«2016-cı ilin son 2 ayında milli iqtisadiyyatda ciddi dəyişikliklər gözlənilir».
İqtisadçı-ekspert Qubad İbadoğlu belə hesab edir. Onun fikrincə, ölkədə sürətli, kompleks islahatlar başlanılmazsa, bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq.
*Instagramda AzadliqRadiosunu izlə - Hər gün yeni foto və videolar
Q.İbadoğlu gözlənilən dəyişiklikləri beş istiqamətdə qruplaşdırır.
SÜRƏTLİ BAHALAŞMA, MANATIN UCUZLAŞMASI
«Qiymətlər daha sürətlə qalxacaq. Manatın ucuzlaşması, mövsümü amillərin fəallaşması və dövriyyədə pul bazasının artması istehlak qiymətləri indeksini yüksəldəcək», - deyən ekspert manatı bundan sonra daha ağır günlərin gözlədiyini düşünür.
«Manatın məzənnəsi ucuzlaşacaq. Müşahidələr göstərir ki, Mərkəzi Bankın məzənnə siyasətindəki son dəyişiklik onun gerçək kursunun müəyyənləşməsinə hədəflənib. Mərkəzi Bankın hazırkı yanaşması daha düzgündür. Manatın ucuzlaşmasına təsir göstərən amillərdən biri də ABŞ-da FED-in faizləri artıracağı ilə bağlı ehtimalının getdikcə artmasıdır», - ekspert deyib.
BÜDCƏ DEFİSİTİ ARTACAQ
Q.İbadoğlu ölkənin tədiyyə balansının kəsirinin bir az da artacağını qeyd edir: «Noyabrın 30-da OPEC neft hasilatının müəyyən səviyyədə dondurulması məsələsində razılaşma əldə etməzsə, neftin dünya bazar qiymətləri düşəcək. Bu da ilin sonunda ölkənin əsas ixrac məhsulundan əldə edilən valyuta gəlirlərinin azalmasına gətirib çıxaracaq və tədiyyə balansının cari hesablar planının kəsirinin artımını sürətləndirəcək».
MƏRKƏZİ BANKIN EHTİYATLARI ƏRİMƏYƏ DAVAM EDƏCƏK
Ekspert güman edir ki, dövlət büdcəsinin defisiti sürətlə çoxalacaq. Onun təxminlərinə görə, son 2 ayda dövlət büdcəsinin xərcləmələrinin artması onun kəsirinin böyüməsini şərtləndirəcək. Bu ilin 9 ayında dövlət büdcəsinin 519.1 milyon manat defisiti yaranıb.
Q.İbadoğlunun fikrincə, Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması davam edəcək. «Bu ilin son aylarında dövlətin, şirkətlərin, bankların xarici valyuta ilə borc öhdəliklərinin artımı dollara tələbatın çoxalmasını şərtləndirəcək. Hətta Dövlət Neft Fondunun müdaxiləsi davam etsə belə, Mərkəzi Bankın valyuta ehtiyatları çoxdan qorunan qırmızı xətti keçərək 4 milyard dollardan aşağı düşəcək», - Q.İbadoğlu bildirib.