Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:04

'Nardaran işi'ndə 'başıpapaqlı' atmacası


Taleh Bağırov
Taleh Bağırov

«Müsəlman Birliyi» Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov deyir ki, onun və onunla birgə «Nardaran işi» üzrə mühakimə edilən başqalarının məhkəməyə gələn qohumları polisə çağrılıb təhdid olunur. İlahiyyatçı bu sözləri noyabrın 16-da keçirilən məhkəmə iclasında dilə gətirib.

«MƏHKƏMƏYƏ GƏLƏN QOHUMLARIMIZA TƏZYİQ OLUNUR»

«Bizdə məlumat var ki, məhkəməyə gələnlərin şəxsiyyət vəsiqələrini yığır, siyahı tərtib edib müvafiq orqanlara göndərirlər. Sonra da polis vasitəsilə yaxınlarımızı, qadınları təhdid edirlər. Bu məhkəmə prosesi nəinki yerli hüquq müdafiəçilərinin, hətta beynəlxalq hüquq-müdafiə təşkilatlarının da diqqətindədir. Bu proses Xeyirlə Şərin mübarizəsidir. Ona görə də xahiş edirəm, məhkəmə olaraq, bu halların qarşısının alınması üçün lazımi tədbirlər görəsiniz», - Taleh Bağırov Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyasına müraciətində belə deyib.

«QAYNIMI ÇAĞIRIB DEYİBLƏR Kİ, BACIN MƏHKƏMƏYƏ GETMƏSİN»

Təqsirləndirilən şəxslərdən Nardaran sakini İbrahim Xudaverdiyev də yaxınlarına təzyiqlərdən danışıb. Deyib ki, bu hökumət onların evində bir başıpapaqlı kişi qoymayıb: «Qaynımı polisə çağırıb deyiblər ki, «bacına de, məhkəməyə getməsin». Hələ mən çox sözü demirəm. Zəhmət çəksin, Milli Məclis qanun qəbul eləsin ki, söz azadlığı cinayətdir, biz də işimizi bilək. Bilək ki, bu ölkədə danışanın dilini kəsirlər».

«BU, REPRESSİYANIN TƏRKİB HİSSƏSİDİR»

Təqsirləndirilən şəxslərdən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məhkəməyə gələnlərin şəxsiyyət vəsiqələrinin yığılmasını, sonradan polisin adamları təhdid etməsini siyasi repressiya dalğasının tərkib hissəsi sayıb. O, vətəndaşın şəxsiyyət vəsiqəsinin məcburən əlindən alınmasını İnzibati Xətalar Məcəlləsi baxımından qanun pozuntusu adlandırıb.

Vəkil Nemət Kərimli də adamların şəxsiyyət vəsiqələrinin yığılmasının qanunsuz olduğunu bildirib.

Nardaran məhbusları
Nardaran məhbusları

Hakim Əlövsət Abbasov tədbir görülməsinə dair müraciətə cavab olaraq deyib ki, məhkəməni izləməyə gələnlər proses iştirakçısı sayılmırlar. Ona görə də məhkəmə bu məsələ ilə əlaqədar hər hansı addım ata bilməz. Adamlar özləri müvafiq orqanlara müraciət edə bilərlər.

«HÖKUMƏT BAŞINI İTİRİB»

Taleh Bağırov bugünkü (noyabrın 16-dakı) məhkəmə iclasında da iş materiallarına əlavə olunmuş «Taleh Bağırzadənin müraciəti» adlı kitabçadan danışıb və bir daha onun Nardaran əməliyyatından sonra hazırlandığını vurğulayıb: «Orada mənim adımdan «bu hökumət fahişəliyi tərənnüm edir, ona görə də hökumətə qarşı çıxmaq lazımdır» kimi fikirlər uydurublar. Mən bu cür ifadəni heç vaxt demərəm. Görünür, özləri özlərinin nə olduğunu bilirlər, ona görə belə yazıblar. Bütün bunlar göstərir ki, hökumət başını itirib».

«MƏSCİDDƏN ÇIXIB, ÜNVANSIZ SÖYÜŞ SÖYÜRDÜ»

Məhkəmə iclasının davamında Sabunçu rayonu, 15-ci polis bölməsinin sahə inspektoru Emin Babayev şahid kimi dindirilib. O, «Müsəlman Birliyi» Hərəkatı sədrinin müavini Elçin Qasımovun necə həbs olunmasından danışarkən iddia edib ki, axşam saatlarında Elçin Qasımov məsciddən çıxıb, qışqıra-qışqıra ünvansız söyüşlər söyüb, digər polis əməkdaşı Yusif Qurbanovla birlikdə əvvəlcə onu intizama dəvət etsələr də, o, məhəl qoymayıb. Buna görə də tutub birbaşa Sabunçu Rayon Polis İdarəsinə aparıblar.

Polisin ifadəsində ziddiyyətli məqamlar diqqət çəkib. Məsələn, digər polis Yusif Qurbanov istintaqa ifadəsində deyib ki, Elçin Qasımovu evinin qarşısında saxlayıblar.

Bundan əlavə, Emin Babayev deyir ki, Elçin Qasımov İmam Rza məscidindən çıxanda söyüş söyürdü, amma məlum olub ki, orada İmam Rza məscidi yox, Əbülfəz Ağa məscidi var.

Məhkəmə noyabrın 18-də davam edəcək.

XATIRLATMA

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilən bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

XS
SM
MD
LG