Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:07

'Korrupsionerlərin oğurladıqları süfrəmizdən gedir'


Formula-1
Formula-1

Bakının beynəlxalq idman yarışlarına ev sahibliyi, kredit intiharları və SOCAR-ın bədxərcliyi bu gün medianın aparıcı mövzusudur...

YENİ İDMAN PAYTAXTI - BAKI

«Azərbaycan» qəzetində «Avrasiyanın yeni idman paytaxtı» sərlövhəli məqalədə Bakının beynəlxalq idman yarışlarına ev sahibliyindən bəhs edilir.

Müəllif yazır ki, son illər Azərbaycan bir çox sahələrdə mühüm uğurlara imza atıb və bu, dünya miqyaslı idman yarışlarının keçirilməsinə də aiddir: «Ümumiyyətlə, 2016-cı ildə ölkəmizdə 52 beynəlxalq yarış keçirilib. Ötən ilin ən yadda qalan idman turnirlərindən biri dünyanın ən nüfuzlu avtomobil yarışlarından olan «Formula-1» Avropa Qran-prisinin Bakı mərhələsinin keçirilməsi idi».

Məqalədə qeyd edilir ki, ötən il Bakıda 17 yaşlı futbolçular arasında 34-cü Avropa çempionatı və Ümumdünya Şahmat Olimpiadası da keçirilib.

Məqalədə sentyabrın 18-dən 23-ə kimi Qəbələdə keçirilmiş güllə və stend atıcılığı üzrə gənclər arasında dünya kubokuyarışları da unudulmur.

Müəllif vurğulayır ki, Azərbaycan bundan sonra da mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək.

Əli Kərimli
Əli Kərimli

VƏTƏNDAŞA BAHA BAŞA GƏLƏN İDARƏÇİLİK

Azadliq.info saytında «İdarəçilərin tüfeyli bədxərcliyinin bizi millət olaraq müflis etdiyini gördünüzmü?» sualı gündəmə daşınır.

AXCP sədri Əli Kərimlinin müəllifi olduğu yazıda SOCAR-ın fəaliyyətidəyərləndirilir.

Ə.Kərimli yazının girişində bu qurumun Avropa futbol çempionatında özünün reklamından ötrü 120 milyon manat sərf etməsini indiki vaxtda bədxərclik kimi dəyərləndirir .

AXCP sədri qeyd edir ki, SOCAR ölkə daxilində isə özünü fərqli cəhətlərdən tanıdır. Bu, enerji resurslarının qiymətlərinin qaldırılması ilə bağlı Tarif Şurasına təklif verməkdən, neftçi faciələrinə səbəb olan qəzalardan, bahalı ofis tikintisindən, kütləvi işçi ixtisarından və camaatın evlərini başlarına uçurmaqkimi olaylardan ibarətdir.

Ə.Kərimli yazır ki, SOCAR konqresmenlərə milyonluq ziyafətlər, «acından ölən» Avropanın futboluna reklamlar verir: «Sonra da bütün bu çəkilən xərcləri millət olaraq kimimiz pulu, kimimiz isə canı ilə ödəməli olur».

AXCP sədri daha sonra SOCAR-la Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin müqayisəsini aparır. Onun fikrincə, burada problem idarəetmə üsulundakı fərqlərdədir: «Baxın, bir tərəfdə istehsal etdiyi neftin 30 faizi ilə 45 milyard qazanc götürən xarici neft şirkətləri, digər tərəfdə isə xarici borc altında boğulan, işçisinin maaşını vaxtında verə bilməyən SOCAR. Əmin oldunuzmu ki, korrupsionerlərin bütün oğurladıqları əslində süfrəmizdən gedir? İdarəçilərin tüfeyli bədxərcliyinin bizi millət olaraq müflis etdiyini gördünüzmü? Oğru və bacarıqsız hakimiyyətin xalqa həddindən artıq baha başa gəldiyinə əmin oldunuzmu?».

İntihar
İntihar

KREDİT İNTİHARLARI...

«Novoye Vremya» qəzetində «İntiharlar ciddi sosial problemə çevrilir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, ölkə mediası hər gün bir neçə intihar olayından bəhs edir. Ancaq xəbərlərdə ya intiharların səbəbləri göstərilmir, ya da ondan çox səthi danışılır.

Yazıda vurğulanır ki, bu sırada yalnız fotoqraf Natiq Müslümovun intihara əl atmasının səbəbi aydındır. Fotoqraf kreditə götürdüyü fotoaparatın pulunu ödəyə bilmədiyindən canına qıymalı olub.

Müəllif bank borcuna görə intihar olaylarının üzərində xüsusi olaraq dayanır: «Problem bundan ibarətdir ki, belə intiharlar son zamanlar dəfələrlə artıb. Daha doğrusu, «kredit intiharları» ölkədə intiharların əsas səbəbinə dönüb. Hakimiyyətin və bankların ödənilməmiş kreditlər problemini həll etmək istəməmələri durumu daha da mürəkkəbləşdirir. Problemli kreditlərin həcmi artır, buna uyğun da ödəniş edə bilməməsi üzündən canına qəsd edən vətəndaşlarınsayı artır».

Müəllif hesab edir ki, Azərbaycan hakimiyyəti durumun ciddiliyini kifayət qədər dərk etmir, buna görə də bu sahədə hər hansı profilaktik iş aparılmır: «İntiharla bağlı profilaktik iş aparmaq olar, bunu Avropa ölkələrinin təcrübəsi də göstərir. Unutmaq olmaz ki, iqtisadi böhran vətəndaşların ovqatına kifayət qədər ciddi təsir edib, iş yerlərinin itirilməsi, kəskin bahalaşma sabaha inamın itməsinə səbəb olub».

XS
SM
MD
LG