Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:49

Xəstənin pul kisəsi tükənsə də, özü sağalmır


Foto illüstrasiya
Foto illüstrasiya

«Gedirsən ki, sağlamlığını bərpa edəsən, olan-qalan əsəblərini də orada qoyub qayıdırsan. Məsləhətxananın, az qala, qapısından keçmək də pulludur».

Leyla Əsgərova ginekoloji problemlərini aradan qaldırmağı Yevlaxdakı həkimlərə etibar etməyib və paytaxta gəlib. Müalicəsi uzunmüddətli olduğundan Xətai rayonu ərazisində ev kirayələyib. Sonra isə 9 saylı qadın məsləhətxanasına müraciət edib. Deyir, 2 aya yaxındır ki, məsləhətxanaya gedib gəlir. Pulqabıda pul tükənib, səhhətindəki problemlərsə yerində qalıb:

«HAMININ ƏLİ AÇILIR»

«Qapıdan girirsən, dilənçi kimi hamısının əli açılır qarşında… Nə xəstəyə can yandırmaqları var, nə məsuliyyət hissi… Elə bil, səhər evdən dilənməyə çıxırlar. Bu 10 manat alır, göndərir yan otaqdakının yanına, halbuki yan otaqdakı həkimin aidiyyəti yoxdur. Bu həkim də alır, göndərir, üçüncü həkimin yanına...».

Leyla xanım deyir, təqribən 2 il öncə bura yolu düşəndə, divarda «Səhiyyə pulsuzdur» sözlərini oxuyub. Bu dəfə heç bu şüara da rast gəlməyib:

«Adı dövlət müəssisəsidir, ancaq səhər saat 9-dan axşama kimi açıq bazardır. UZİ pulsuz olmalıdır, ancaq 10 manat alırlar. Özü də əvvəlcədən alırlar ki, birdən sonra xəstə «cığallıq» edər. Neçə vaxtdır gedib-gəlirəm, axşamacan, azı, 150-200 xəstə gəlir, UZİ-dən keçir. Vurun hesaba, görün nə alver gedir…».

«AZI, 20 MANAT VERMƏLİSƏN»

Deyir, hələ, bu harasıdır… Ultrasəs müayinənin (USM-UZİ) nəticəsini götürüb keçirsən həkimin otağına. Masaya, azı, 20 manat qoymasan, üzünə də baxmır: «Həkim 10 manata yaxın durmur. Hələ rayonda həkimə 10 manat vermişdim, qapıdan çıxanda dalımca tulladı. 11 ildir ailəliyəm, övladım olmur. Bu həkimlərə də son 5 ildir ki, gedib gəlirəm. 5 ildə övladımın olmamasına görə, azı, 5 səbəb deyiblər. Hər dəfə də aldadıb dəxli olmayan bahalı dərman reseptləri yazırlar. Bu məsləhətxanaya da 2 aydır gedib gəlirəm, adamı nə qədər UZİ-yə salıb şüalandırarlar…».

Leyla xanım indiyədək şəfa tapmamasının səbəbini həkimlərin dərman firmalarıyla əlbir olmasında, xəstələrə saxta firma dərmanlarından ibarət uzun-uzadı resept yazmalarında görür.

«NÖMRƏ GÖTÜRMÜSƏNSƏ, PUL ÖDƏMƏLİSƏN»

Eyni şikayət Akademik Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasındandır. Uzun müddətdir ki, böyrək ağrılarına görə həmin xəstəxanaya gedib gələn Əli Səfərov AzadlıqRadiosuna danışır ki, burada ultrasəs müayinəsindən keçməkdən ötrü mütləq qeydiyyatçı xanımlardan nömrə götürməlisən. Sonra o nömrəni USM otağında təqdim edəndə 10, ya 15 manat ödəməlisən. Deməsinə görə, nömrə götürmək istəməyəndə, mühafizəçilər xəstəni çölə çıxarır. «Nömrəsiz içəri keçməyin ancaq bir yolu var - gərək orada tanış həkimin ola, gəlib səni qarşılaya, apara özüylə içəri…» - deyən Əli Səfərov maraqlı bir epizod da danışır:

«2-3 gün öncə müayinəyə getmişdim, UZİ otağına məndən əvvəl bir əlil gəlmişdi, həkimlər üstünə düşmüşdülər ki, «gərək nömrə götürməyəydin, götürmüsənsə, 10 manatı mütləq ödəməlisən». Bu əlil də müayinədən keçib, ancaq çıxıb gedə bilmir. Deyir, «nətəhər eləyək bəs, məndə pul yoxdur axı». Həkim qayıtdı ki, «neyləməliyəm, mən sənin yerinə pul qoymalıyam? Nömrə götürmüsənsə, gərək verəsən».

«SƏHİYYƏ PULSUZDUR»

9 saylı Qadın Məsləhətxanasından «Qaynar xətt»ə bildiriblər ki, müayinə və həkim məsləhəti pulsuzdur: «Görünür, xanımın müalicəsi 3-5 günlük deyil. Bu o demək deyil ki, həkim savadsızdır və s. Bizim məsləhətxanada heç bir xəstədən pul alınmır, səhiyyə pulsuzdur. Xanım yaxınlaşsın, nə iradı, narazılığı varsa, baş həkimə bildirsin».

Akademik Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasından isə «Qaynar xətt»in suallarını cavablandıran tapılmayıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, xəstəxanalardan şikayəti olan vətəndaş quruma müraciət etsin.

Leyla Əsgərova isə ginekoloji problemlərinə görə Azərbaycanda şəfa tapmaqdan əlini üzüb. Hazırda İranın Tehran şəhərindəki xəstəxanalardan birində müayinədən keçib, müalicə götürüb.

XS
SM
MD
LG