Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:11

Ermənistanda hərbçilərə pul yığılması müxalifəti qəzəbləndirib


Azərbaycan ordusu ilə üzbəüz sərhəddə erməni əsgəri. 30 dekabr 2015
Azərbaycan ordusu ilə üzbəüz sərhəddə erməni əsgəri. 30 dekabr 2015

Ermənistanda müxalifət deputatları hökumətin hərbçilərin ehtiyacları üçün vətəndaşlardan 1000 dram (2 dollar) tutmaq təşəbbüsünü "sinizm" və "dilənçilik" adlandırıblar.

HƏR AY 2 DOLLAR

Ötən gün ölkə parlamenti ölkənin müdafiəsi zamanı hərbçilərin həyat və sağlamlığına dəyən zərərin ödənilməsinə dair qanun layihəsinin müzakirəsinə başlayıb. Qanun layihəsinə görə, hər bir işləyən vətəndaşın məvacibindən vergilərdən başqa ayda 1000 dram (2 dollar) pul tutulacaq. Xüsusi fondda toplanacaq bu vəsaitdən 2017-ci il yanvarın 28-dən sonra ölən və birinci dərəcəli əlil olan hərbçilərin ailələrinə 10 milyon dram (20 min 900 dollar) məbləğində birdəfəlik ödəmələr ediləcək. İkinci qrup əlillərin ailələrinə isə 5 milyon dram (10 min 450 dollar) ödənəcək. Bundan başqa, hərbçilər aylıq ödəmələr də alacaqlar.

Buna da bax:​ Ermənistan Azərbaycan müdafiə nazirliyinin məlumatını təkzib edir

Müxalif "İrs" fraksiyasının deputatı Zarui Postanjian bu addımı "dilənçilik", müxalif "Erməni Milli Konqresi" fraksiyasının rəhbəri Levon Zurabiansa "sinizm" adlandırıb.

«İctimaiyyət vergi yükünün 1000 dram artırılması fikri ilə razı deyil. Bəsdir dilənçiliklə məşğul oldunuz, adamlardan 1000 dram diləndiniz»,Postanjian deyib.

«Belə çıxır ki, biz, sadəcə, insanların hissləri ilə oynamaq və bu pərdə altında əlavə vergilər qoymaq istəyirik. Bu, çox sinik və təhlükəli yanaşmadır»,Zurabian deyib.

“QANUN TAMAH MƏQSƏDİ DAŞIMIR”

Ermənistanın Müdafiə naziri Vigen Sargsian qanun layihəsinin parlamentdə təqdimatı zamanı bütün maraqlı tərəflərlə görüşərək, bu sənədlə bağlı onları əndişələndirən məsələlərin müzakirəsinə hazır olduğunu deyib.

Buna da bax: Ermənistan mediası:"Generallar feodal və oliqarxdır"

Nazir bildirib ki, bu qanunun insanları fərqli düşərgələrə ayırmasını, bir-birinə damğa vurmasına yol açmasını istəməzdi. O əlavə edib ki, bu qanun tamah məqsədi daşımır.

Bu tədbirlərin nə üçün büdcə hesabına görülməməsi barədə suala cavabında nazir deyib ki, bu, parlament seçkisi ərəfəsində atılmış populist addım hesab edilə bilərdi. O, həmçinin büdcənin də belə addımlara hazır olmadığını söyləyib.

Son zamanlar Ermənistanda hərbçilərə insanların üzərinə əlavə yük qoymaqla deyil, dövlətdən oğurlanmış vəsaitləri qaytarmaqla yardımın gərəkdiyi barədə fikirlər səslənir. Vigen Sarqsian buna cavabında bildirib ki, "oğurluq edən şəxslər varsa, onlar cəzalandırılmalıdır".

Buna da bax:​ ‘Acından ölən’ Ermənistan və 'ölməyən' Azərbaycan...

MAĞAZADAKI ƏSGƏR PAYININ AXIRI NECƏ OLDU?

"Çiçəklənən Ermənistan" fraksiyasının deputatı Naira Zohrabian nazirə xitabən belə deyib:

«Mən ümid edirəm, Siz nəzakət xətrinə ordunun hesabına varlanmış məmurların olduğuna inanmadığınızı dediniz. Düzünü desəm, mən tamamilə əks fikirdəyəm. Belə məmurlar birmənalı olaraq var. Sizə elə gəlmirmi ki, bu adamlar işdən yaxşı işləmədiklərinə görə yox, qarətdə iştiraka görə çıxarılıblar? Düşünmürsünüzmü ki, bu adamlar təkcə işdən çıxarılmalı deyil, həm də məsuliyyətə cəlb edilməlidir? Yeri gəlmişkən, o Polşada satılan, üzərində "satılmış" yazılmış əsgər payının axırı necə oldu? Bir şey üzə çıxdı, yoxsa hələ də istintaq davam edir?» – deyə Zohrabian maraqlanıb.

Nazir bu suala belə cavab verib ki, Polşadakı həmin dükan əsgər ləvazimatı toplamaqla məşğul imiş və kimsə öz payının bir-iki nüsxəsini onlara verib.

Buna da bax: Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilib

“O BİNA SATILANADƏK...”

Deputat Edmon Marurkian soruşub ki, məsələn, tikintisinə dövlət büdcəsindən on milyonlarla dollar ayrılmış Maliyyə Nazirliyinin tədris mərkəzinin satılaraq pulun hərbçilərə yardım fonduna köçürülməsi variantı nəzərdən keçirilibmi. Deputat həmçinin təklif edib ki, spidometrdə sürət həddinin keçilməsinə görə alınan cərimələr də bu fonda yönəldilsin.

«Bəlkə də bu fondun satılması, pulun kapital kimi fonda qoyulması, iki il vətəndaşlardan 1000 dram yığılmaması mümkündür. Ancaq bu, fərqli, çox uzaq siyasətdir. O satılana qədər...» – deyə nazir cavab verib.

Buna da bax:​ Ermənistan hökuməti gələn il öləcək hərbçiləri indidən düşünür

Sözügedən qanun layihəsi öz xidmət yoldaşları tərəfindən öldürülən əsgərlərə şamil edilməyəcək. "Çiçəklənən Ermənistan" fraksiyasından deputat Elinar Vardanian hesab edir ki, bu bağışlanılmazdır. O bildirib ki, oğullarını əsgərliyə göndərmiş valideynlər üçün uşaqlarının kim tərəfindən öldürülməsinin heç bir əhəmiyyəti yoxdur.

«Ona görə də, hesab edirəm ki, burada məhdudiyyət qoymaq düzgün deyil. Özəlliklə də nəzərə alanda ki, hər həftə olmasa da, hər ay buna bənzər insidentlərin şahidi oluruq», – deyə deputat bildirib.

XS
SM
MD
LG