Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:16

Ərzaq bahalaşır, maaş və pensiyalar artmır


Quba rayon İcra Hakimiyyəti
Quba rayon İcra Hakimiyyəti

Regionların özlərini maliyyələşdirməsi, ərzaq mallarının qiymətlərinin bahalaşması, ölkədə işsizliyin həcmi, kommersiya banklarının dollar satışını dayandırmasının səbəbləri bu gün medianın aparıcı mövzusudur...

REGİONAL İNKİŞAF STRATEGİYASI

«Azərbaycan» qəzetində «Regional inkişaf strategiyası uğurlu nəticələr verir» sərlövhəli məqalə dərc edilib. Məqalədə 2017-ci ildə ölkənin 34 şəhər və rayonunun dövlət büdcəsindən dotasiya almadan özünü maliyyələşdirəcəyi dəyərləndirilir.

Müəllif yazır ki, ölkədə qazanılan böyük uğurların kökündə iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən siyasət durur. Bu mənada ölkənin regionlarının inkişafı ön xəttə çıxıb: «Xüsusilə qeyd etməliyik ki, dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyaraq, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırıb».

Məqalədə qeyd edilir ki, dünyada neftin kəskin ucuzlaşması bir sıra ölkələrin iqtisadiyyatında böhran yaradıb. Ancaq Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirməklə neft gəlirlərinin kəskin azalmasının fəsadlarını aradan qaldırır. Müəllif yazır ki, indi ölkənin bir qisim şəhər və rayonlarının dotasiya almadan özünü maliyyələşdirməsi məsələsi dövlət büdcəsi vəsaitlərindən daha qənaətlə istifadə edilməsi ilə bağlıdır. Məqalədə dövlət başçısı İlham Əliyevdən sitat da çəkilir: «Gələcəkdə bizim planlarımız ondan ibarətdir ki, hər bir rayon özünü təmin edə bilsin. Yəni bu gün rayonların bir çoxu dotasiya ilə yaşayır. İndi Azərbaycan dövlətinin gücü, maddi imkanları var, biz bunu edirik və edəcəyik. Ancaq hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın. Buna imkan var».

Nemət Əliyev
Nemət Əliyev

NÖVBƏTİ BAHALAŞMA...

Azadliq.info «Manatın çöküşü ərzaq məhsullarının qiymətinə necə təsir edəcək?» sualına iqtisadçı-ekspert Nemət Əliyevlə cavab axtarır.

N.Əliyev deyir ki, Mərkəzi Bank sonunu fikirləşmədən manatın sürətlə dəyərdən salınmasına qərarı verib: «Amma gərək bu qərar qəbul edilməmişdən öncə müəyyən qabaqlayıcı addımlar atılsın ki, qiymətlər sürətlə bahalaşmasın, əhalidə olan vəsait sürətlə dəyər itirməsin».

Ekspert vurğulayır ki, faktiki bu ilin əvvəlindən indiyə qədər qiymətlər kəskin artıb. Qiymətlərin artımı ilə müqayisədə əmək haqları, pensiyalar yüksəlməyib. Buna görə əhalinin vəziyyəti sürətlə pisləşir: «Mərkəzi Bank məsələnin bu tərəfini nəzərə almır. Hətta onu da nəzərə almır ki, milli valyutanın sürətlə dəyər itirməsi ölkə iqtisadiyyatının manatla kreditləşməsinin qarşısını alır».

Ekspert həm yerli, həm də xarici investisiyanın ölkədən sürətlə kənara çıxdığını bildirir.

N.Əliyevin fikrincə, manat o dərəcədə dəyərini itirib ki, ölkədə bizneslə məşğul olmaq mənasız peşəyə çevrilib. Yazıda qeyd edilir ki, qiymət artımı bundan sonra da davam edəcək.

Ağdamda əmək yarmarkası.
Ağdamda əmək yarmarkası.

ÖLKƏDƏ NƏ QƏDƏR İŞSİZ VAR?

«Exo» qəzetində isə «Azərbaycanda işsizlik durmadan artır» sərlövhəli məqalə oxumaq olar.

Ekspert Nəriman Ağayev mövzunu qəzetə belə dəyərləndirib: «Ölkədə işsizliyin həcmi rəsmi statistikadan 10 dəfə çoxdur. Təkcə tikinti sahəsində 100 mindən çox insan işsiz qalıb. Ümumi mənzərəni təsəvvürə gətirmək dəhşətdir».

Ekspert deyir ki, indi ölkədə işsizliyin dəqiq səviyyəsini müəyyən etmək olduqca çətindir: «Azərbaycanda ancaq hər 10 işsizdən 1-i məşğulluq mərkəzlərinə müraciət edir. Əksəriyyət müstəqil şəkildə iş axtarışındadır. Bunu demək olar ki, maliyyə sektorunda 30 min, ticarət sektorunda isə 20 min nəfər işsiz qalıb».

N.Ağayev vurğulayır ki, indiki ağır iqtisadi şəraitdə iş tapmaq çoxlarına qismət olmur.

Ekspertə görə, ölkədə ilkin olaraq tikinti sektoru canlandırılmalıdır. Onun fikrincə, hökumət bu sahəni stimullaşdırmalıdır.

Başqa bir iqtisadçı Azər Mehdiyev isə deyir ki, məşğulluq mərkəzlərinə müraciət edənlərin çoxu heç müavinət də ala bilmirlər. O, buna səbəb kimi bürokratik maneələri göstərir. Ekspert qeyd edir ki, hazırda bu müavinətin həcmi 250 manatdır. Amma o qədər sənəd tələb edilir ki, insanın bu müavinəti almasına marağı qalmır.

'Dollar qalxır - hökumət nə fikirləşir?'
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

VALYUTA SATIŞI DAYANDIRILIR

Musavat.com-da isə «Bank dollar satmırsa, vətəndaş nə edə bilər?» sərlövhəli məqalə diqqət çəkir. Yazıda ölkədə dollar qıtlığı ekspert Əkrəm Həsənovla dəyərləndirilir.

Yazıda qeyd edilir ki, hazırda əksər kommersiya bankları dollar satmaqdan imtina edir. Bu da ölkədə idxal-ixrac əməliyyatlarını iflic hala salıb: «Banklar hərraclarda Mərkəzi Bankdan və Dövlət Neft Fondundan dollar alsa da, ikinci mərhələdə onu satmır, saxlamağa üstünlük verirlər. Səbəb isə dolların günbəgün artan qiymətidir. Digər tərəfdən, bankların bu cür davranması da bazarda dolların bahalaşmasına gətirib çıxarır».

Hüquqşünas Əkrəm Həsənov isə deyir ki, valyuta satışı kommersiya fəaliyyətidir və bankı bu əməliyyatları aparmağa məcbur etmək olmaz: «Buna iki səbəb ola bilər. Əvvəla, dolların daha da bahalaşması gözləntisi var. Buna görə də, saxlayıb daha baha satmaq istəyirlər. Amma bunu da sonsuza qədər etmək olmaz. Çünki banka manat da lazımdır. Deməli, əsas səbəb bu deyil, amma səbəblərdən biridir».

Ə.Həsənovun fikrincə, əsas səbəb Neft Fondun banklara tələb olunan qədər dollar satmamasıdır: «Banklara dollar ilk növbədə öz ödənişləri üçün lazımdır. Məsələn, xarici borcları ödəmək üçün. Digər tərəfdən, bankların iri müştərilərinə ilin sonu yaxınlaşdıqca dollar çox lazımdır ki, onlar da xarici ödənişlərini etsin. Deməli, Fond banklara dolları az satır. Əslində Fondun dollar satmaq vəzifəsi də yoxdur».

Ekspert hesab edir ki, bu dalandan yeganə çıxış yolu banklara kifayət qədər dollar satılması ola bilər: «Dövlət qurumları isə həm ehtiyatlarını qorumaq istəyirlər, həm də devalvasiyaya getmək istəmirlər. Yəni əhali və sahibkarlar burada heç nə edə bilməz...».

XS
SM
MD
LG