Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:14

'Adını qoydular ki, camaatı qızışdırıb, ayağa qaldırmışam'


Arxiv fotosu.
Arxiv fotosu.

“Orada belədir, bir nəfər bir neçə mağazanı şirkətdən müqaviləylə icarəyə götürür. Sonra o adam həmin mağazaları ayrı-ayrı adamlara qeyri-rəsmi qaydada icarəyə verir. Məsələn, mağazanın müqaviləli icarədarı məndən qeyri-rəsmi 5 min 300 manat aylıq alırdı, ondan 1500 manatı şirkətə verirdi, şirkətsə həmin məbləği 500 manat kimi rəsmiləşdirirdi. Hamısı vergidən yayınmaq üçün...”

“5 min 300 manatın 500-ü rəsmiləşirdi”

Masallının Çayqıraq kənd sakini Xaliq Nurullayev bu yaxınlaradək Bakıda – Cəfər Cabbarlı meydanında yerləşən yeraltı piyada keçidindəki ticarət mərkəzində icarələdiyi mağazada ayaqqabı satışı ilə məşğul olurmuş. AzadlıqRadiosu-na danışır ki, ötən il ikinci devalvasiya baş verəndə ticarətdən gəlir də azalıb. Bu səbəbdən də icarədarlardan icarəhaqlarının azaldılmasını tələb ediblər. Tələblərinə nisbətən nail də olublar. Ancaq sonda, özü demişkən, “çanaq onun başında sınıb”:

Buna da bax:​ Kassa aparatın yoxsa, cəzaya hazır ol

“DEDİLƏR, CAMAATI QIZIŞDIRMISAN”

“Adamları topladım, dedim, gəlin, icarə haqlarının salınmasını tələb edək. Belə də etdik. Düzdür, təsiri oldu, icarə haqları 5 min 500 manatdan 4 min manatadək düşdü, ancaq ortada özümü ordan qovdular. Adını qoydular ki, camaatı qızışdırmışam, ayağa qaldırmışam”.

Deyir, qovmaqları bir tərəfə, üstəlik, mağazada olan 1500 cüt ayaqqabını da gecəylə kisələrə doldurub aparıblar. O, bir müddət ayaqqabıların saxlanc yerini öyrənməyə çalışıb. Öyrənəndə isə gec olub:

“Ayaqqabıları səliqəsizcəsinə kisələrə doldurmuşdular deyə, hamısı əzik-əzik olub sıradan çıxmışdı. Onları qəbul etmədim, tələb etdim ki, mənə dəymiş zərəri ödəsinlər. Dedilər, öz mallarıdır, istəyirsən götür, istəmirsən, apar kisəqarışıq at zibilliyə”.

Buna da bax:​ Qiymət artımına 'yaşıl işıq' yandıran kimdir?

ŞİKAYƏT TƏMİN OUNMAYIB, ŞİRKƏT DƏ TƏKZİB EDİR

İş məhkəməyə qədər gedib çıxıb. Xaliq Nurullayev və şəriki Nəsimi Quliyev Nəsimi rayon Məhkəməsində “Royal Estate” MMC-yə qarşı istehlakçı hüquqlarının pozulmasına və vurulmuş ziyanın ödənilməsinə dair iddia qaldırıb. İddiaçıların 28 min manat maddi ziyan, 38 min manat dəbbə pulu, 5300 manat mənəvi zərərə görə təzminat tələbini məhkəmə təmin etməyib. Məhkəmə iddiaçılarla şirkət arasında müqavilə olmamasını əsas götürüb.

“Royal Estate” MMC-dən “Qaynar xətt”ə bildirilib ki, şirkətə məxsus mağazanın icarə müqaviləsi Fərhad Hüseynov adlı şəxslə bağlanıb. 2016-cı ilin əvvəli MMC ilə Fərhad Hüseynov arasında müqaviləyə xitam verilib. Mağazanı başqası rəsmi qaydada icarəyə götürüb. Həmin vaxt mağazanı işlədən subicarəçi Xaliq Nurullayevə dəfələrlə mağazanı boşaltması ilə bağlı xəbərdarlıq olunsa da, o, mağazanı boşaldaraq təhvil verməyib. Şirkət işçiləri də mağazadakı ayaqqabıları və subticarətçiyə məxsus başqa əşyaları qablaşdıraraq ticarət mərkəzinin anbarına yığıb. Həmin əşyalar hələ də anbarın saxlanc yerindədir və Xaliq Nurullayev istədiyi vaxt onları götürə bilər: “Bu işə məhkəmə də baxıb, öz qiymətini verib. Hətta şirkətin vergidən yayınması ilə bağlı iddia qaldırıblar. Məhkəmə də araşdırıb, iddiaları sübuta yetirilməyib”.

Buna da bax:​ 'Cırtdan satılmır, Çin malı nə qədər istəsən var...'

Xaliq Nurullayev Nəsimi rayon Məhkəməsinin qətnaməsindən Bakı Apelyasiya Məhkəməsinə şikayət verib. Şikayətə fevralın 1-də baxılacaq.

XS
SM
MD
LG