyiqlərə məruz qalır və ona açıq şəkildə bildirilir ki, bütün bunlar onun çıxışlarına görədir.

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, bu məsələnin məhkəməyə aidiyyəti yoxdur.

Qeyd edək ki, həmin müraciətində Taleh Bağırov Nardaran olaylarını Kərbəla faciəsi, Azərbaycan hakimiyyətini isə «1400 il bundan əvvəl mövcud olmuş Yezid hakimiyyəti» ilə müqayisə edirdi.

Buna da bax-Hökumət Aşuranın küçələrdə keçirilməsini qadağan edir

«BU MƏLUMATI HARADAN ALMIŞDILAR?»

Məhkəmə iclasında həmçinin, təqsirləndirilən şəxslərdən Abbas Hüseynov «Xəzər» telekanalının rəhbəri Hüseyn Dinləməzin çağrılıb dindirilməsi barədə vəsatət qaldırıb: «Biz həbs edilməmişdən əvvəl, heç Nardaran hadisəsi olmamışdı, «Xəzər» telekanalında süjet verib bizi «terrorçu» adlandırmışdılar. Gəlsin görək, bu məlumatı haradan almışdılar?».

Abbas Hüseynovun digər vəsatəti dövlət ittihamçısı Nəsib Bayramova etiraz barədə olub. O, etirazını prokurorun qərəzli olması, polislər dindirilərkən onları yönləndirməsi ilə əsaslandırıb.

Məhkəmə «Xəzər TV»nin rəhbəri ilə bağlı vəsatətə baxmayıb, prokurora etiraz isə təmin olunmayıb.

Buna da bax-Taleh Bağırov polisin nəşinin qəbirdən çıxarılmasını istədi

«DƏHLİZDƏ DAYANMIŞDILAR»

Hakimlər vəsatətlə bağlı qərar vermək üçün müşavirəyə gedərkən dövlət ittihamçılarının da onların arxasınca getməsi müdafiə tərəfinin etirazına səbəb olub. Vəkil Yalçın İmanov bildirib ki, hakimlərin müşavirəyə prokurorla birlikdə getməsi qanun pozuntusudur.

Hakim Əlövsət Abbasov bildirib ki, prokurorlar onların ardınca çıxsalar da, birlikdə olmayıblar: «Onlar dəhlizdə dayanmışdılar».

Vəkil Nemət Kərimli deyib ki, bu addımına görə məhkəmə tərkibinə etiraz edirlər. O, Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyasına yazılı şəkildə etiraz verib. Məhkəmə etirazın baxılmamış saxlanılmasına qərar verib.

Buna da bax-'Əliavtomatlı polislərin qarşısında necə nunçaq oynada bilərdim?'

«BIÇAQLA XƏSARƏT YETİRMƏK İSTƏYİRDİ»

Bundan sonra məhkəmədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rüstəm Cəfərov ifadə verib. O bildirib ki, Nardaran əməliyyatı zamanı Əlibala Vəliyevi zərərsizləşdirib. Polisin dediyinə görə, həmin vaxt onun əlində qumbara və bıçaq olub: «Bıçaqla mənə xəsarət yetirmək istəyirdi».

Rüstəm Cəfərovun dindirilməsi fasilədən sonra davam edəcək.

Ötən il noyabrın 26-da güc qurumları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir qisminin məhkəməsi daha öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan 2 il 6 ayadək həbs cəzası kəsilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilənlər bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

XS
SM
MD
LG