«Azərbaycan gündəlik neft hasilatı 35 min barrelə qədər azaltsa, indiki qiymətlərlə biz hər gün 1.925, ayda isə 57.5 milyon dollar itirəcəyik».
Bunu iqtisadçı Qubad İbadoğlu bildirib.
Q.İbadoğlu indiki halda bunu Azərbaycandan ötrü risk kimi dəyərləndirib: «Nəzərə alınsa ki, itirilən 57.5 milyon dolların 47 milyon dollarını təmiz gəlir təşkil edir, bu zaman yol verilən itki qeyri-neft sektorunun yarısına bərabərdir. Bu halda valyuta gəlişinin azalması manatın ucuzlaşması amilini fəallaşdıra bilər».
Q.İbadoğlunun fikrincə, əgər indiki halda neftin qiyməti 10 dollar bahalaşsa, Azərbaycan bundan faydalana bilər. Əks halda, Azərbaycan hasilatın azalmasından itirdiyi gəlirləri heç nə ilə kompensasiya edə bilməyəcək: «Bu, Azərbaycan kimi milli valyutası neft gəlirlərindən asılı olan ölkələrin iqtisadiyyatı üçün risklidir».
Buna da bax-'Yol xəritəsi': 'Vəziyyətdən çıxmaq üçün 27 milyard lazımdır'
Asiya İnkişaf Bankından kreditlər cəlb olunmasına toxunan Q.İbadoğlu deyir ki, iqtisadiyyatın inkişafından kifayət qədər faydalanan hakim elita iqtisadiyyatın kiçilməsindən orta və kasıb təbəqənin hesabına ziyansız çıxmaq istəyir: «Bununla hakimiyyət irihəcmli borclanmaya gedib və onların qaytarılması məsuliyyətini də gələcək nəsillərə saxlayıb. Milli iqtisadiyyatın əsas məsələsi kreditlərin yox, qeyri-neft sektoruna birbaşa investisiyaların cəlb edilməsidir. Belə ki, investisiya borc öhdəliyi yaratmır, əlavə dəyər yaradaraq iqtisadiyyatın inkişafına xidmət edir».
XATIRLATMA
Noyabrın 30-da OPEC neft hasilatının gündəlik 1.2 milyon barrel azaldılması qərarını verib. 2017-ci il yanvarın 1-dən tətbiq ediləcək qərar 6 ay qüvvədə olacaq. Razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əlcəzair, Qabon, Anqola, Ekvador, Venesuela hasilatı 1.256 milyon barrel azaldır. Liviya və Nigeriyanın gündəlik hasilatı əvvəlki səviyyədə qalır, İran isə hasilatı 90 min barrel artırmaq imkanı əldə edir.
Qeyri-OPEC ölkələrindən gündəlik hasilatı Meksika 100 min, Qazaxıstan 50 min, Oman 45 min, Azərbaycan, Malayziya 35 min, Bəhreyn, Ekvatorial Qvineya 12 min, Cənubi Sudan 8 min, Bruney 7 min, Sudan və Boliviya 4 min barrel azaldacaq.
Hazırda Azərbaycan neftinin bir barreli 57 dollara satılır. Bu razılaşmadan öncə neftin bir barrelinin qiyməti 50 dollar civarında dəyişirdi.