Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:46

'Qazın, işığın puluna idman oyunları keçiriləcək'


Natiq Cəfərli
Natiq Cəfərli

Milli Məclis dekabrın 6-da gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlayıb.

Maliyyə naziri Samir Şərifov parlamentdəki çıxışında 2017-ci il dövlət büdcəsinin gəlirlərinin 16.2 milyard manat, xərclərinin 16.9 milyard manat proqnozlaşdırıldığını bildirib. İqtisadçı ekspert Natiq Cəfərli AzadlıqRadiosuna ilkin rəqəmləri şərh edib:

– 2017-ci ilin büdcəsi xərclər baxımından 10 il öncənin büdcəsini xatırladır. Dollar ekvivalentində təqribən 10 il geriyə qayıtdıq. Büdcədə ciddi kəsirlərin, ixtisarların olması, xərcləmələrin azalması Azərbaycandakı iqtisadi durumu düzəltməyə yönəlməyib. Yəni, gələn ilin büdcəsi iqtisadi aktivliyin artırılmasına hesablanmayıb. Göründüyü kimi, bu büdcənin əsas qayəsi ölkənin valyuta ehtiyatlarını qorumaqdır. Əsas hədəf nə iqtisadi fəallığın canlanmasıdır, nə də ciddi iqtisadi dəyişikliklərdir. Məqsəd valyuta ehtiyatlarının qorunmasıdır. Azərbaycan iqtisadiyyatı uzun illəriydi ki, məhz büdcənin hesabına ayaqda qalırdı, büdcə xərcləmələri hesabına iqtisadi aktivlik saxlanılırdı. Büdcənin kiçilməsi iqtisadi aktivliyi də zəiflədir. Dediyim kimi, hökumətin əsas hədəfi həm Neft Fondunun, həm də Mərkəzi Bankın valyuta ehtiyatlarının qorunmasına hesablanıb. Bütün addımlar da bundan çıxış edərək atılıb.

– Natiq bəy, gələn il Tarif Şurasının qərarı ilə qaz və işığın qiymət artırılması nəticəsində büdcəyə əlavə 300 mln. manat daxilolma gözlənilir. Bu da aztəminatlı ailələrə yönəldilməlidir. Belə çıxır ki, qiymət büdcə xərclərini ödəmək məqsədilə artırılıb?

– Təbii ki, tariflərin artırılması məhz büdcədə yaranmış problemlərlə bağlı idi və bundan büdcəyə əlavə 300 milyon manat gələcək. Bu rəqəm artıq büdcə layihəsində də öz əksini tapıb. Sadəcə, Azərbaycan hakimiyyəti qəribə «qənaət» rejiminə keçib. Bir tərəfdən kommunal xərcləri artırmaqla gəlirləri artırmağı düşünür, digər tərəfdənsə elə o kommunal xərclərdən gələcək gəlir qədər, 300 milyon manatdan da bir az artıq vəsaiti gələn il idman oyunlarının keçirilməsinə xərcləyəcək. Bax, bu, açığı, nə vətəndaşlar, nə də mütəxəssislər tərəfindən qəbul ediləcək məntiq deyil.

– Belə çıxır ki, gələn ilki idman oyunlarını əhalinin hesabına, qaz, işıq pulunun artırılması hesabına keçirəcəklər?

– Bunu birbaşa söyləmək çətindir. Hökumət deyə bilər ki, biz o 300 milyon manatı sosial xərclərə yönəldəcəyik. Amma fakt budur ki, tariflərin artımından büdcəyə 300 milyon manat gəlir gələcək və həmin oyunların keçirilməsinə də 312 milyon manat xərclənəcək. Belə çıxır ki, gələn ilki idman oyunlarını biz vətəndaşlar maliyyələşdirəcəyik.

– Söhbətin əvvəlində yeni büdcənin iqtisadi aktivliyə hesablanmadığını bildirdiniz. Dekabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, ölkədə «işsizlik, yoxsulluq var, maaşlar, müavinətlər artırılmalıdır». O bunun üçün də iqtisadi fəallığın artırılmalı olduğunu, bu məqsədlə də tikinti sektorunun canlandırılmasının vacibliyini söyləyib. İndiki reallıqda tikinti sektorunu canlandırmaq nə dərəcədə real görünür?

– Şirkətlər hesabına tikinti sektorunda fəallığı artırmaq mümkün deyil. Bu potensial tükənib. Yenidən ancaq dövlət xərcləri hesabına artırmaq mümkündür. Bunun üçün bəzi layihələr də nəzərdə tutulub. Bunu reallaşdırmaq mümkün olub-olmayacaq, bunu gələcək göstərəcək. Ən azından, sosial evlər layihəsinin ideyası da belə iqtisadi aktivliyin artırılmasından ötrü büdcə vəsaitindən istifadəni nəzərdə tutur. Çünki hökumət də anlayıb ki, tikinti sektoru inkişaf etdikcə, multiplikator effekti ilə bir neçə sektoru arxasınca apara bilir. Bu sektor, keyfiyyətsiz də olsa, aztəminatlı, azmaaşlı da olsa, ən çox iş yeri yaradan sahələrdəndir. Hökumət bu layihələr hesabına sosial gərginliyi azaltmağı düşünür, məncə.

– Büdcəylə bağlı bir məqam da: Gələn ilin büdcəsində dotasiyaların məbləği nəzərəçarpacaq dərəcədə azaldılıb. 33 şəhər və rayon dotasiyasız qalacaq. Həmin rayonlar pafoslu çıxsa belə, qəfildən taleyin ixtiyarına buraxılmırmı?

– Açığı, bununla bağlı həm hökumətdə, həm də parlamentdə çox ciddi fikir ayrılığı var. Azərbaycanda birdən-birə 33 rayonun dotasiyadan məhrum edilməsinin bir izahı olmalıdır. Nə baş verdi və ya 2017-ci ildə nə başverəcək ki, 33 rayon dotasiyadan azad olunaraq öz-özünü dolandırmağa keçəcək? Ciddi heç nə baş verməyibsə, rayonlar nəyin hesabına maliyyələşəcəklər? Bunun izahını hökumət versə, daha yaxşı olar. Ən yaxşı halda, bəzi şirkətlərin Bakı qeydiyyatı rayonlara keçiriləcək, kağız üstündə, formal da olsa, həmin rayonlardan yığılan verginin həcmi arta bilər... Bir günün içində dotasiyadan məhrum edilmiş rayonların sayının artması inandırıcı görünmür, nə kənd təsərrüfatı hesabına, nə də başqa layihələr hesabına, birdən-birə, həmin rayonlarda müsbət nəticə əldə etmək mümkün deyil. Sadəcə, rəqəmlərin, gəlirlərin kağız üzərində yerini dəyişməklə 33 rayonu dotasiyadan çıxarmaq mümkündür.

– Bəs bu, həmin 33 rayona nə vəd edir? Yoxsulluq, işsizlik və ya durum elə də dramatik deyil?

– Bu rayonlarda xərcləmələrlə bağlı ciddi problem yarana bilər. Dotasiyalar azaldıqca, rayon daxilində xərcləmələr azalacaq, xərcləmələrin azalması da işsizliyin sürətlə artmasına, həmin rayonlardan insanların Bakıya və ya başqa ölkələrə axın etməsinə gətirəcək. Hökumət addım atarkən onun doğuracağı fəsadları da hesablamalıdır. Çox təəssüf ki, belə hesablama aparan hökumətimiz yoxdur.

XS
SM
MD
LG