Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:10

Bakı Avropa siyasətçisinə rüşvəti Britaniya ofşorları ilə ödəyib?


Luca Volonte
Luca Volonte

The Observer” yazır ki, aparıcı İtaliya siyasətçisi Luca Volontenin milyonlarla funt məbləğində rüşvət alması iddiaları ilə bağlı qalmaqalda 4 Britaniya şirkətinin adı hallandırılır.

İddialara görə İtaliya Mərkəzçi İttifaq Partiyasının keçmiş üzvü Azərbaycanda insan haqlarının vəziyyətini əks etdirən hesabatın qarşısını almaqda rəsmi Bakıya köməklik göstərib.

İddialara görə almaniyalı siyasətçi Christoph Strasser-in Bakını tənqid edən hesabatı rüşvətlə bloklanıb
İddialara görə almaniyalı siyasətçi Christoph Strasser-in Bakını tənqid edən hesabatı rüşvətlə bloklanıb

Məqalədə deyilir ki, eyni zamanda Avropa Şurasının fraksiyalarından olan Avropa Xalq Partiyasının rəhbəri Volontè hazırda 2, 39 milyon avro rüşvət alması barədə iddialarla Milan prokurorluğu tərəfindən araşdırılır.

İddia edilir ki, Volontè 2013-cü ildə Xalq Partiyasını Azərbaycanda siyasi məhbuslar barədə qətnamənin əleyhinə səs verməyə sövq edib.

“The Observer” yazır ki, Azərbaycanı tənqid edən hesabat Avropa İttifaqı üzvləri tərəfindən rədd edildikdən bir neçə ay sonra Avropa Komissiyası Azərbaycan qazını Avropaya çıxarmalı olan “ziddiyyətli Transadriatik Kəmərinin (TAP) tikintisini elan edib.

İnsan haqları kampaniyaçıları almaniyalı sosial-demokrat Christoph Strasser-in rədd edilmiş hesabatı və Avropanın bu qaz kəmərini dəstəkləməsi məsələsini qabardırlar.

“The Observer” qəzetinin yazdığına görə Strasser İtaliyanın RAI telekanalına bildirib: “Mənim hesabatımın rədd edilməsi ilə Azərbaycan öz reputasiyasını xilas etdi və onlar Avropada biznesə başlayanda heç kəs onlara heç nə deyə bilmədi”.

Rusiya mafiyası ilə eyni həlqədə

TAP nəhəng Avro-Xəzər Meqa Kəmər layhəsinin bir hissəsidir və Azərbaycanın BP tərəfindən idarə olunan Şahdəniz qazını Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya nəql etməlidir.

“The Observer” yazır ki, Volontè-yə dörd Britaniya şirkəti vasitəsilə edilmiş ödənişlər İtaliyada çəkilmiş sənədli filmdə yer alıb. Volonte filmin yaradıcılarına deyib ki, o pulları “Azərbaycan prezidenti İlham Əliyevin yaxşı dostu Elxan Süleymanov vasitəsilə və Azərbayacana kənd təsərrüfatı sahəsində verdiyi məsələhətlərə görə alıb”.

Elxan Süleymanov
Elxan Süleymanov

Məqalədə deyilir ki, sözü gedən dörd şirkət, belə görünür, Birləşmiş Krallıqda əməliyyatları olmayan balıqqulağı tipli şirkətlərdir və hazırda ləğv ediliblər.

Avropada Stabillik Təşəbbüsü qrupu bu şirkətlərin adlarını açıqlayıb: İngiltərədə mənzillənmiş LCM Alliance LLP, Qlazqoda mənzillənmişHilux Services və Polux Management şirkətləri və baş qərargahı İngiltərənin Birmingem şəhərində qeydiyyatda olmuş Metastar Invest şirkəti. Bunların dördü də ofşor zonalarda olan şirkətlər tərəfindən idarə olunub.

“The Observer” qəzetinin yazdığına görə sənədlər göstərir ki, ödənişlərin ötürülməsi üçün istifadə edilmiş Metastar məhdud məsuliyyətili partyorluğu (LLP) şirkəti hazırda ləğv edilmiş iki üzv (ofşor) şirkət tərəfindən idarə olunub: Advance Developments Ltd və Corporate Solutions Ltd. Bu şirkətlər Belizdə qeydiyyatdan keçmişdi və Armut Services şirkəti də daxil çox sayda Britaniya qeydiyyatlı LLP-lərə nəzarət edirdi.

Latviya məhkəməsinə aid sənədlərdə iddia olunur ki, həmin Armut - Hermitage Capital Management fondundan Rusiya Maliyyə Nazirliyinə edilən 230 milyon dollarlıq ödənişin köçürülməsinə dəstək verib.

Bu qalmaqala habelə Rusiyanın mütəşəkkil cinayətkarlıq sindikatlarından Klyuyev qrupu barədə iddialar da daxildir. İddialara görə bu qrup Rusiya hökumətinin dəstəyi ilə “Rusiya xalqından” azı 800 milyon dollar oğurlayıb.

Həbsxanada ölmüş Rusiya hüquqşünası Sergei Maqnitsky məhz Hermitage qrupu ilə işləyirdi. Onun ölümü bu və ya digər dərəcədə Rusiya hökumətinin maliyyə maxinasiyalarını ifşa etməsi ilə əlaqələndirilir.

TAP Rusiya qazına xidmət edəcək?

Londonda mənzillənmiş Platform kampaniya qrupundan Emma Hughes “The Observer” qəzetinə bildirib ki, sözü gedən rüşvət qalmaqalında Britaniya ofşor ərazilərinin adının hallanması Britaniya hökuməti üçün həyəcan təbili olmalıdır.

Emma Hughes
Emma Hughes

“Bu korrupsiya iddiaları qalmaqalı ofşor ərazilərin yaratdığı bulanıqlığın korrupsiya və rüşvətin dünya boyunca körüklənməsindəki rolunu nümayiş etdirir” – deyib Hughes.

Xanım Hughes bildirib ki, Birləşmiş Krallıq öz qanunlarını dəyişməyincə hazırkı situasiya cinayətkarlığa rəvac verməkdə davam edəcək.

Onun fikrincə, bunun qarşısını almaq üçün Britaniya qanunlarına insan haqlarının tapdanmasından mənfəət götürənlərin aktivlərinin dondurulmasına imkan verən dəyişiklik qəbul edilməlidir.

“The Observer” yazır ki, TAP kəmər layihəsi yarandlığı gündən ziddiyyətlərə səbəb olub. Bir vaxtlar bu layihəyə xeyir-dua verən keçmiş xarici işlər naziri William Hague iddia edirdi ki, TAP Britaniyanı Rusiya qazının asılılığından xilas edəcək.

Lakin xanım Hughes deyir ki, bir çoxları belə düşüncəyə şübhə ilə yanaşırlar.

“Reallıqda Avro-Xəzər Meqa Kəməri (Euro-Caspian Mega Pipeline) çox güman ki, Rusiya qazının Avropaya nəqli ilə məşğul olacaq. Çünki bu kəmər Rusiyanın kəmərlər şəbəkəsinə birləşdirilmək məqsədilə lahihələndirilib, - deyir Hughes, - TAP Avropanı qarşıdan gələn 50 ildə ətraf mühiti çirkləndirən mədən yanacağına bağlayacaq”.

Onun fikirncə bu, bir tərəfdən Britaniyaya özünün iqlim dəyişikliyi hədəflərini yerinə yetirə bilməsində mane olacaq və Britaniyanı Azərbaycan hökumətindən asılı edəcək.

Emma Hughes deyir ki, Avropa İttifaqı “bu təhlükəli kəmərə” dəstəyini dayandırmalıdır.

Azərbaycan hökuməti Avropada siyasətçilərin korrupsiya ilə ələ alinması iddialarını bir qayda olaraq inkar edir və bu iddiaları əsassız adlandırır.

XS
SM
MD
LG