Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:02

Hakim: 'Gərək adamın bir sifəti olsun...'


Hakim Əfqan Hacıyev
Hakim Əfqan Hacıyev

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov, «Aztelekom»un keçmiş rəhbəri Məhəmməd Məmmədov, «Bakı Telefon Rabitə» İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynov və daha 8 nəfərin məhkəməsində şahidlərin dindirilməsi mərhələsidir. Məhkəmədə dindirilən şahidlərin bir çoxu istintaqdakı ifadələrini təsdiqləmirlər. Bakı Ağır Cinayətlər Məhkəməsində rabitəçilərin işi üzrə məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev buna görə şahidlərə irad bildirib:

«Gərək adamın bir sifəti olsun. İstintaqda bir cür danışırsınız, burada başqa cür. İstintaqa verdiyiniz ifadələr daş altında olan ilan kimidir. Daşın altından çıxır və üzünüzə durur ki, belə deyil. Bir ildən də az vaxt keçib. Gəlib burada deyirsiniz ki, «xatırlamıram». Belə də olmaz ki...».

Buna da bax-MTN generalının sürücüsü məhkəmədə ifadə verdi

Hakim şahidlərə xəbərdarlıq edib ki, yalan ifadə verən şəxslərlə bağlı ayrıca material hazırlanacaq və barələrində tədbir görüləcək.

RƏHBƏRLİKDƏN ALDIĞINI TƏSDİQLƏYİB

Dekabrın 16-da keçirilən məhkəmədə Xəzər Rayon Telefon Qovşağının mühasibi Amil Məmmədov şahid kimi ifadə verib. O, aylıq maaşdan başqa «paket» pul da aldığını deyib. Amma kimdən və nə qədər aldığını açıqlamaq istəməyib.

Hakim:

– Pulu kimdən almısınız, ad çəkmirsiniz. Bu Sizin işinizi itirməyinizə səbəb ola bilər.

Şahid:

– Problem deyil.

– Problem olmadığını deyirsiniz, ad çəkmirsiniz. O zaman aldığınız pulları dövlətin büdcəsinə geri ödəyin.

– Problem deyil.

Buna da bax-Rabitəçilər işi: 'Mən paket sözünü bilmirdim, təzə eşitmişəm'

Hakimin israrlı çoxsaylı suallarından sonra mühasib «paket» pulu rəhbərlikdən aldığını söyləyib.

200-300 MANATLIQ «BAYRAMPULU»

İsmayıllı Telefon Qovşağının rəisi Elxan Əliyev istintaqa ifadəsində deyib ki, tenderlər formal keçirilirdi. Ancaq məhkəmədə fərqli danışıb. İfadəsində deyib ki, tenderlər qanuna uyğun keçirilirdi. Prokurorun suallarına cavab verərkən isə yenə tenderlərin formal keçirildiyini bildirib.

«Bakı Telefon Rabitə» İstehsalat Birliyinin əməkdaşı Vüqar Mehbalıyev də məhkəmədə ifadə verərkən «paket» əməkhaqqı aldığını təsdiqləyib. O, bayramlarda mühasibatlıqdan 200-300 manat «paket» pul aldığını bildirib.

Rabitəçilərin məhkəməsi dekabrın 21-də davam edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksəkrütbəli şəxsləri ifadələrində büdcə vəsaiti xərclənərkən, xərcləri şişirtdiklərini etiraf ediblər. İstintaqın qənaətinə görə, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmə ilə dövlətə ziyan vurub.

XS
SM
MD
LG