Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:49

Bayram gəlir, qiymətlər artır...


Qaz kəmərinin inşası.
Qaz kəmərinin inşası.

Cənub Qaz Dəhlizi layihəsi, prezident İlham Əliyevin öz xanımını vitse-prezident təyin etməsi, məzənnə dəyişiklikləri və Novruz bayramı yaxınlaşdıqca ərzağın bahalaşması bu gün medianın aparıcı mövzusudur…

MİLLİ TƏHLÜKƏSİZLİK LAYİHƏSİ

«Azərbaycan» qəzetində «Cənub Qaz Dəhlizi enerji və milli təhlükəsizlik layihəsidir» sərlövhəli məqalə dərc edilib.

Yazıda fevralın 23-ü Bakıda bu layihənin gerçəkləşməsində maraqlı olan dövlət və beynəlxalq qurumların təmsilçilərinin iştirakı ilə Məsləhət Şurasının III toplantısından bəhs edilir.

Müəllif yazır ki, bu layihə Bakı ilə Avropanın birgə layihəsidir. Yazıda bu fikrin təsdiqi kimi prezidentdən də sitat gətirir: «Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik».

Müəllif vurğulayır ki, Cənub Qaz Dəhlizini «XXI əsrin layihəsi», «Avropanın enerji xəritəsini dəyişdirəcək layihə» də adlandırırlar. Bu layihə 7 dövlətin, 10 şirkətin və 10-dan çox topdan qaz alıcısının sıx əməkdaşlığı sayəsində həyata keçirilir.

Yazıda həmçinin, qeyd edilir ki, Azərbaycan qazı bu dəhlizlə 2018-ci ilin sonunda Türkiyəyə, daha sonra - Avropaya nəql olunacaq. İstehlakçılara ildə 16 milyard kubmetr qaz verilməsi nəzərdə tutulur.

Müəllif bildirir ki, dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsini enerji təhlükəsizliyi məsələsi, enerji təhlükəsizliyi məsələsini isə milli təhlükəsizlik məsələsi kimi dəyərləndirib.

İ.Əliyev və M.Əliyeva
İ.Əliyev və M.Əliyeva

50 İLLİK İDARƏÇİLİK

Azadliq.info saytında «Azərbaycan xalqı belə alçaldıcı münasibətə layiq deyil və bunun qarşısını dinc, ardıcıl mübarizəsi ilə almalıdır» sərlövhəli yazı oxumaq olar.

Yazıda prezident İlham Əliyevin öz həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse- prezident təyin etməsi ilə bağlı Milli Şuradakı müzakirələrindən bəhs edilir.

Müəllifin yazdığına görə, Milli Şuranın müzakirələrində qeyd edilib ki, belə neomonarxik təyinat xalqa təhqirdir. Yazıda daha sonra oxuyuruq: «Azərbaycanda 50 ilə yaxındır bir ailənin idarəçiliyi hökm sürür. 26 illik müstəqillik tariximizin 24 ili ata və oğul Əliyevlərin hər dəfə saxtalaşdırılmış seçkilərlə hakimiyyəti mənimsəməsi şəraitində keçib. Xüsusilə, İlham Əliyevin hakimiyyəti zəbt etməsindən sonra ölkənin həm siyasi, həm də iqtisadi həyatında bir ailənin hegemonluğu gündən günə möhkəmlənməyə başladı. Hazırda Əliyevlər ailəsi bütün iqtisadi-siyasi hakimiyyəti tamamilə öz əlində cəmləşdirib. Bütün başqa hakimiyyət qolları hüdudsuz səlahiyyətlər verilmiş prezident hakimiyyətinin təsiri altında dekorasiyaya çevrilib. Bütün iqtisadi qərar və tədbirlərin arxasında Əliyevlər ailəsinin sərvətini artırmaq niyyəti gizlənir».

Yazıda deyilir ki, İlham Əliyevin bu təyinatı ilk növbədə ailədaxili hakimiyyət ambisiyasının təzahürüdür: «Bu təyinat göstərir ki, İlham Əliyevin ailəsində hakimiyyəti bir-birinə ötürməklə mümkün qədər uzun müddətə ölkəni nəzarətlərində saxlamaq istəyirlər. Bu zaman hər hansı siyasi-iqtisadi islahatlar, mütərəqqi dəyişikliklərlə yox, cəmiyyəti daha çox əzib-alçaltmaq yolu seçilir».

Valyutadəyişmə məntəqəsi.
Valyutadəyişmə məntəqəsi.

MƏZƏNNƏ «OYUNU»

«Exo» qəzetində «Manatın məzənnəsi ilə «oynamaq» Azərbaycan iqtisadiyyatına zərbədir» sərlövhəli məqalə diqqət çəkir. Ekspert Oqtay Haqverdiyev qəzetə deyib: «Düşünürəm ki, manat iki həftədən sonra enməyə başlayacaq. Manatın indiki məzənnəsini real adlandırmaq olmaz».

O.Haqverdiyev son həftələr manatın möhkəmlənməsinə toxunub. Onun deməsinə görə, milli valyutanın nisbi bahalaşması dövriyyədən iri manat kütləsi çıxarılması ilə bağlıdır: «Elə buna görə də banklar iri həcmdə «ucuz» dollar əldə ediblər. Bu proses başa çatan kimi manat yenə də «üzməyə» başlayır».

O.Haqverdiyev xatırladır ki, ilin əvvəlində manatın «sərbəst üzməyə» başlayacağı elan edildi. Manatın dəyəri tədricən enməyə başladı. Onun fikrincə, maliyyə institutlarının müdaxiləsi ilə manat bahalaşdı, bu isə süni və müvəqqətidir: «Bunu ona görə etdilər ki, sonradan dolları baha alıb sata bilsinlər. Mərkəzi Bank isə inflyasiyanın artımının dayandırılması üçün hər şeyə razı olur».

Ekspert hesab edir ki, iqtisadiyyat hazırda fəaliyyətsizdir, maliyyə sistemi isə öz-özünə sabitləşə bilməz. Onun deməsinə görə, iqtisadiyyatın ölkəyə real pullar gətirə biləcək sektorları inkişaf etməyib: «Manatın məzənnəsi ilə «oynamaq» dövlət iqtisadiyyatına zərbə vurmaqdır. Gələcəkdə neftə alternativ olacaq, manatın məzənnəsini saxlamaq yox, ölkəyə yaxşı gəlir gətirəcək elmi əsaslı layihələri reallaşdırmaq lazımdır».

Qoz, fındıq.
Qoz, fındıq.

QOZ, FINDIQ BAHALAŞIB...

«Novoye Vremya» qəzetində «Qiymətləri artıq dayandırmaq olmaz?» sualına cavab axtarılır.

Müəllif yazır ki, bəzi rəsmi şəxslər istehlak bazarında satılan məhsulların 85 faizinin yerli istehsal olduğunu bildirirlər, Amma heç düşünmürlər ki, bu məhsulların çoxu xalqa artıq əlçatan deyil: «Təəssüf ki, Azərbaycan məhsulları da daxil olmaqla, kəskin qiymət artımı başlayıb. Nəzərə alsaq ki, Novruz bayramı yaxınlaşır, bu qiymət artımını dayandırmaq olmayacaq. Bayram öncəsi qiymətlərin artacağını nəzərə alan Azərbaycan vətəndaşları zəruri olanları indidən almağa qərar veriblər».

Müəllif hesab edir ki, süni qiymət artımının qarşısını almalı olan qurumlar işlərinin öhdəsindən gələ bilmirlər. Buna görə də xalq onlara inanmır: «İndi bazarlardakı qiymət özbaşınalığı ilə hesablamalar aparsaq, bayram tədarükünə ən azı 100-120 manat lazımdır. Amma qiymət artımının qarşısı alınmasa, bu martın 20-nə 200-250 manata başa gələcək».

Yazıda deyilir ki, əlbəttə, vəzifə sahiblərinin bayram süfrəsi problemi yoxdur. Müəllifə görə, məmurlar xalqdan uzaqlaşdıqca, xalqın dərd-sərindən də xəbərsiz olur.

XS
SM
MD
LG