Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:35

'Məni aparanda deyirdilər: 'bu, arvadı həbs olunan jurnalistdir?''


Fikrət İbişbəyli (Fərəməzoğlu)
Fikrət İbişbəyli (Fərəməzoğlu)

"Jam.az" saytının redaktoru, jurnalist Fikrət İbişbəyli (Fərəməzoğlu): ““Bandotdel”də hər gün şapalaq, yumruq, təpik artıq norma idi”

"Mən Bakıdakı qumarxana və əxlaqsızlıq yuvalarından silsilə məqalələr yazır, buna qarşı var gücümlə mübarizə aparırdım. Hətta yazılarımda dəfələrlə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə də çağırış eləmişdim ki, tədbir görülsün. Bununla da "bandotdel"in maraqlarına toxunmuşam. Həbsimin əsl səbəbi budur".

Buna da bax:​ İcra başçısı artıq həbsdə olan jurnalisti məhkəməyə verib

"Jam.az" saytının redaktoru, jurnalist Fikrət Fərəməzoğlu belə deyir. O, dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib.

Daha öncə prokuror ittiham aktını açıqlayıb. İttihama görə, Fikrət Fərəməzoğlu rüsvayedici məlumatlar yayacağıyla bağlı hədə-qoru gələrək, Mehman Həsənov, Şirin Abdullayev və Baxşəli Qəhrəmanovdan pul almaqda suçlanır. Həmin şəxslər icarə əsasında restoran və sağlamlıq mərkəzləri işlədirlər.

"Əlimi qandallayıb, pulu cibimə qoydular"

İttihama münasibət bildirən Fikrət Fərəməzoğlu özünü qətiyyən təqsirli saymadığını deyib: "İttiham təpədən-dırnağa qədər yalandır".

Buna da bax: Jurnalistin işgəncə şikayəti rədd olundu

Onun ifadəsinə görə, zərərçəkmiş kimi tanınan üç nəfərdən ikisini öz həbsindən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (adətən, “bandotdel” adıyla da tanınan qurum) görüb. Həmin üç nəfərdən yalnız Mehman Həsənov həbsdən üç gün əvvəl - iyunun 27-də ona zəng edərək, görüşmək istədiyini söyləyib: "Zəng eləyib şikayəti olduğunu dedi. Gəldi, görüşdük. Bizim saytda gedən bir yazını çıxarmağı xahiş etdi. Dedim ki, həll edərəm. Vəssalam, bundan sonra onunla görüşməmişəm. Ayın 30-da dörd dəfə zəng eləyib, götürməmişəm. Onun mənə nömrələnmiş pullarla 3 min manat verdiyi yerdə tutulmağım yalandır. Mən kafedən nahardan çıxıb maşınımın qapısına çatanda, bir neçə nəfər saxlayıb, qolumu qandalladı. Sonra maşında pul bağlamasını cibimə qoydular".

Buna da bax:​ Fikrət Fərəməzoğlunun ittihamları ağırlaşdırıldı

"12 gün yuyunmağa da qoymadılar"

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 34 gün qanunsuz saxlanıldığını, orada dəhşətli işgəncələrə məruz qaldığını iddia edən Fikrət Fərəməzoğlunun sözlərinə görə, maddi sübutların götürülmə protokolundakı imza onun deyil, əvəzinə qol çəkiblər: "Bandotdel"də məni hər gün axşam kameradan çıxarıb, aparıb döyürdülər - şapalaq, yumruq, təpik artıq norma idi. Məni 12 gün yuyunmağa qoymadılar, axırda kamera yoldaşım qışqırdı ki, "burada iydən ölürəm". Beynəlxalq Qırmızı Xaç Komitəsindən gələcəkdilər deyə, 12 gündən sonra yuyunmağa icazə verdilər. Orada olduğum müddətdə dişim düşdü, ayağımın ağrısından ayaqyoluna da gedə bilmirdim. Xəbərdarlıq eləmişdilər ki, Qırmızı Xaça şikayət eləsəm, əvvəl elədiklərinin ikiqatını eləyəcəklər. Psixoloji təzyiqlərsə lap dəhşət idi. Məni dəhlizdə aparanda öz adamlarından biri deyirdi ki, "bu, arvadı həbs olunan jurnalistdir?". Ailəmi deportasiya eləmək məsələsini gündəmə gətirdilər".

İfadəsinin sonunda bir daha günahsız olduğunu vurğulayan Fikrət Fərəməzoğlu deyir ki, o, azadlığa buraxılmalı, həbsinə nail olanlarsa dəmir barmaqlıqlar arasına salınmalıdır: "Çünki cinayətkar mən deyiləm, onlardır".

Buna da bax: Jurnalistin xanımı Ramil Usubova müraciət etdi

Dekabrın 27-də keçiriləcək növbəti məhkəmədə zərərçəkmişlər dindiriləcək.

Xatırlatma

Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Fikrət Fərəməzoğlu 10 il öncə - «24 saat» qəzetinin baş redaktoru olarkən, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə də cinayət məsuliyyətinə cəlb edilmişdi. O vaxt məhkəmə jurnalistə 1 il şərti həbs cəzası vermişdi.

XS
SM
MD
LG