Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:45

Orhan Pamuk: Hələ də inanıram ki, İslamla demokratiya yoldaş ola bilər


Orhan Pamuk
Orhan Pamuk

-

Noyabrın 2-də Rusiyada Lev Tolstoy muzeyinin dəstəyi ilə verilən "Yasnaya Polyana" ədəbiyyat mükafatının "Xarici ədəbiyyat" kateqoriyasında mükafatı nobelli türk yazıçısı Orhan Pamuka veriblər.

Moskvadakı "Bolşoy Teatr"da baş tutan mükafatlandırma mərasimində yazıçı özü iştirak etməsə də videomüraciətini göndərib və fevral ayında Rusiyaya gəlib 40 il əvvəlki arzusunu yerinə yetirərək Tolstoyun Yasnaya Polyanadakı evini ziyarət edəcəyini bildirib.

Mükafata "Başımda əcaib fikirlər" romanına görə layiq görülən yazıçı 1 milyon rubl pul alacaq.

Orhan Pamuk ədəbi tənqidçi Qalina Yuzefoviçlə Türkiyədəki siyasi iqlim, İstanbulun inkişafı, türklərin Dostoyevski və Tolstoy sevgisi haqqında suallarına cavab verib, həmçinin “Başımdakı əcaib fikirlər” romanından danışıb.

- Son illər vətəninizdə o qədər də çox vaxt keçirmirsiniz. Bu, əvvəlki kimi İstanbuldan yazmağınıza mane olmur? Emosional əlaqə zəifləmir?

- Əslində mən həyatımın yarısını Amerikada, Nyu-Yorkda keçirirəm, Kolumbiya universitetində dərs deyirəm. Ancaq həyatımın ikinci yarısı əvvəlki kimi Türkiyəyə bağlıdı. Odur ki, İstanbulla emosional bağlılığım həmişəki kimi son dərəcə sıxdır və qırılmır. 40 ildən çoxdu ki, mən hər gün doğma şəhərimin küçələrində dolaşıram – “Başımdakı əcaib fikirlər”in qəhrəmanı Mövlud kimi. Hər il beş ay Nyu-Yorkda yaşamağım İstanbul haqqında yazmağıma mane olmur. Əksinə, bizi ayıran məsafə nə qədər böyük olsa, mən o qədər həvəslə, zövqlə yazıram. Fiziki olaraq uzaqda olsam da, ruhum həmişə İstanbuldadır. Yəqin yadınızdadı, Coys Dublindən bəhs eləyən kitabını – “Uliss”in çox hissəsini Triestdə yazmışdı.

- Ümumiyyətlə, bu gün sizin üçün Türkiyədə yaşamaq rahatdır?

O vaxt üç mühafizəçim vardı, indi isə biri kifayət eləyir. Həyatın əməlli-başlı düzəldiyini deyə bilmərəm,

- Daha pis vaxtlarımız olub. 2005-2009-cu illərdə daha çox təzyiq edirdilər. O vaxt mənim üç mühafizəçim vardı, indi isə biri kifayət eləyir. Həyatın əməlli-başlı düzəldiyini deyə bilmərəm, amma problemlər, belə demək mümkünsə, formasını dəyişir.

- Bu gün Türkiyədə baş verən hadisələrin əksəriyyəti “Qar” romanında yazdıqlarınızı xatırladır. O vaxtdan bu günə nə dəyişib?

Orhan Pamukun azərbaycanca çıxan "Qar" romanı.
Orhan Pamukun azərbaycanca çıxan "Qar" romanı.

- Mən “Qar”ı on beş il əvvəl yazmışam və orda dövlət çevrilişinə uğursuz cəhddən söhbət gedirdi. Romanda bu hadisə ölkənin şimali-şərqində - Qars şəhərində baş verirdi. Yeri gəlmişkən, Qars otuz il Rusiyanın hakimiyyəti altında olub və orda hələ də rus mədəniyyətinin və memarlığının təsirləri hiss olunur. Ancaq indiki çevriliş Qarsda yox, Türkiyənin mərkəzində- Ankarada və İstanbulda oldu və ən təəccüblüsü də budur. “Qar”ın qəhrəmanı Ka öz Avropa idealları ilə türk gerçəklikləri arasında sıxışıb qalır. Türkiyənin əsas gerçəkliklərindən biri isə siyasi islamın yüksəlişi idi. O zamanlar bu, həyata keçməsi mümkün görünən minlərlə cürətli proqnozdan biri kimi təsir bağışlayırdı, ancaq o vaxtdan keçən illər ərzində islamçılar faktiki olaraq, siyasi səhnəyə çıxdılar, öz hakimiyyətlərini möhkəmləndirdilər və söz azadlığını məhdudlaşdırmağa başladılar.

- Siz daha çox Avropa düşüncə tərzinə sahib insansınız, nəinki Asiya. Necə fikirləşirsiniz, Türkiyə kimi unikal bir ölkədə avropasayağı demokratiyanın olması mümkündürmü?

Mən hələ də inanıram ki, islamla demokratiya yoldaş ola bilər və əgər bunu isbat eləməyə qadir bir ölkə varsa, təbii ki, o, məhz, Türkiyə olacaq.

- Təəssüf ki, sizin “Avropa” və “Asiya” düşüncə tərzi haqqında təsəvvürləriniz həddindən artıq sadəlövhdür. Avropada çoxlu faşist var, Asiyada isə - azad fikirli, liberal, demokratik əqidəli insanlar. Gəlin, tələsik ümumiləşdirmələr aparmayaq. Mən hələ də inanıram ki, islamla demokratiya yoldaş ola bilər və əgər bunu isbat eləməyə qadir bir ölkə varsa, təbii ki, o, məhz, Türkiyə olacaq. Biz hamımız buna ümid eləyirik, baxmayaraq ki, bu gün hər şey o qədər də yaxşı deyil. Türklər avropasayağı demokratiyaya layiqdilər - elə bütün digər xalqlar da. Əfsus ki, son hadisələr, ilk növbədə jurnalistlərin, yazıçıların həbsi – ki, onların arasında mənim çoxlu dostlarım var – təşviş doğuran fikirlər yaradır. Ancaq düşünürəm ki, hələ ümidimizi itirməməliyik.

Buna da bax: Elif Şafak: İnsan eyni zamanda həm müsəlman, həm də demokrat ola bilər

- Bu yaxınlarda Rusiya ilə Türkiyə arasında olmuş münaqişə haqqında nə düşünürsünüz? Bu, sadəcə iki ərköyün siyasətçinin bir-birindən küsməyidi, yoxsa tarixi qanunauyğunluqdur? Hər halda Rusiya ilə Türkiyə bir neçə əsr düşmənçilik edib...

- Təəssüf ki, biz, həqiqətən, uzun müddət, həddindən uzun müddət düşmən olmuşuq. Universitetlərin tarix dərsliklərinə baxın, orda ağ kağız üzərində qara hərflərlə yazılıb: “Rusiya- düşməndir”. Bu hal Soyuq Müharibə zamanı xüsusilə qabardılıb, türk siyasətçiləri, dövlət xadimləri dayanmadan “kommunizm qapımızın astanasındadı, şimalda kommunistlərlə sərhədik” deyə təkrarlayırdılar və bundan istədikləri kimi istifadə eləyirdilər. Məhz, elə buna görə bir vaxtlar Türkiyə, Rusiya təhlükəsini bəhanə gətirərək NATO-ya qəbul olunmağa çalışırdı, bu gün isə Avropa İttifaqına daxil olmağa can atır. Amma mənə elə gəlir ki, indi baş verən mənasız münaqişədən sonra Rusiya ilə Türkiyə dost olmağı öyrənməlidirlər. Biz, ən azı, üç yüz il düşmənçilik eləmişik, bu üç yüzillik müharibə bizə nə vaxtsa sülhü öyrətməlidir.

- Siz Lev Tolstoyun adını daşıyan mükafatın laureatı oldunuz. Bizim ölkədə hər bir mədəni insan üçün “sən kimin tərəfindəsən- Tolstoyun, ya Dostoyevskinin?” sualı ən vacib məsələlərdən biri hesab olunur. Siz kimi seçirsiniz?

Dostoyevskinin üsyankar ruhu oyanır və mənə zümzümə eləyir: “Tolstoy yalan deyir. Onun dediklərinin hamısı təsəlliverici və sadəlövh uydurmalardı”

- İşıqlı anlarımda, təbii ki, Tolstoyun tərəfindəyəm. Özümdən, həyatımdan razı olanda, xoşbəxt olanda, ətrafımdakı dünyanın gözəl, mənalı olduğunu görəndə - Tolstoyun əsərlərindəki kimi – özümü tolstoysayağı hiss eləyirəm və yaradılışın harmoniyasını, vəhdətini öz romanlarımda təsvir eləməyə çalışıram. Amma elə anlar olur ki, baş verənlər xoşuma gəlmir – bax, onda ürəyimdə Dostoyevskinin üsyankar ruhu oyanır və mənə zümzümə eləyir: “Tolstoy yalan deyir. Onun dediklərinin hamısı təsəlliverici və sadəlövh uydurmalardı”.

Belə anlarda həyatın həddindən artıq dramatik, həddindən artıq özünəvurğun olduğunu görürəm və bu məni qəzəbləndirir. Bu qəzəb isə Dostoyevskinin qəzəbi və ağrıları, onun hiddəti vasitəsilə çıxır. Mən bir şəxsiyyət və müşahidəçi kimi Dostoyevskiyə sonsuz heyranam, ona görə də narahat, gərgin, depressiv anlarımda, əlbəttə ki, avtomatik olaraq onun tərəfinə keçirəm. Bircə problem var – mən hansısa eyni statik vəziyyətdə nadir hallarda oluram: bir qayda olaraq, sevincim hirsimə qarışır, sevgimsə əsəb və yorğunluğa. Ona görə də belə çıxır ki, mən eyni zamanda həm Tolstoyun tərəfindəyəm, həm də Dostoyevskinin. Əslində isə mənə elə gəlir ki, yaxşı roman yazmaq – özündə eyni vaxtda həm Tolstoyu, həm də Dostoyevskini tapmaq, onları tarazlaşdırmaq və birləşdirməkdir. Mənim üçün ideal roman – özündə Dostoyevskinin emosional gərginliyi ilə Tolstoyun harmonik mükəməlliyini birləşdirəndir.

- Ədəbiyyat üzrə Nobel mükafatı Bob Dylana veriləndə Rusiyada - hərçənd təkcə Rusiyada yox – bir çox insanlar çaşdılar. Bəs siz Nobel komitəsinin qərarı haqqında nə düşünürsünüz?

- Düzünü desəm, əvvəlcə bir az məyus oldum. Çünki son otuz ildə yaranmış böyük, zəngin, mürəkkəb və heyrətamiz Amerika ədəbiyyatının mükafatlandırılmağını çox istəyirdim. Xüsusilə də postmodern ədəbiyyatın – Tomas Pinçonun, Conatan Franzenin romanlarından tutmuş Con Eşberinin şeirlərinə qədər. Hamımızın bildiyi kimi, Bob Dilan ilk növbədə musiqiçi kimi məşhurdur. Hərçənd, yəqin ki, özünə görə şeirləri də pis deyil. Ancaq ilk məyusluqdan sonra fikirləşdim ki, hərdən münsiflər heyətinin də yaradıcı özünüifadəyə ehtiyacı olur və çox güman ki, bu il Nobel komitəsi özünü belə qəribə şəkildə ifadə eləmək qərarına gəlib. Elə təkcə bu, onların qərarını unikal edir.

Buna da bax: Türk yazıçısı Oxu Zalına danışır: Məncə Türkiyəni yaxşı şeylər gözləməlidir

- Bildiyim qədərilə hazırda Londonda, sizin eyniadlı romanınızın motivləriəsasında yaradılmış Məsumiyyət muzeyindən bir neçə stend nümayiş olunur.Bilmirsiniz, o sərgi Moskvaya da gətiriləcək, ya yox?

Orhan Pamukun öz açdığı "Məsumiyyət muzeyi"nin təqdimatında çıxışı.
Orhan Pamukun öz açdığı "Məsumiyyət muzeyi"nin təqdimatında çıxışı.

- “Məsumiyyət muzeyi” romanı sevgi haqqındadı. Amma reallaşmamış, cavabsız, kədərli sevgi haqqında. Bu – zəngin, ziyalı, Qərb tərəfdarı olan bir ailədə doğulub böyümüş və öz mühitindən olan uzaq qohumuna vurulmuş insanın əhvalatıdır. Mən bu əhvalatı maddi obyektlətr vasitəsilə danışmaq qərarına gəldim, çünki tez-tez əşyalar sevdiyimiz insanlarla eyniləşir. Özü də sevgi təktərəfli olanda bu eyniləşmə xüsusilə əhəmiyyətli və ürəkdağlayan olur. Belə hallarda əşyalar sevdiyimiz insanlardan qalan yeganə xatirələr olurlar. Əslində onlar sevgimizin mücəssəməsinə çevrilirlər. İstanbuldakı Məsumiyyət muzeyi qeyri-adi məkandır: ora eyni zamanda həm sevgi, həm kitab muzeyidir, həm də İstanbulun 1940-1990-cı illərə aid tarixini əks etdirən muzey. London sərgisi Moskvaya gəlsəydi, təbii ki, çox sevinərdim. Sərgi o qədər uğurlu oldu, o qədər maraq doğurdu ki, indi biz yeni eksponatlar hazırlayırıq. Londondan sonra sərgi Osloya keçəcək. Düşünürəm ki, sonra da bütün dünyanı gəzəcək. Ümid eləyirəm, gec-tez Rusiyaya da gələr.

- “Başımdakı əcaib fikirlər” romanında İstanbulun,yavaş-yavaş tənəzzül elədiyi haqqında çox yazırsınız. Ancaq əcnəbi insan hər şeyi tamamilə fərqli görür – İstanbul ildən-ilə daha da zənginləşir və gözəlləşir. Bu, adi turistik yanılmadı?

Mənim İstanbul haqda romanımda yazdıqlarım ən geci 80-ci illərə aiddi, ancaq indinin İstanbulu tamam dəyişib.

- Məncə, yox. Gənc nəsildən olan türk oxucularım da mənim təsvir elədiyim şəhərlə yaşadıqları şəhərin eyni olduğunu etiraf eləmək istəmirlər. Onlar üçün İstanbul daha parlaq, daha şən şəhərdi. Onda əyalətçilik, melanxoliya mənim təsvir elədiyimdən daha azdı. Ancaq başa düşün ki, mənim romanda yazdıqlarım ən geci 80-ci illərə aiddi. Sonrakı onilliklər qızğın iqtisadi inkişaf illəri olub, bir çox gecəqondular və müvəqqəti yaşayış məkanları tamamilə dəyişib, ya da birdəfəlik yoxa çıxıb, onların yerində 30-40 mərtəbəli evlər tikilib. Şəhərin təkcə görkəmi yox, ruhu da dəyişib və təbii ki, bunların hamısı iqtisadi inkişafla bağlıdır. Ümumiyyətlə, son on beş il ərzində şəhər daha çox dəyişib, nəinki keçən əlli il ərzində - mən əhalisi milyon olan şəhərdə doğulmuşam, amma indi burda şəhər kənarındakıları da götürsək, təxminən, 17 milyona yaxın insan yaşayır. Ancaq bu gün kürdlərlə və İslam dövləti ilə müharibə ucbatından şəhər yenə dəyişir. Hələlik mənim üçün onun hansı istiqamətdə dəyişdiyini demək çətindir.

-Yəni sizin əsərlərinizdə hökmran olan nostalji, melanxolik əhval-ruhiyyə - ilk növbədə sizin İstanbulla bağlı təəssüratlarınızdır?

Orhan Pamukun «Başımda əcaib fikirlər» romanının orijinalının üz qabığı.
Orhan Pamukun «Başımda əcaib fikirlər» romanının orijinalının üz qabığı.

-Qəhrəmanım Mövludun köməyi ilə izah eləməyə çalışım. Mövlud 1969-cu ildə İstanbula gəlir. Həmin vaxt İstanbul, məndən fərqli olaraq, onun üçün yeni, füsunkar, melanxoliyanın izi-tozu olmayan bir şəhərdir. Yuxarı və orta təbəqənin melanxoliyası ona yaddır. Mövlud mənim əvvəlki əsərlərimin qəhrəmanlarına oxşamır. O, İstanbula təzə gəlib və əmindir ki, burda öz əlləri ilə gələcəyini qura biləcək. Mövlud keçmiş, itmək üzrə olan şəhərin həsrətini çəkmir. Əslində o, gələn kimi köhnə evlərin söküldüyünün, onların yerində yeni məhəllələrin salındığının şahidi olur. Amma 40 ildən sonra, romanın axırlarına yaxın görür ki, onun şəhərə təzə-təzə gəldiyi vaxtlar tikilən evləri də sökürlər. Mövlud hiss eləyir ki, həmin evlərlə birgə onun öz keçmişi, xatirələri, kimliyi də məhv olur. Və bu məqamda bütün sosial fərqlərimizə baxmayaraq Mövludla mən eyni şeyləri fikirləşirik, eyniyik. Mən də eyni hissləri keçirmişəm və indi də keçirirəm – daha doğrusu, personajıma öz hisslərimi vermişəm. Hərçənd bu yeni İstanbulu Mövlud özü yaradıb, amma artıq buranı öz evi kimi hiss eləmir. İnsanların təzə evlərə, rahatlığın yeni mərhələsinə ehtiyacları var- bu, normal və anlaşılandı. Ancaq bunu dərk eləmək çətindi, qəbul eləməksə ondan da çətindi. Xüsusilə də əgər keçmişlə vidalaşa bilmirsənsə, əgər həyatın, keçmişin, fikirlərin və duyğuların sənin üçün qiymətlidirsə...

Buna da bax: O.Pamuk: "Bəzən bilmirəm ağzımı necə yumulu saxlayım"

- Bununla belə “Başımdakı əcaib fikirlər”in qəhrəmanı Mövlud son dərəcə passiv insandı, halbuki siz üsyankar, rejimlə mübarizə aparan insan kimi tanınırsınız. Mövluda öz hisslərinizi vermisiniz, bəs obrazın özü necə yaranıb?

Beş il roman yazırsan, o dərc olunur və səndən yalnız bir şey haqqında soruşmaq istəyirlər – siyasət.

-Mənim cəsarətimi şişirtmək lazım deyil. Mən qarşıma hər zaman nə iləsə mübarizə aparmağı, nəyəsə etiraz eləməyi məqsəd qoymamışam. Mənə elə gəlir ki, o qədər də çox danışmamışam, ya da eləməmişəm, amma bu, ultrasağların daim mənə hücum eləmələrinə əngəl olmur. Sadəcə mən sol liberal baxışlara sahib, öz fikirlərini, əsasən, ədəbi mövzularda müsahibələr vasitəsilə çatdıran insanam. Mən mübarizə üçün doğulmamışam və mənim üçün romanlarım siyasi baxışlarımdan daha vacibdir. Ancaq bədbəxtlikdən, beynəlxalq aləmdə tanınmağım və ölkəmizdəki xroniki hala almış siyasi qeyri-stabillik mənə ictimai xadim və xalqın tribunası rolunu sırıyır. Beş il roman yazırsan, o dərc olunur və səndən yalnız bir şey haqqında soruşmaq istəyirlər – siyasət. Təsəvvür eləmirsiniz, bu necə qıcıqlandırır məni. Amma Türkiyədəki siyasət də məni az qıcıqlandırmır. Türk hökumətinin söz azadlığına münasibəti məni qəzəbləndirir, Türkiyədə demokratiyanın taleyi məni çox ciddi narahat eləyir. Ümumiyyətlə, ölkəmdə baş verən çox şeylər məni narahat eləyir və hərdən bu barədə danışıram. Bu romanı yazmaq üçün İstanbul küçələrində qatıq, boza satanlarla xeyli söhbət eləmişəm. Hətta Anadoluya, o satıcıların əksəriyyətinin doğulduğu balaca kəndlərə də getmişəm. Romanımın əsasında nəhəng bir araşdırma dayanır. Odur ki, bəli, Mövludun təcrübəsi əslində mənim şəxsi təcrübəm deyil. Biz təhsil, din, siyasi baxışlar məsələsində fərqlənirik. Ancaq eyni zamanda, sizin sözünüzlə desək, o passiv qəhrəmanımda mənə aid çox şey var. Gecələr qaranlıq küçələrdə gəzəndə, ağacların kölgələrinə, evlərin köhnə divarlarına, köhnə qəbirstanlığa baxanda, köpək sürüsündən qorxanda hiss elədikləri həm də mənim duyğularımdı. Mən Mövludun nikbinliyinə qismən şərikəm. O mənada ki, dünya özlüyündə gözəl və harmonikdi. Mövludun həssaslığı və romantik nikbinliyi mənə çox yaxındır. Mən bu romanı yazanda ən adi, sıradan və sadə insanı təsvir eləmək istəyirdim. Amma o, inandırıcı, unikal və bötüv bir obraz olmalı idi – Tolstoyun, Dostoyevskinin romanlarındakı kimi.

- Niyə qəhrəman olaraq fəhlə sinfinin nümayəndəsini seçmisiniz? Axı, əslində tarixdə onun, demək olar ki, heç bir rolu yoxdu, o, heç nəyə təsir eləmir, heç nə ondan asılı deyil.

Orhan Pamuk qədim İstanbul küçələrini gəzərkən.
Orhan Pamuk qədim İstanbul küçələrini gəzərkən.

- Bizdə cəmiyyətin aşağı təbəqəsinin həyatından bəhs eləyən romanlar yazmaq vərdişi yoxdur. Onlar haqqında, adətən, orta təbəqədən olan intellektualın rakursundan yazırlar və bunu xeyli melodramatik, şişirdilmiş tərzdə, pafosla eləyirlər. Mən, məhz, bundan qaçmağa çalışmışam. Mənim qəhrəmanım – məsumdu, amma sadəlövh deyil və mənim üçün bu, son dərəc vacib fərqdir. Mövlud hər şeyi görür və başa düşür, amma savaşa qatılmır. Mən bu personajı yaratmağa uzun altı il sərf eləmişəm və hansı inqridientlərdən istifadə elədiyimi hələ özüm də sona qədər anlamıram. Mövlud İstanbula 1969-cu ildə, 12 yaşında gəlir. Deməli, o, məndən beş yaş kiçikdir. O, şəhərə təhsil almaqdan ötrü gəlir, doğma kəndində orta məktəb yoxdur. 60-cı illərdə ölkənin yoxsul bölgələrində bu, adi hal idi. Yoxsul əyalətlərdən İstanbula köç də, məhz, o illərdə başlamışdı və Mövlud – həmin mühacir dalğasının tipik nümayəndəsidir. Mən, məhz, bu barədə danışmaq istəyirdim: İstanbula axışan kəndlilər haqqında, onların özlərinə tikdikləri evlər haqqında, fəhlə sinfinin həyatı haqqında, küçə satıcılarının submədəniyyəti haqqında, ümumiyyətlə, küçə həyatı haqqında... Mənim uşaqlığım bunların əhatəsində keçib və öz romanımda, məhz, bunu saxlamaq, bunu təsvir eləmək istəyirdim – bunun üçünsə mənə Mövlud kimi qəhrəman lazım idi.

- Bildiyim qədərilə “Kürənsaçlı qadın” romanınızda hadisələr İstanbuldan kənarda cərəyan edir. Siz, öz ədəbi şəhərinizlə vidalaşmaq qərarına gəlmisiniz?

“Kürənsaçlı qadın” romanım İstanbuldan kənarda başlayır, amma onun içində bitir. Çünki şəhər sanki mənim mətnimi udur.

- Yox. “Kürənsaçlı qadın” romanı kankanlıqla məşğul olan adam və onu şəyirdi haqqındadı - onlar birlikdə İstanbul yaxınlığındakı çöllükdə su tapmağa çalışırlar. Bu, asan iş deyil, xüsusilə də nəzərə alsaq ki, usta özünün orta əsrlərdən qalma prisiplərindən bir addım da geri çəkilmək istəmir – həm texnologiya məsələsində, həm quyu qazmaq üsulunda, həm də şəyirdi ilə münasibətlərində... Mənim üçün bu əsər hər şeydən əvvəl avtoritetin hakimiyyəti, sivilizasiyanın inkişafı, güvən və nizam –intizam haqqındadı. Bir də beynimizdə özünə dərin yer eləmiş miflər və qədim mətnlər haqqında. Amma unutmayın: qəhrəmanlarımın su axtardığı çöllük İstanbulun yaxınlığında yerləşir. Otuz ildən sonra dayanmadan genişlənən şəhər oranı udur. Yəni “Kürənsaçlı qadın” İstanbuldan kənarda başlayır, amma onun içində bitir. Çünki şəhər sanki mənim mətnimi udur.

- Osvensimdən sonra şeir yazmağın qeyri-mümkün olduğunu deyən məşhur bir ifadə var. Necə fikirləşirsiniz, bu gün – vərdiş elədiyimiz həyat tərzinin dəyişdiyi, bütün dünyanın güclü tektonik yerdəyişmələrlə sarsıldığı bir zamanda nəsə yazmaq mümkündürmü? Bütün bunların öhdəsindən necə gəlirsiniz?

-Düşünürəm ki, Adorno – yanılmıramsa, dediyiniz ifadənin müəllifi odur – haqlı deyildi. Yəqin o güman eləyirmiş ki, biz yazıçılar, ümumiyyətlə, sənət adamları üzümüzü istisnasız bayıra tutmuşuq. Ətrafımızda baş verənlərə baxırıq və öz yaradıcılığımızda onları əks etdiririk. Ancaq bu belə deyil. Yazıçılar və sənət adamları içlərində səslənən poeziyaya da qulaq verirlər. Hər birimizin içində bir şair yaşayır və oxucu bizim kitablarımızı görəndə həmin şair, necə deyərlər, üzə çıxır, özünü göstərir. Bəli, kitab – həmişə bayırda baş verənlərə cavabdı, amma o, eyni qədər də sənətkarın içində baş verənlərin sədasıdır. Düşünmürəm ki, bu gün – bütün dünyanın və öz ölkəmin siyasi repressiyalarla dolub-daşdığı, yazan insanların həbsə atıldığı bir vaxtda kitab yazmağı dayandırmalıyam. Mən tolstoysayağı mükəmməl cümlə, sətir, abzas yaratmaq cəhdlərimdən əl çəkməyə hazır deyiləm. Həqiqətən də dünyada çoxlu dəhşətli hadisələr baş verir və dediyiniz tektonik yerdəyişmələr, doğrudan da, qorxunc təsir bağışlayır. Amma unutmayın ki, incəsənət bütün bunlardan çıxış yollarını təklif eləyir. Həqiqətən, nəyə görəsə təşviş keçirəndə öz hirsini, qəzəbini cəmləşdirmək, onları cilalanmış, sanki onları yaradan tufandan heç bir əsər-əlamət olmayan, sakit mətnlərə köçürmək xüsusilə maraqlıdır.

XS
SM
MD
LG