Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:33

Tarix nə zaman yoxa çıxır?


Yusif Vəzir Çəmənzəminli
Yusif Vəzir Çəmənzəminli

Sevda İsmayıllı

“Azerbaijan international” dərgisinin baş redaktoru Betty Blair Qərb Universiteti tələbələriylə görüşündə, əslində, elə bu sualı cavablamağa çalışdı.

“Çəmənzəminli hekayəsində bu qadının çox böyük rolu var”, - “Azerbaidjan internasional” dərgisinin baş redaktoru Betty Blair Qərb Universiteti tələbələriylə görüşündəbelə dedi. O, həmin universitetin bir km civarında yerləşən və Yusif Vəzir Çəmənzəminlinin həyatıyla bağlı olan binalardan maraqla söz açdı.

YUSİF VƏZİRİN QAYNANASI – KİÇİKXANIM ACALOVA

Betty Blair-in sözlərinə görə, haqqında danışdığı qadın olmasaydı, bizlər Çəmənzəminlini daha az tanıyardıq:

“Bu qadın onun qaynanasıydı... Adı Kiçikxanım, soyadı Acalovaydı. Çox cəsarətli bir qadın idi. Onun cəsarəti olmasaydı, biz bu gün Yusif Vəzir haqqında bildiyimiz şeylərin çoxunu bilməzdik. Kiçikxanımın mənzilində 3 məqsəd üçün istifadə olunan bir mebel vardı – həm masaydı, həm sandıq, həm də yataq. Çəmənzəminlinin sovet rəsmiləri ilə problemləri yarandığı vaxtda Kiçikxanım kürəkəninin bütün sənəd, əlyazma və gündəliyini, roman və başqa kitablarını elə həmin sandıqda gizlətmişdi”.

Təzəbəy hamamı, Bakı
Təzəbəy hamamı, Bakı

BİRİNCİ BİNA: ŞEYX ŞAMİL KÜÇƏSİNDƏKİ “TƏZƏBƏY” HAMAMI

Xanım Betty Kiçikxanımın yaşadığı mənzildən də söz açdı:

“Bu, Şeyx Şamil küçəsində yerləşən “Təzəbəy”hamamının 2009-cu ildə çəkilən fotosudur. İndi orada bərpa gedib. Bu, kişi hamamıdır. Əvvəllər də, indi də yuxarı mərtəbəsi yaşayış olub. Hamamın işindən keçib o biri tərəfə çıxsanız, mənzillər görərsiniz. Gördüyünüz şəkil həmin mənzillərdən birində çəkilib. Bu fotodakı kişi Yusif Vəzirin oğlu Orxan Vəzirovdur. O, bizi ailənin nə vaxtsa yaşadığı mənzilə aparmışdı. Sovet dövründə insanların yerlərini dəyişər, onları kommunal - ümumi mənzillərə köçməyə məcbur edərdilər. Ailələr bir çox infrastrukturu bölüşdürməliydilər - onların ümumi hamamları, mətbəxləri olardı. Bu da həmin mənzillərdən biriydi. Kiçikxanım Acalova da həmin otaqların birində yaşayırdı...”.

“BU BİNADA NƏ VAXTSA CƏSARƏTLİ QADIN YAŞAYIB”

Betty Blair o dönəmlərdə bu mənzildə axtarış aparıldığına diqqət çəkir:

“Hər şeyi götürmüşdülər, amma Kiçikxanım Acalovanın saxladıqlarını tapa bilməmişdilər...1960-cı illərdə həmin saxlanc Əlyazmalar İnstitutuna təhvil verilmişdi. Orada 21 saylı fond Çəmənzəminlinin sənədləri üçün ayrılmışdı. İndiyədək sizə sadə bir tikili kimi görünən ( “Təzəbəy” hamamı) bu hamamın qarşısından keçəndə, biləcəksiz ki, burada nə vaxtsa belə cəsarətli bir qadın yaşayıb”.

ŞUŞALI YUSİF NİYƏ ÇƏMƏNZƏMİNLİ OLDU?

Betty Blair tələbələrə Yusif Vəzirin təxəllüs götürdüyü Çəmənzəminli kəndindən də maraqlı bilgilər verdi:

Yusif Vəzir Çəmənzəminli ailəsi ilə birlikdə, Şuşa 1905- 1906
Yusif Vəzir Çəmənzəminli ailəsi ilə birlikdə, Şuşa 1905- 1906

“Li-Azərbaycan şəkilçisidir. Çəmənzəmin - fars sözüdür və “yaşıl torpaq” deməkdir. Bax, bu, İranın xəritəsidir. Pişiyi xatırladır. Pişiyin başında nöqtə ilə qeyd olunan Çəmənzəmin kəndidir. Təbriz şəhərinə çox yaxındır, amma dağlıq ərazidə yerləşir. Çox kiçik bir kənddir və 2006-cı ilin məlumatına görə, orada 30 ailə yaşayır. Ötən əsrin əvvəllərində kənddə böyük quraqlıq baş verir və burada yaşayan 3 qardaş Şuşaya köç edir. Yusifin atası bu qardaşlara öz evində yer verir. Bir müddətdən sonra Yusifin böyük qardaşı rəhmətə gedir. Çox keçmir atası da dünyasını dəyişir... Yusif tif xəstəliyinə tutulur. Ailə başsız qalır. Evlərindəki mebelləri də satmağa məcbur qalırlar, çünki yeməkləri belə yox idi. Bu zaman həmin Çəmənzəmin kəndindən gələn qardaşlardan biri ailəyə maddi dəstək verir. Onları çətin vəziyyətdən bu qardaş çıxarır”.

“NƏ VAXTSA MƏŞHUR YAZIÇI OLSAM...”

Xanım Betty Yusifin elə bu vaxtlar bir qərar aldığını deyir:

Əli və Ninonun prototipləri
Əli və Ninonun prototipləri

“Təxminən 1906-cı illər idi. Yusif qərara gəlir ki, “nə vaxtsa məşhur yazıçı olsam, Çəmənzəminli təxəllüsünü götürəcəyəm. Qoy o kənddən olan qardaşın göstərdiyi xeyirxahlıq mənim adımda və ədəbiyyatda əksini tapsın”. Fikrimcə, burdan belə məcazi məna da çıxarmaq olar ki, quraqlıq olan vaxt onun adı qoy bir yaşıllıq gətirsin - ədəbiyyata da, həyata da. M.F. Axundov kitabxanasına gedib araşdırma aparsanız, orada onun ərəb əlifbasıyla yazılmış təxəllüslərini görə bilərsiniz. Ə. Q. Çəmənzəminli, Əliqulu xan Çəmənzəminli, Əli xan Çəmənzəminli. Bu, onun 1911-12-ci illərdə çap etdirdiyi hekayələrdəki təxəllüsüdür. O da maraqlıdır ki, məşhur Vəzirovlar soyadının daşıyıcısı olsa da, özünə təbiətə yaxın bir soyad seçir”. Bilirsiniz ki, “Əli və Nino”da əsas obrazın adı Əlidir. Yusif Vəzir də hələ 1911-ci ildə Əli xan Çəmənzəminli təxəllüsünü işlədib. Amma bu, yeganə hal deyil. Öz yaradıcılığı boyu Yusif Vəzir 15-20 təxəllüsdən istifadə edib”.

İKİNCİ BİNA

Xanım Betty ikinci binanı tələbələrə belə tanıtdı:

“Bu, Cəfərov qardaşları küçəsindəki 31 saylı binadır. Şeyx Şamil küçəsinə paralel yerləşir. Məhz burada 1900-cü illərdə Əlipaşa adlı azərbaycanlı yaşayıb. O, Aleksandra adlı gürcü xanımla evli olub. Onların Tamara adlı bir qızı vardı. Bildiyiniz kimi, “Əli və Nino” romanında da azərbaycanlı Əli ilə gürcü qızı Nino evlənir və Tamara adlı qızları olur... Yusif Vəzirin bu cütlüyü tanıdığını düşünürəm, çünki onlar bir məhəllə aşağıda yaşayırdılar. Bolşeviklər hakimiyyəti ələ keçirəndən sonra Əlipaşanı qətlə yetirirlər və Aleksandra 3 uşaqla tək qalır. İndi Aleksandranın nəvəsi Kanadada səfirdir”.

ÜÇÜNCÜ BİNA

Xanım Betty, Yusif Vəzir Çəmənzəminlinin yaşadığı evin qarşısında
Xanım Betty, Yusif Vəzir Çəmənzəminlinin yaşadığı evin qarşısında

Üçüncü bina Yusif Vəzirin sovet dövründə yaşadığı binadır:

“Keçmiş Bünyad Sərdarov küçəsindəki 20 saylı binada Yusif Vəzir 1926-cı ildən sonra (bu, Yusif Vəzirin mühacirətdən dönüş tarixidir - S.İ.) yaşayıb. İran səfirliyindən yuxarıda yerləşir. İndi onun arxasında yeni ev tikilir, amma bu bina hələ də qalıb. Binanın önündə ağaclar var. Yusif Vəzir ağacların arxasındakı mənzildə - birinci mərtəbədə yaşayıb. Oraya lövhə də vurulub”.

TARİX NƏ ZAMAN YOXA ÇIXIR?

Xanım Betty Yusif Vəzirin o mənzildə son dəfə1937-ci ildə olduğunu dedi:

“ Yusif Vəzirin oğlu Orxan Vəzirov vaxtilə bu barədə bizə məlumat vermiş, hətta mənzilin çertyojunu da çəkmişdi... Yaxşı ki o hekayəti onun oğlu bizə danışıb, yoxsa haradan biləcəkdik? Və siz tələbələr də çalışın ki, həmişə nənə-babalarınızın söhbətlərini, hekayələrini qeyd edəsiniz. Çünki tarix tez yoxa çıxır. Əgər biz onu qeyd etmiriksə, tarix yaddan çıxır, unudulur, yox olur...” .

1937-Cİ İL...HƏMİN BİNA...ORXAN KÜÇƏDƏ OYNAYIR...YUSİF VƏZİR AĞLAYIR...

Orxan Vəzirov, Yusif Vəzir Çəmənzəminlinin kiçik oğlu
Orxan Vəzirov, Yusif Vəzir Çəmənzəminlinin kiçik oğlu

Betty Blair Orxan Vəzirovdan eşitdiyi bir xatirəni də danışdı:

“Bir gün 8 yaşlı Orxan küçədə oynayandan sonra evə gəlir. Və görür ki, atası əlində böyük bir qalaq əlyazma yandırır... Anası da atasının yanındadır... Hər kəs susqundur və... Və Orxan atasının gözlərində yaş gördüyünü xatırlayır... Təsəvvür edin, nə qədər vaxt sərf edib yazasan və onu yandırmaq məcburiyyətində qalasan... Orxan çox kiçik olduğundan, yandırılanın nə olduğunu soruşmayıb. Ona görə, biz bilmirik ki, Yusif Vəzirin o vaxt yandırdığı əlyazmalar nə idi... Orxan düşünürdü ki, bu, “Əli və Nino” ola bilməzdi. “Əli və Nino” ilk dəfə 1937-ci ildə çap olunmuşdu və Yusif Vəzir Bakıya qayıdarkən, özüylə belə təhlükəli bir əlyazma gətirməzdi”.

İLYAR ƏLİ ŞİRVANŞİR

Xanım Betty Yusif Vəzirin Əlyazmalar İnstitutundakı fondunda “İlyar” adlı yazı ilə qarşılaşdığını bildirir:

“Orada müəllif kimi “Əli Şirvani” göstərilir. Bildiyiniz kimi, “Əli və Nino”da da İlyas obrazı var və o, Əli xanın dostudur. Romanda Əli xanın da soyadı Şirvanşirdir. Azərbaycanda hazırda Şirvanşir deyilən soyad yoxdur. Bu, uydurulmuş soyaddır. Maraqlıdır ki, Yusif Vəzirin sənədləri arasında belə bir qəbz vardı və orada “İlyar Əli Şirvanşir” yazılmışdı...”.

Azərbaycanlı tələbələr Ukraynada, (soldan) Gəzənfər Musabəyov, Əbülfət xan Talışınski (Rüstəm Əliyev?), Cəlil Məhəmmədzadə, Yusif Vəzir Çəmənzəminli, Asəd bəy Axundov, Gambay Rəfibəyov, 1913, Kiyev 1913
Azərbaycanlı tələbələr Ukraynada, (soldan) Gəzənfər Musabəyov, Əbülfət xan Talışınski (Rüstəm Əliyev?), Cəlil Məhəmmədzadə, Yusif Vəzir Çəmənzəminli, Asəd bəy Axundov, Gambay Rəfibəyov, 1913, Kiyev 1913

“SIRALARI TƏMİZLƏYİN!”

“1937-ci il Azərbaycan Yazıçılar İttifaqında çətin dövr idi. Səməd Vurğun Yazıçılar İttifaqının sədri idi. O vaxt yuxarıdan belə bir əmr alınmışdı ki, sıraları təmizləyin. Şübhəli yazıçıları sıranızdan çıxarın. Təkcə Yusif Vəziri deyil, başqalarını da ittifaqdan çıxarırdılar. Əgər Yazıçılar Birliyinin binasının 3-cü mərtəbəsinə qalxsanız, bir lövhəylə qarşılaşar və orada 26 şair və yazarın adlarını görərsiniz. Onları 37-ci ilin, sovetlərin qurbanı saymaq olar. Bu dövrdə, Çəmənzəminli də daxil, belə yazıçıları təqib edirdilər. Həmin vaxt Yusif Vəzir ittifaqın üzvlüyündən çıxarıldı. Bu isə o demək idi ki, sən heç yerdə əsər çap etdirə, redaktor çalışa, qəzetdə çıxış edə bilməzdin. Yəni işsiz qalmalıydın...”.

MİR CƏFƏR BAĞIROVA MƏKTUB... STALİNƏ MƏKTUB...

Xanım Betty Yusif Vəzirin çıxılmaz durumda qaldığını deyir:

“Ancaq Yusif Vəzirin həyat yoldaşı, 3 övladı, bir dayəsi vardı və onların hamısı ikiotaqlı mənzildə yaşayırdılar. Çarəsiz Yusif Vəzir Mir Cəfər Bağırova məktub yazır və bildirir ki, mənim işə ehtiyacım var, ailəm var və mən işləməliyəm. Amma heç bir cavab almır. Bir müddət sonra o, həmin məktubdan Stalinə də yazır. Yenə də heç bir cavab almır...”.

EV DUSTAQLIĞINDA YAZILAN “İKİ OD ARASINDA”

Xanım Betty bundan sonra Yusif Vəzirin iş dalınca Aşqabada, Moskvaya getdiyini deyir:

“İş axtarır, amma tapa bilmir. Təzədən Bakıya qayıdır. Amma qorxur ki, onu tutub apararlar. Odur ki, mənzilində 8 ay gizlənməyə məcbur qalır... O, bu mənzildə 8 ay gizli yaşadı və “İki od arasında” romanını da burda yazdı...Təsəvvür edirsinizmi, 8 ay bir mənzildə gizlənmək nə deməkdir? Nəzərə alın ki, o mənzildə ayrıca hamam yox idi, su yox idi və o evinin qapısından çıxa bilməzdi”.

“O-O-O... YUSİF VƏZİR EVDƏDİR!..”

Betty Blair 8 aydan sonra bu sirrin necə açıldığını Orxan Vəzirovdan belə eşidib:

Yusif Vəzir Çəmənzəminlinin 1909-cu ildə bitirdiyi Bakı Realnı məktəbi
Yusif Vəzir Çəmənzəminlinin 1909-cu ildə bitirdiyi Bakı Realnı məktəbi

“Vəzirovların mənzilində telefon vardı. Bir gün qonşulardan biri qapı açıq olduğuna görə içəri girir və görür ki... Yusif Vəzir evdədir...”.

-Ardınca nə oldu?

-Həbs təhlükəsiylə üzləşən Yusif Vəzir hansı səhvlərə yol verdi?

-Xanım Betty-nin “7 bina” layihəsinə Yusif Vəzirlə bağlı daha hansı məşhur binalar daxildir?

-Görüşdə “Əli və Nino”nun qəhrəmanı Əliylə Yusif Vəzir arasındakı hansı oxşarlıqlardan söz açıldı?

Kiçikxanımın böyük hünəri...İZ-Anons
Gözlə

No media source currently available

0:00 0:29:55 0:00
Direct-ə keçid

Verilişin ikinci hissəsi-2017-ci il yanvarındaAadlıqRadiosunda.

XS
SM
MD
LG