“Biz Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edirik. Palatanın sənaye sahə komitələri vasitəsilə üzvlər məlumatları bölüşür, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. AmCham üzvü olaraq, şirkətlər və təşkilatlar Azərbaycan və ABŞ hökumətlərinin biznes məlumatları və əlaqələrinin geniş şəbəkəsinə daxil olmaq imkanı qazanır”, - AmCham-ın prezidenti İlqar Vəliyev dekabrın 1-də Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və ADA Universitetinin təşkilatçılığı ilə keçirilən İlk Azərbaycan-ABŞ Biznes Forumunda deyib.
Buna da bax: İ.Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələri ilə görüşüb
O, AmCham-ın Azərbaycanda iqtisadi islahatlara dəstək məqsədilə ”Ağ sənəd 2016” adlı təkliflər paketini hazırladığını deyib.
Forumda yerli biznes mühiti, xarici investisiyaların cəlbi üçün lazımi qanunvericilik bazası, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, təhsil və digər faktorlar da diqqət mərkəzində olub.
“Biznesmenlər ilk öncə investisiya qoyacağı ölkədə biznes mühitinin necə olmasını, korrupsiyaya qarşı mübarizəni, şəffaflığı, əmlakın qorunmasını və təhsil sahəsində müvəffəqiyyətləri öyrənir”, - ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qeyd edib.
Buna da bax: İlk Azərbaycan-ABŞ biznes forumu
Vaşinqtonda “İpək Yolu” nəqliyyat forumu təşkil ediləcək
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə deyib ki, ABŞ Azərbaycanın əsas tərəfdaşı olaraq qalır.
“Bakıdan Nyu Yorka, Çikaqoya aviareyslərinin olması biznesin inkişafına təkan verir. Təhsil sahəsində əməkdaşlığımız da inkişaf edir. 2017-ci il martın 1-2-də Azərbaycanın Vaşinqtonda böyük biznes konfransı keçiriləcək və may ayında “İpək Yolu” nəqliyyat forumu təşkil ediləcək”, - o qeyd edib.
ABŞ Ticarət katibliyinin Avropa və Orta Asiya regionu üzrə köməkçisinin müavini Michael Lally Azərbaycan və ABŞ biznes icmasının nailiyyətlərindən danışıb və bu uğurda AmCham-ın yerinin birinci olduğunu deyib.
“Biznes əlaqələrinin inkişafı üçün 20 təklif irəli sürülüb. Biz bu tövsiyələrlə işləməyə hazırıq”, - o qeyd edib.
Buna da bax: AmCham prezidentin vergi sərəncamını alqışlayır
“Yaşıl dəhliz”in təşviqi ilə bağlı memorandum imzalandı
Vergilər naziri Fazil Məmmədov iki ölkə arasında biznesin inkişafı sahəsində vergi siyasətinin mühüm rol oynadığını önə çəkib. Onun fikrincə, Azərbaycanda iqtisadi islahatların əsasını qeyri-neft sektorunun inkişafı və biznes mühitinin genişləndirilməsi təşkil edir.
“Vergilər Nazirliyi AmCham ilə əməkdaşlıqda maraqlıdır. Biz vergi islahatları zamanı AmCham-ın təkliflərindən istifadə edirik”, - nazir vurğulayıb.
Forum çərçivəsində Azərbaycanın Gömrük Komitəsi ilə AmCham arasında palataya daxil olan şirkətlərin mallarının və nəqliyyat vasitələrinin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadənin təşviq edilməsi işinin təşkili üzrə anlaşma memorandumu imzalanıb.
Buna da bax: İnvestisiya neft sektoruna yönəlib
“Biz də ABŞ-da Azərbaycan Ticarət Palatası yaratmışıq”
Xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib ki, Azərbaycan-ABŞ biznes münasibətlərinin perspektiv inkişafı vacibdir. AmCham iki ölkənin münasibətlərinin formalaşmasında mühüm rol oynayır.
“Biz də ABŞ-da Azərbaycan Ticarət Palatası yaratmışıq. Mənim səfirliyim dövründə bu palata Azərbaycanın maraqlarının ABŞ-da təbliği sahəsində çox mühüm işlər aparırdı. Palatanı dünyada tanınmış şirkətlər təsis edib. Məruzəçilərimiz Henri Kissincer, Zbiqnev Bzejinski, Riçard Luqar və başqa tanınmış simalar idi. Ümid edirəm ki, ABŞ-dakı Azərbaycan Ticarət Palatası gələcəkdə də bu səviyyəni saxlayacaq”, - o qeyd edib.
Buna da bax: AmCham: ‘Qeyri-neft sektoruna vergi güzəşti edilməlidir’
Forum Azərbaycanın ABŞ-dakı və ABŞ-ın Azərbaycandakı səfirliklərinin dəstəyi, həmçinin “Pasha Bank”ın maliyyə dəstəyilə baş tutub.
İki ölkə arasında biznes əlaqələrinin perspektivləri, yeni əlaqələrin qurulması, yeni biznes imkanlarının aşkarlanması, qanunvericilik bazası, şəffaflıq, korrupsiyaya qarşı mübarizə, bankçılıq və maliyyə, enerji və sənaye, kibertəhlükəsizlik və onlayn ticarət, kənd təsərrüfatı və ticarət, nəqliyyat məsələləri forumun əsas mövzuları olub.
Buna da bax: