Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:08

SOCAR-ın keçmiş işçisi İŞİD-ə qoşulmağından danışdı


Foto arxiv
Foto arxiv

"Hərbi xidmətdə olarkən hospitala düşmüşdüm. Orada damarımdan cərrahiyyə əməliyyatı keçirdim. O əməliyyatın izi bədənimdədir. İstintaq götürüb həmin əməliyyat izini Suriyada yaralanmağım, qəlpə yeri kimi qələmə verib. Belə də olmaz axı..."

Bunu deyən İbad Muxtarov daha üç nəfər – Məhəbbət Abdullayev, Nizami Mahmudov və Orxan Adıyevlə birlikdə mühakimə olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Özləri də “İslam Dövləti” (İŞİD) və terror təşkilatı kimi tanınan başqa qruplaşmaların tərkibində təlimlər keçib döyüşməkdə, soyğunçuluqda, narkotik əkməkdə suçlanırlar. Bu ittihamları tam qəbul eləməsələr də, ayrı-ayrı məsələlərdə özlərini qismən təqsirli bilirlər.

"Bağışlaya bilmirəm, amma balamdı, ata da bilmirəm"

Məhkəmədə İbad Muxtarovun anası Hürü Muxtarovanı dindiriblər. Qadın deyir ki, "oğlum heç toyuq başı kəsə bilmirdi, Suriyaya, İŞİD-çilərin yanına necə gedib çıxdı, bilmirəm". Ana ehtimal edir ki, oğlunu qorxudub, zorla silahlı qruplaşmalara cəlb ediblər.

İ. Muxtarov Suriyaya getməmişdən öncə yaşadığı Qobustan qəsəbəsində mağazaya silahlı hücumla soyğunçuluq etməkdə suçlanır. Özü isə mağazaya girib spirtli içki tələb elədiklərini təsdiqləsə də, soyğunçuluq etmədiklərini söyləyir. Deyir ki, həmin vaxt satıcı onlara pul da təklif edib, amma götürməyiblər: "Uşaqlarla ovdan gəlirdik, yeyib-içəndə soruşdum ki, içki var? Məlum oldu ki, yoxdu. Üstümüzdə pul da yox idi. Ona görə mağazaya girib içki istədik. 3-4 şüşə içki götürüb çıxdıq".

Anası deyir ki, İbad bu hadisədən dərhal sonra Türkiyəyə qaçıb, özü zəng eləyib orada olduğunu deyib. Sonra təxminən iki ay ondan xəbər çıxmayıb. Bir xeyli müddət sonra zəng eləyəndə isə ağlayıb, deyib ki, Suriyadadır, onu zorla təlimlərə aparıblar.

Ananın dediyinə görə, oğlunu İŞİD girovluqda saxlayırdı: "Hər dəfə evlə danışanda peşman olduğunu deyirdi. Bir dəfə evlə danışanda terrorçuların başına torba keçirib, ona işgəncə verməsindən danışdı. Suriyada onu həbs eləmişdilər. Onlardan ayrılmaq istəyirdi, bir neçə dəfə oradan qaçmaq istəmişdi. Hər dəfə danışanda mənə deyirdi ki, ‘buradan qaçıb canımı qurtara bilməyim üçün dua elə’. Nəhayət, qaça bildi. Qaçıb Türkiyəyə çatanda zəng elədi, demişdi ki, yaxın vaxtlarda evə gələcək".

Hürü Muxtarova deyir ki, oğlunu Suriyaya gedib çıxdığına görə bağışlamır, amma balasıdır deyə, ata da bilmir: "İbad əsgərlikdə olub, SOCAR-da işləyib. Düzdür, yeyib-içən idi, amma heç vaxt dindar olmayıb. Hətta içki içməyinə görə də narahat idik. Onu Həccə göndərdik ki, bu yoldan çəkinsin. Mənə özü də demişdi, bilirəm ki, Suriyaya getməyinə peşmandı. Amma mən bu hərəkətinə görə onu bağışlaya bilmirəm. Balamdı, ata da bilmirəm. Hələ də başa düşə bilmirəm ki, bu yola necə düşdü. Bu adam heç toyuq başı kəsə bilmirdi".

"İŞİD fotolarla onları şantaj edir"

İbad Muxtarov ifadəsində deyib ki, Suriyada pasportunu əlindən alandan sonra məsələnin mahiyyətini anlayıb və qaçmağa çalışıb. Yəni, heç bir təlimə könüllü qoşulmayıb.

Cinayət işinin materiallarında İ. Muxtarovun Suriyada döyüşlərdə çəkildiyi iddia olunan fotoları var. Vəkili həmin fotoların sübut kimi qəbul olunmasına etiraz edir. Deyir ki, internet vasitəsilə əldə olunan o fotoları terrorçular özləri yerləşdiriblər. Onlar bu yolla adamları şantaj ediblər: "Fotolardan birindəki adam heç İbad deyil. O biri şəkildə isə İbad ayaqyalın, xalçanın üstündə oturub. Terrorçular onlara qoşulanları bu yolla şantaj edirlər ki, əgər qaçıb getsəniz, bu foto-sübutlarla həbs olunacaqsız. İbad hər şeyi, hətta ölümü gözə alıb onların əlindən qaçıb.

Əgər MTN İbadı Suriyada tutsaydı, ona verilmiş silahlı qruplaşma yaratma, terrorçuluq ittihamlarına inamaq olardı. Amma adam İŞİD-dən qaçıb, Bakıya gələndən sonra tutulub".

İbad Muxtarov özü də silahlı qruplaşma yaratma suçlamasını qəbul eləmir. Deyir ki, onunla birlikdə hakim qarşısına çıxarılanlar üç nəfərdən yalnız birini əvvəldən tanıyıb, o biri iki nəfərlə isə həbsxanada tanış olub.

Qanunsuz silahlı qruplaşmalara qoşulmaqla yanaşı, həm də narkotikə görə təqsirləndirilən Məhəbbət Abdullayevdi. Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşları məhkəmədə deyiblər ki, M. Abdullayevin evində axtarış aparılarkən damda əkilmiş narkotik kolları tapılıb. M. Abdullayev də bunu təsdiqləyib.

Məhkəmə davam edir.

XS
SM
MD
LG