Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:19

'Toyuq əti istehsalı azalıb' - Media icmalı


Azərbaycan idmançıları London olimpiadasında - 2012
Azərbaycan idmançıları London olimpiadasında - 2012

Ölkənin idman uğurları, pensiya və minimum əmək haqlarının artırılması, toyuq ətinin bahalaşma ehtimalı bugünkü medianın aparıcı mövzusudur.

198 BEYNƏLXALQ YARIŞDAN 837 MEDAL

«Azərbaycan» qəzeti «Yeni Olimpiya rekordu, 837 medal və 198 yarışda iştirak» sərlövhəli məqalədə ölkənin olimpiadalardakı uğurlarını dəyərləndirir.

Ölkənin 2016-cı ildə, bir çox sahələr kimi, idmanda da böyük uğurlara imza atdığı vurğulanır: «İdmançılarımız dünya və qitə miqyaslı yarışlarda nailiyyətlərini davam etdirərək 837 medal qazanıblar. 198 beynəlxalq yarışlarda əldə edilən medallardan 297-si qızıl, 250-si gümüş, 290-ı isə bürüncdür».

Məqalədə 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının böyük uğur qazanaraq, ölkəyə 18 medalla (1 qızıl, 7 gümüş, 10 bürünc) qayıtdıqları bildirilir. Ölkənin bu yarışlara 56 idmançı ilə qatıldığı, medal sayına görə 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq islam, türk və Qafqaz ölkələri arasında lider olduğu vurğulanır: «Medal sayına görə MDB-də 2-ci, müsəlman ölkələri arasında 1-ci, Avropa qitəsində 7-ci yeri tutması Azərbaycan idmanının inkişafının göstəricisidir».

Yazıda ölkə idmanının perspektivi barədə də proqnoz verilir: «Ölkədə idman daha da inkişaf edəcək, beynəlxalq aləmdə mövqeyini getdikcə möhkəmlədəcək. 2017-ci il mayın 12-22-də Bakıda sayca 4-cü İslam Həmrəyliyi Oyunları keçiriləcək. İnanırıq ki, Bakı-2017-də, digər beynəlxalq turnirlərdə də idmançılarımızın bir-birindən möhtəşəm qələbələrinin şahidi olacağıq».

Pensiyaçılar.
Pensiyaçılar.

116 MANATLA YAŞAMAQ MÜMKÜNDÜRMÜ?

Azadliq.info saytı «Pensiyalar artan xərcləri örtməyə yetərli deyil» sərlövhəli məqalədə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsilə bağlı iqtisadçı-ekspert Qubad İbadoğlunun düşüncələrinə yer verib.

Q.İbadoğlu bu il yanvarın 21-də prezident İlham Əliyevin minimum əməkhaqqının 116 manata qaldırılması və bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə sərəncam imzaladığını xatırladır. Bu ildən bütün növ əmək pensiyalarının sığorta hissəsi ötən ilin inflyasiya səviyyəsində indeksləşdiriləcək və minimum aylıq əməkhaqqı 116 manat olacaq.

Yaşa və əlilliyə görə əmək pensiyası 3 (baza, sığorta və yığım), ailə başçısını itirməyə görə əmək pensiyası isə 2 hissədən (baza və sığorta) ibarətdir. Mövcud qanunvericiliyə görə, 63 yaşına çatmış kişilər və 60 yaşına çatmış qadınlar azı 12 il sosial sığorta stajına malik olduqda, yaşa görə əmək pensiyası ala bilər. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib.

Prezidentin son fərmanı ilə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının (baza hissəsindən çox olan məbləğlərin) 12.4% artımla indeksləşdirilməsi həyata keçiriləcək: «Çünki rəsmi məlumatlara görə, 2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12.4 faiz artıb. Bu isə o deməkdir ki, əgər pensiyaçı baza və sığorta hissəsindən ibarət olan 150 manat pensiya alırsa, ondan 110 manat çıxılacaq və yerdə qalan 40 manat sığorta hissəsinə isə 12.4 faiz, yəni 4 manat 96 qəpik indeksləşdirmə tətbiq ediləcək, beləliklə də bu ildən təqaüdçü 154 manat 96 qəpik pensiya alacaq».

Ekspertə görə, bu misal onu göstərir ki, təqaüdün məbləğindən asılı olaraq, pensiyalar 5-10 manat diapazonunda indeksləşdirməyə məruz qalacaq və təbii ki, bahalaşan qiymətlər fonunda bu cüzi məbləğ artan xərclərin az bir hissəsini ödəyəcək.

Prezidentin digər sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği bu ildən 11 manat artırılıb və minimum əməkhaqqı 116 manat və ya 63 dollar olub. Burada isə ekspert indiki şəraitdə 116 manatla fizioloji tələbatı ödəməyin və təkrar istehsala nail olmaq mümkünlüyünü sual altına alır.

Toyuq
Toyuq

TOYUQ DA BAHALAŞA BİLƏR

Bizimyol.info isə «Mağazalarda toyuq əti qıtlığı – bahalaşan qiymətlər» sərlövhəli məqalədə son vaxtlar ticarət şəbəkəsində toyuq əti qıtlığını araşdırır. Yazıda vurğulanır ki, son günlər satış məntəqələrinin toyuq əti ilə təchizatında azalmalar müşahidə edilir. Satış məntəqələrində bu qıtlığa səbəb kimi toyuq ətinin bahalaşa biləcəyi deyilirsə, topdansatış məntəqələri əksinə, ət baha olduğu üçün əhalinin toyuq məhsullarına üstünlük verməsini göstərir.

«Bu həftənin əvvəlində satış firmaları ilə problem yaranmışdı, indi satışda bütün firmaların məhsulları var». Bunu qəzetə «Fresko» marketinin əməkdaşı deyib. Yazıda deyilir ki, «Neptun» marketində toyuqlar satılır, amma əvvəlki bolluq həddində deyil.

Məqalə müəllifi bildirir ki, bəzi satış məntəqələri son 3-4 gündə toyuq əti almayıblar və bunu toyuq ətinin bahalaşa bilməsi mümkünlüyü ilə izah ediblər. Yazıda hazırda toyuq ətinin bir kiloqramının 3.50 qəpik - 8 manat arasında dəyişdiyi vurğulanır.

«Firmaların əksəriyyəti məhsul təchizatını azaldıb, gətirilən toyuqlar isə günün birinci yarısında satılır. Ət baha olduğundan toyuq yaxşı satılır2. Bunu isə topdansatış mərkəzinin əməkdaşı deyir.

Mərkəz əməkdaşı bu qıtlığa səbəb kimi toyuq ətinin bahalaşa biləcəyini göstərir: «Yəqin ki, toyuq əti bahalaşacaq. Bu həftənin əvvəlində yağ, çay, qənd, şəkər bahalaşdı. Firmalar məhsulları anbarlarda saxlayıb, bahalaşmadan sonra paylayırlar».

İstehsalçılar isə təchizatda problemlər olmadığını deyirlər. Məqalədə deyilir ki, «Siyəzən broyler»dən yerli istehsalın azalmadığı, satış şəbəkəsinə yetərincə məhsul verildiyi bildirilib. Fabrikdən hazırda bahalaşma gözlənilmədiyi, amma dolların məzənnəsinə uyğun qiymətlərə yenidən baxılmasının mümkünlüyü də istisna edilməyib.

Ekspert Vahid Məhərrəmovun fikrincə, broylerlər etiraf etməsələr də, istehsal azalıb: «Yerli şirkətlər quş əti istehsalını azaldıb. Hazırda toyuq əti istehsalı baha başa gəlir. Demək olar ki, istehsal müəssisələri ziyana işləyirlər».

V.Məhərrəmova görə, alıcılıq qabiliyyəti azaldığından istehsal müəssisələri qiymətləri artıra bilmirlər.

XS
SM
MD
LG