Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:21

ABŞ kəşfiyyat hesabatı: “Putin Trump-a kömək etməyə çalışıb…”


ABŞ kəşfiyyatının hesabatında deyilir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ seçkisində qalib gəlməsi üçün Donald Trump-a “kömək etməyə çalışıb”.

Məxfi hesabatda qeyd olunur ki, Rusiya prezidenti ABŞ prezident seçkisinin nəticələrini təsirləndirmək məqsədli kampaniyaya “göstəriş” verib.

Hesabat media üçün sənədlə cənab Trump tanış edildikdən sonra açıqlanıb.

Donald Trump Rusiyanı tənqid etməkdən çəkinsə də, bildirib ki, Rusiyanın müdaxiləsi seçki nəticəsinə təsir göstərməyib.

Hesabatda deyilir ki, Putin və Rusiya hökuməti Donald Trump-ın qələbəsinə kömək etmək üçün imkan olan bütün hallarda Clinton-u gözdən salıb.

Cənab Trump Milli Kəşfiyyatın direktoru, general James Clapper, MKİ-nin başçısı John Brennan və FTB-nin direktoru James Comey ilə görüşünü “konstruktiv” adlandırıb.

Mediaya hesabatın yalnız redaktə olunmuş variantı açıqlanıb.

WikiLeaks Kremlə işləyib?

ABŞ-ın NBC News şəbəkəsi “Əsas mühakimələr” adlanan hesabata daha geniş yer ayırıb.

Hesabatda Rusiyanın dövlət teleyayınçısı RT-yə (Russia Today) xüsusi diqqət verilir.

Burada bildirilir ki, Trump-ın milli təhlükəsizlik müşaviri vəzifəsinə namizədi general Mike Flynn 2015-ci ildə Moskvada RT-nin 10 illiyinə həsr olunmuş şam yeməyində iştirak edib və Vladimir Putinlə eyni yemək masasının arxasında əyləşib.

Michael Flynn RT-dən aldığı pulun qədərini deməyib
Michael Flynn RT-dən aldığı pulun qədərini deməyib

Flynn RT-nin ona pul ödədiyini etiraf edib, lakin pulun məbləğnini açmaqdan boyun qaçırıb.

Hesabatda deyilir ki, RT ilə WikiLeaks arasında Rusiyanın tənliğatı və Birləşmiş Ştatların gözdən salınması istiqamətində əməkdaşlıq olub.

Bu da vurğulanır ki, RT-nin baş redaktoru 2013-cü ildə Londondakı Ekvador səfirliyində WikiLeaks-in yaradıcısı Julian Assange-la görüşüb. Onlar Assange-ın RT ilə iş müqaviləsinin uzadılması barədə danışıqlarda olublar.

Hesabatda deyilir ki, RT WikiLeaks-in sızdırdığı məxfi informasiyalara müstəsna giriş əldə edib.

RT-nin baş redaktoru Marqarita Simonyan
RT-nin baş redaktoru Marqarita Simonyan

Hesabatın başqa bir hissəsində də isə deyilir: “Biz yüksək inamla belə qiymətləndiririk ki, Rusiyanın hərbi kəşfiyyat idarəsi (GRU) Demokratik Partiyanın və vəzifəli demokratların serverlərindən əldə edilmiş materialı WikiLeaks-ə ötürüb”.

Bu da deyilir ki, Moskva WikiLeaks-i beynəlxalq reputasiyasına görə seçmişdi.WikiLeaks vasitəsilə sızdırılan materiallarda saxtakarlıq olmurdu.

Hesabatın məxfi olmayan variantında informasiyanın kim tərəfindən və necə ötürüldüyü bildirilmir.

Lakin NBC News hesabatı hazırlayanlara birbaşa çıxışı olan şəxslərdən aldığı informasiyada bildirir ki, ABŞ demokratlardan oğurlanmış sənədləri verən rusların kimliyini bilir.

NBC News bunu da mötəbər mənbələrə istinadən bildirir ki, ABŞ kəşfiyyatı Trump-ın qələbəsini “bayram edən” yüksək vəzifəli rusların adlarını da öyrənib.

XS
SM
MD
LG