Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:57

'Adamın utandığından oxumaq istəmədiyi' nədir?


Deputat Məlahət İbrahimqızı
Deputat Məlahət İbrahimqızı

“Internet qulağını tənqidə qapadanlara çox böyük təhdid kimi görünür”

“Azərbaycan hakimiyyəti istəsə də, internet məkanını nəzarəti altına ala bilməz. Bu halda bütünlüklə interneti bağlamalıdır”. Media hüququ eksperti Ələsgər Məmmədli oktyabrın 6-da bir qrup deputat və Mətbuat Şurası üzvü internetdə söz azadlığı məsələsini gündəmə gətirərkən, belə deyib.

Deputat Elmira Axundova bu məsələyə münasibətini «İnformasiya ombudsmanı yaradılmalıdır. Bundan başqa, Mətbuat Şurasına da internet-media ilə bağlı ciddi səlahiyyətlər verilməlidir» şəklində açıqlayıb.

Buna da bax:​ 'İnternet tənzimlənsin' səsləri yüksəlir…

Tədbir hakim Yeni Azərbaycan Partiyasından olan Məlahət İbrahimqızının təşəbbüsü ilə baş tutub. O, sosial şəbəkələrdəki “təhqirlər”ə toxunaraq, internetə nəzarətdən danışıb və ayrıca monitorinq qrupu yaradılmasını təklif edib. Deputat xanım bütün bunları söylərkən, internetin bağlanmasını nəzərdə tutmadığını da diqqətə çatdırıb.

Məlahət İbrahimqızı ötən həftə parlamentdə də “Meydan TV” və “Sancaq”la bağlı tənqidlər səsləndirmiş, internetdə yayımlanan televiziyalar haqqında qanunun olmadığını vurğulamış və virtual məkanda dövlətə, dövlət başçısına ünvanlanan yazıları “adamın utandığından oxumaq istəmədiyini” söyləmişdi.

Belə çağırışların ilk dəfə səslənmədiyini yada salan hüquqşünas Ələsgər Məmmədli və “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev müzakirələrin yenə fayda verməyəcəyini düşünürlər.

Buna da bax:​ Parlamentdə 'Meydan' və 'Sancaq' tənqid edildi

“Azərbaycan Şimali Koreya və ya İrana doğru yönəlmək istəmirsə...”

“İnterneti ya bütövlüklə bağlamaq lazımdır, ya da internet üzərində məhdudiyyət tətbiq oluna bilməz. Doğrusu, bugünkü müzakirənin də nəticə verəcəyini real saymıram. Azərbaycan Şimali Koreya və ya İran kimi tam qapalı rejimlərə doğru yönəlmək istəmirsə, əlbəttə, bu addımı atmaz. Yox, bu addımı atacaqsa, o zaman ölkənin istiqaməti və mövqeyi adıçəkilən ölkələrlə eyniləşəcək. İnternetə heç kim tam nəzarət gətirə bilmədi. Ya bütünlüklə qadağan etməlisən ki, indiki halda real görünmür, ya da onun azadlığına müdaxilə etməməlisən”, - Ələsgər Məmmədlinin sözləridir.

“Məqsəd - özünüsenzuranı gücləndirməkdir”

Mehman Əliyevin qənaətincə, bu tədbirlərin məqsədi, sadəcə, cəmiyyətə təzyiq göstərmək, “özünüsenzuranı gücləndirmək”, sosial şəbəkələrdəki fəalları, media qurumlarını qorxutmaqdır:

“Amma bu, fayda verməyəcək. Əsas problem rejimin özündədir. Rejim xəstədir, böhran içində olan hakimiyyətin qərarları da impulsiv xarakter daşıyır. Konseptual addımlar görünmür. Problem də burdan qaynaqlanır. Bu tipli çağırışlar heç nəyi həll etmir, məqsəd - əhalini qorxutmaq, cəmiyyətin sosial mediada fəal olmasını əngəlləməkdir”.

Buna da bax:​ Bloqçu: 'Gördülər 'ağıllanan' deyiləm buraxdılar'

Sosial şəbəkə və ya saytların, internet-medianın rəsmilərin tənqid hədəfinə çevrilməsi ilk dəfə deyil. Altı il öncə Azərbaycan prezidentin köməkçisi Əli Həsənov da interneti “sahibsiz pişik” adlandırmış, bu məkandakı “təhqirlərə görə cəzalar olacağını” söyləmişdi.

Son çıxışdan öncə və sonra da sosial şəbəkələrdə hakimiyyəti tənqid edən fəallar saxlanılıb, həbs edilib. Başqa ittihamlarla həbs olunsalar da, beynəlxalq qurumlar və ictimai fəallar bunu onların sosial şəbəkədə yaydıqları fikirlərlə bağlayıblar.

Son zamanlarda “Sancaq”ın rəhbəri Mehman Hüseynov sosial şəbəkələrdə yaydığı videobloqlara görə bir neçə dəfə polisə çağrılıb, hakimiyyəti tənqid edən “Meydan TV”nin rəhbəri Emin Millinin qohumları təzyiq altında ondan imtina etdiklərini bildiriblər.

Buna da bax:​ '12 jurnalist, bloqçu ifadə azadlığına görə həbsdədir'

“Adi tənqid də böyük görünür”

Ələsgər Məmmədli deyir ki, ölkənin digər sektorlarında azadlıqlar daraldığından, internet ortamındakı azadlıq çox qabarıq üzə çıxır: “Bu baxımdan da narahatlıq yaradır. Adi tənqid də daha böyük görünür”. Onun fikrincə, televiziyalar, radiolar, başqa KİV-lər “azad və plüralist bir mühitdə” fəaliyyət göstərsəydilər, o zaman internet də sırf “texniki infrastruktur” təsiri bağışlar və birbaşa “media azadlığı sferası” kimi görünməzdi: “Sosial şəbəkələr, onlayn media bu gün Azərbaycan vətəndaşına məlumat çatdırır. Buna görə də internet qulağını tənqidə bağlayanlara çox böyük təhdid kimi görünür”.

Həbib Müntəzir
Həbib Müntəzir

'İnternet olmayacaq, insanlar etirazlarını başqa yerdə bildirəcəklər'

«İnternetə məhdudiyyət gətirməklə, senzura tətbiq etməklə, qadağa qoymaqla tənqidlərin, etirazların, təhqirlərin qarşısını almaq mümkün deyil, əziz, dəyərli, millət vəkilləri! Bunu bilin. Siz xalqa yaxın olmalısınız ki, xalqa xidmət etməlisiniz ki, qarşılığında sevgi, xoş söz, rəğbət görəsiniz. Əks halda qəzəb, narahatlıq, etiraz görəcəksiniz».

Meydan TV-nin sosial media meneceri, bloqqer Həbib Müntəzir bir qrup deputatın internetdə yüksəkvəzifəli şəxslərin təhqir olunmaması üçün «ictimai qınaq» mexanizmini işə salmaq, internetə nəzarət mexanizmi yaratmaq təşəbbüsünə cavabında belə deyib.

O hesab edir ki, Milli Məclisin üzvləri sosial şəbəkələri, onlayn medianı qapatmaqla və ya məhdudiyyət tətbiq etməklə hədələməkdənsə, seçicilərinin problemləri ilə məşğul olmalıdırlar: «Artıq bir neçə gündür ki, Milli Məclis üzvləri müstəqil mediaya, sosial şəbəkələrdəki səhifələrə qarşı hücuma başlayıblar. Bunun səbəbi də odur ki, həmin bu media resursları, həmin bu səhifələr ölkədə baş verənləri, vətəndaşların şikayətlərini işıqlandırırlar. Bu da Milli Məclis üzvlərini narahat edir».

H.Müntəzirin qənaətincə, deputatların internetlə bağlı məhdudlaşdırmalar gətirmək, təhdidləri prezident İlham Əliyevin çıxışlarına ziddir: «İlham Əliyev ölkədə internetin, mətbuatın azad olmasından necə danışırsa, gərək parlament üzvləri də buna uyğun hərəkət etsinlər. Azad mətbuatın, azad internetin məhdudlaşdırılmasına imkan verməsinlər. Amma çox təəssüf edirəm ki, parlament üzvləri öz üzərilərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə, güzgüdə gördükləri əyrini, əskikliyi düzəltmək əvəzinə onu sındırırlar».

Meydan TV-nin əməkdaşı deputatların, prezidentin və ailəsinin sosial şəbəkələrdə təhqir olunması, alçaldılması haqda iddialara da münasibət bildirir. O, bir media mənsubu kimi, bu hala təəssüfləndiyini söyləyir, amma əlavə edir: «Əfsuslar ki, bu cəmiyyəti, insanları buna vadar edən 23 illik hakimiyyətdir və onun təhsilsizliyi, təhsilin aşağı səviyyədə olmasıdır. Buna görə də etirazlarını ancaq təhqirlə ifadə edirlər. Bunu şəxsən mən də istəmərəm».

Həmsöhbətimiz sonda bir daha vurğulayır ki, təhqirdən, qınaqdan kənarda qalmaqdan ötrü interneti qadağan etmək mümkün deyil və bu çıxış yolu da deyil: «İnternet olmayacaq, insanlar etirazlarını başqa yerdə bildirəcəklər. Xalqın qınağına, qəzəbinə tuş gəlməməkdən ötrü xalqa xidmət etmək lazımdır ki, xalq səni sevsin, səni söyməsin».

XS
SM
MD
LG