Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:20

Kartof anbarında yaşayan ailə


Bu uçmuş evdə yaşayan var.
Bu uçmuş evdə yaşayan var.

“Ev ikinci dəfə alışdı, yanğınsöndürənə xəbər elədik. Gəlmədilər, dedilər, benzinimiz yoxdur, gələ bilmərik”.

Gədəbəyin Fərzalı kəndində yaşayan Qarabağ müharibəsi veteranı İlyas Hüseynquluyev yataq xəstəsidir. Azyaşlı iki xəstə övladı və qoca atası ilə sığındığı kartof anbarında məşəqqətli yaşamından danışır. O, ailəvi çəkdikləri zillətə görə əvvəl rayonun işıq idarəsini, daha sonrasa rayondakı yanğından mühafizə şöbəsini günahlandırır.

Buna da bax:​ 80 yaşlı əlil: 'İşıqçılar gecəyarı həyətə soxuldular...'

“BU DƏFƏ EVİMİZ YANDI”

3 ay əvvəl ailəyə məxsus mənzil qəfil alışıb. Ev sahibi deyir, yanğına qısaqapanma səbəb olub:

“Gözdən, könüldən uzaq bir kənddir. Bizdən o tərəfə erməni postlarıdır. Bu kəndin yetərincə sosial problemi var. Adamların səsi mərkəzə gedib çatmır. Kənddə qısaqapanmalardan dəfələrlə yanğın hadisələri baş verib. İşığı qəfil kəsirlər, sonra normadan artıq buraxırlar. Adamların televizoru, soyuducusu xarab olur. Dəfələrlə elektrik avadanlıqlarımız yanıb. Bu dəfə evimiz yandı”.

Yanğın başlayandan bir qədər sonra yanğınsöndürən briqada gəlib. Avadanlıqlar yansa da, evdə hələ ki, yaşamaq mümkün imiş. Briqada yanğını söndürüb gedəndən az sonra yenə qısaqapanma baş verib. Ev sahibi hadisəni belə xatırlayır:

“Dərhal yanğınsöndürənə zəng vurduq. Dedilər, “bayaq gəlmişdik, daha bizdə benzin qalmadı ora gəlib-getməkdən”. Mən yanğınsöndürənlərə yalvarınca, ev külə döndü”.

Buna da bax:​ Çəmənlidə evə mərmi düşdüyünü sübut edənə sağol düşür

TƏZƏ EV TİKMƏYƏ BÜDCƏ YOXDUR

İlyas təkbaşına saxladığı iki xəstə uşağı və qoca atasını götürərək qapı-qapı düşür. Qohumların evinə yalnız bir neçə günlük sığına bilir. Havalar soyuduğundan elə kənddəki kartof anbarını süpürüb uşaqları və atasını ora yerləşdirir. Ancaq bura da yaşamalı yer deyil. Ailənin ağır yaşam şəraiti ona öz can ağrılarını unutdurub. İlyas hökumətdən kömək istəyir. O, rayon icra hakimiyyətinə müraciət edib, ancaq müsbət cavab almayıb.

Gədəbəy rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, evi yanan vətəndaşa təzə ev tikməyə büdcə imkan vermir. Vətəndaş bələdiyyəyə müraciət etsin, bəlkə bələdiyyə tikinti materialı verə... Kənd bələdiyyəsi isə fondda maliyyə olmadığını bildirir.

Buna da bax: 'Ana bir də xəbər tutub ki, siçovul uşağın barmağını gəmirib'

Yəni ki, İlyas ən azı bu qışı körpə uşaqları və qoca atasıyla kartof anbarında keçirməli olacaq. Bəlkə, üzü yaza ailəni isti ocağa yığmağa xeyirxah insanlar tapıldı.

XS
SM
MD
LG