Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:37

'Milyardlar sanki bir parça yağlı əppək olub qeybə çəkilib'


Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində abadlıq işləri, sərmayə qoyuluşu adı altında mənimsəmələr, Silahlı Qüvvələrdə korrupsiya və «məzənnə oyunları» bu gün medianın aparıcı mövzusudur...

BÖYÜK QAYIDIŞIN ƏSASI

«Azərbaycan» qəzetində dərc edilən «Lələtəpə zəfəri böyük qayıdışın əsası oldu» sərlövhəli məqalədə ötən ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunmasının əhəmiyyəti dəyərləndirilir.

Müəllif yazır ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi hələ 1994-cü ildə işğaldan azad edilib. Ancaq kəndin təhlükəsizliyi tam təmin edilmədiyindən sakinləri ora köçürmək mümkün deyildi.

Yazıda vurğulanır ki, indi artıq əhalinin kəndə qayıtması təhlükəsizdir. Çünki ötən ilin aprelində Lələtəpə yüksəkliyi Azərbaycan tərəfinin nəzarətinə keçib.

Müəllif Lələtəpə əməliyyatının əhəmiyyətini çatdırmaqdan ötrü dövlət başçısı İlham Əliyevdən sitat gətirir: «Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir, Lələtəpə tarixə düşdü. Əgər Ermənistan silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq».

Daha sonra müəllif dövlət başçısı İlham Əliyevin bu ilin yanvarında Cocuq Mərcanlı kəndində bərpa işlərinin aparılması ilə bağlı imzaladığı sərəncamı xatırladır. Kənddə 50 ev, infrastruktura aid olan bəzi binaların tikintisinin nəzərdə tutulduğunu qeyd edir.

Müəllif yazır ki, Cocuq Mərcanlıda abadlıq işlərinin başlaması heç də bir kəndə qayıdış kimi başa düşülməməlidir. Bu, həm də Ermənistanın nəzarətində olan Azərbaycan torpaqlarına böyük qayıdışın əsasıdır.

Dollar
Dollar

3.84 MİLYARD MANAT HANI?

Azadliq.info saytında «Hökumət sərmayə adı altında 4 milyardı yoxa çıxarıb» sərlövhəli məqalə oxumaq olar. Yazıda iqtisadçı-ekspert Nemət Əliyevin ölkənin maliyyə durumu ilə bağlı düşüncələrinə yer verilib: «2016-cı ildə iqtisadiyyata yatırım edildiyi elan olunan vəsaitin 4 milyard manata yaxınını hökumət yoxa çıxarıb. Sərmayə adına 4 milyard manata yaxın maliyyə vəsaitinin izi-tozu itib. Sanki bir parça yağlı əppək olub qeybə çəkilib. İmkanı olan hər kəs hökumətə, deputatlara, YAP rəhbərliyinə sorğu versin. Bəlkə həmin vəsaitin izinə düşmək mümkün oldu».

N.Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyevin çıxışını xatırladır. Onun deməsinə görə, prezident açıq şəkildə bildirib ki, ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulub.

Ekspertin deməsinə görə, Dövlət Statistika Komitəsinin hesabatında isə bu rəqəm fərqli göstərilir. Onun bildirməsinə görə, hesabatda qeyd edilib ki, ölkə iqtisadiyyatına 2016-cı ildə cəmi 14.9 milyard manat məbləğində sərmayə yatırılıb. Hesabatda bu sərmayələrin yönəldiyi ümumi istiqamətlər də sadalanıb: «14.9 milyard manatı çevirsək, 9.3 milyard dollar alınar. Beləliklə, arada 2.4 milyard dollar (11.7 – 9.3) və ya 3.84 milyard manat fərq yaranır. Sual da bundadır ki, bəs dövlət başçısının haqqında danışdığı sərmayənin 2.4 milyard dolları haradadır? Hansı sahələrə sərmayə edilib?».

Ordu
Ordu

ORDUDA KORRUPSİYA

«Exo» qəzeti «Azərbaycan Silahlı Qüvvələrindəki korrupsionerlər kimlərdir?» sualına ekspert Üzeyir Cəfərli ilə cavab axtarıb.

«Azərbaycan Silahlı Qüvvələrində korrupsiyanın səviyyəsi, zəif də olsa, enməkdədir. Bu gün problem ondadır ki, korrupsiya cinayətlərinə bulaşmış şəxslər lazımi cəza almırlar. Ən sərt cəza onların tutduqları vəzifələrdən kənarlaşdırılmalarıdır. Məhkəmələr onlara həbs qərarı verə bilmirlər»,- deyə ekspert qeyd edib.

Ü.Cəfərli deyib ki, cəmiyyətdə korrupsiya varsa, bunun Silahlı Qüvvələrdə əksini tapması təəccüblü deyil.

Ekspert hesab edir ki, cəza tədbirləri sərtləşdirilməlidir. Əks halda, korrupsiya ilə mübarizə effektli nəticə verməyəcək: «Orduda korrupsiya problemini ancaq obyektiv və sərt qərarlarla həll etmək mümkündür. Belə şəxslər ordudan kənarlaşdırılmaqla yanaşı, azadlıqdan məhrum edilməlidirlər. Bu istiqamətdə iş gedir, amma qənaətbəxş deyil».

Ekspert Azərbaycan Silahlı Qüvvələrində 2016-cı il ərzində baş verən korrupsiya və rüşvət cinayətlərinə görə açıqlanan statistikaya da diqqət çəkib. Həmin statistikada qeyd edilir ki, ötən il ordu sistemində 153 şəxslə bağlı 117 cinayət işinin istintaqı tamamlanıb və təqsirkarlar məsuliyyətə cəlb olunublar.

Valyutadəyişmə məntəqəsi.
Valyutadəyişmə məntəqəsi.

YALANLAR...

«Novoye Vremya» qəzetində isə «Şəffaflıq etimadın zəmanətidir» sərlövhəli məqalə diqqəti cəlb edir.

Müəllif yazır ki, ölkə banklarına etimadsızlıq hökm sürür və bu da bu sektorda böhranı daha da dərinləşdirir.

Yazıda qeyd edilir ki, indi Mərkəzi Bankın rəhbərliyi hansı açıqlama verirsə, xalq onun əksinin baş verəcəyini düşünür: «Başqa sözlə, Mərkəzi Bankın rəhbərinə, eləcə də kommersiya banklarına, bütünlükdə bank sisteminə inam yoxdur, buna isə səbəblər kifayət qədərdir».

Yazıda deyilir ki, ölkədəki 32 bankdan 15-i IV rübün hesabatını hələ də açıqlamayıb.

Yazıda qeyd edilir ki, əhali son günlərdə manatın dollara nisbətdə dəyər qazanmasını da oyun sayır. Müəllifə görə, hökumət «dollar dəyərdən düşür» görüntüsü yaratmaqla əllərdəki dolları ucuz şəkildə geri alıb, sonra məzənnəni qaldırmaq istəyir: «Bankirlər və arxalarında dayanan oliqarxlar nə istəyirlər, onu da edirlər. İstənilən nəzarət orqanı onlar üçün heç nədir».

Müəllif yazır ki, belə faktlara görə əhali məmurlara da inam bəsləmir: «Bu inamı bərpa edə bilmək üçün manat real şəkildə sabitləşdirilməlidir».

Müəllifin fikrincə, bütün ölkədə dəyişikliklərə nail olmadan bank sektorunu xilas etmək mümkün deyil.

XS
SM
MD
LG