Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:54

'Saysız-hesabsız fərmanlar və gurultulu vədlər əks effekt verdi'


Təhlükəsizlik Şurasının iclası.
Təhlükəsizlik Şurasının iclası.

Dövlət başçısı İlham Əliyevin öz xanımı M.Əliyevanı birinci vitse-prezident təyin etməsi, bloqqer Mehman Hüseynovun həbsi və bank sektorunda inhisarçılıq bu gün medianın aparıcı mövzusudur...

DÖVLƏT İDARƏÇİLİYİNDƏ MODERNLƏŞMƏ

«Azərbaycan» qəzetində «Dövlət idarəçiliyində modernləşmə daha da sürətlənir» sərlövhəli məqalədə dövlət başçısı İlham Əliyevin öz xanımı M.Əliyevanı birinci vitse-prezident təyin etməsi dəyərləndirilir.

Müəllif yazır ki, hər bir cəmiyyətin demokratik inkişafının əsas şərtlərindən biri dövrün tələblərinə cavab verən islahatların aparılması, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasıdır.

Yazıda qeyd edilir ki, 2016-cı il sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda vitse-prezidentlik institutunun yaradılması da məhz dövlət idarəçiliyinin müasirləşdirilməsi baxımından əhəmiyyətlidir.

Müəllif daha sonra bu il fevralın 21-də M.Əliyevanın birinci vitse-prezident təyin edilməsinin birbaşa qiymətləndirilməsinə keçir: «Bu, ölkəmizdə prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlar çərçivəsində atılan önəmli addımlardan biridir. Ölkə başçısının yeni institusional islahatlarının həyata keçirilməsində Mehriban xanım Əliyevanın da mühüm rolu olacaq».

Yazıda birinci vitse-prezident olaraq M.Əliyevanın bu günlərdə «Rossiya 1» telekanalına müsahibəsindən sitat da gətirilir: «Mən birmənalı şəkildə bilirəm və əminəm ki, dövlətin maraqları ilə həyat yoldaşımın mənə tövsiyələri və deyəcəkləri tamamilə üst-üstə düşəcək. Mən prezidentin etimadını, ən başlıcası isə inamı, ümidləri olan insanların etimadını doğrultmalıyam».

Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

PUÇ OLAN ÜMİDLƏR...

Azadliq.info saytında isə «Hökumət gözləntiləri necə doğrultdu?» sərlövhəli məqalə oxumaq olar.

Bu yazının müəllifinə görə isə, Azərbaycan hökuməti islahat adı altında imitasiya ilə məşğuldur.

Yazıda deyilir ki, 2017-ci ilin iki ayı arxada qalıb, ölkədə durum daha da pisləşib: «Hər ötən gün göstərir ki, hökumət ənənəsinə sadiqdir və tövbə etmək haqqında düşünmür. Saysız-hesabsız fərman və sərəncamlar, gurultulu vədlər əks effekt verdi. Əlbəttə, sağlam düşüncə qabiliyyəti olan adamlar ilk gündən başa düşürdü ki, hökumət «islahat» sözünə nifrət edir və imitasiyanı gücləndirəcək».

Müəllif qeyd edir ki, hökumətdən bütün gözləntilərin bitdiyi anda yeni birinci vitse-prezident təyinatı ölkənin gündəminə oturdu.

Müəllif vurğulayır ki, normal düşüncə sahibləri bu təyinata baxmayaraq, idarəetmədə heç nəyin müsbətə doğru dəyişməyəcəyini güman edirlər.

Yazıda qeyd edilir ki, bu təyinatdan sonra ölkədə repressiyalar yenidən sürət götürüb. Ən son olaraq tanınmış bloqqer Mehman Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Müəllifə görə, bu həbslər göstərir ki, hökuməti xalqın ağır durumu, dövlətin imicinin ləkələnməsi və böhranın qol-qanad açması maraqlandırmır: «Ən dəhşətlisi isə budur ki, şəxsi maraqların təmin olunması üçün insan həyatını rahatlıqla qurban verə bilirlər. Kiminsə günahsız yerə həbs olunması, kiminsə işgəncəyə məruz qalması, kiminsə həyatını itirməsi önəm daşımır. Əsas odur ki, klan öz planını həyata keçirə bilsin».

Müəllif hesab edir ki, bundan sonra ölkədə vəziyyət daha da pisləşəcək: «Yenə də çarə xalqın birliyinə, xalqın öz varlığını göstərməsinə qalır. Xəstə ölkənin həkimi yalnız xalq özü ola bilər...».

BVF
BVF

İNHİSARI LƏĞV ETMƏDƏN...

«Novoye Vremya» qəzetində «Beynəlxalq Valyuta Fondu islahatlara çağırır» sərlövhəli məqalə diqqət çəkir.

Müəllifin fikrincə, ölkə iqtisadiyyatı elə bir həddə enib ki, beynəlxalq reytinq agentlikləri təxirəsalınmaz islahatları qaçılmaz hesab edirlər.

Yazıda Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan missiyasının rəhbəri Mohammed El Qorchi-yə istinadən bildirilir ki, ölkənin bank sistemində müəyyən işlər görülüb, amma bu iş bitmiş sayılmaz: «Düşünürəm ki, bank sisteminin restrukturizasiyasını indi həyata keçirmək lazımdır və bu proses bütün bank sektorunu əhatə etməlidir. 11 bank bağlanıb, digər banklar restrukturizasiya mərhələsindədir. Bununla belə bank sektorunda problemlər, hələ qalmaqdadır».

Müəllifə görə, BVF-nin missiya rəhbəri düşünür ki, bank sektorundakı problemlər bütünlükdə iqtisadiyyata zərər yetirir. «Bir daha qeyd edirəm ki, zəif banklar təkcə manatın məzənnəsinə deyil, bütünlükdə əhalinin banklara etimadına, iqtisadiyyata zərbə vurur. Odur ki, bu banklar ya sağlamlaşdırılmalı, ya da sistemdən kənar edilməlidirlər»,-deyə yazıda vurğulanır.

Amma müəllif hesab edir ki, vaxtıkeçmiş kreditlər problemi həll edilməyincə, bankların vəziyyəti düzəlməyəcək.

Yazıda qeyd edilir ki, indiki halda bankların ixtisarı bu sektorda inhisarı gücləndirəcək: «İqtisadiyyatın bütün sahələrində inhisarı ləğv etmədən restrukturizasiyadan müsbət səmərə gözləmək mənasızdır».

XS
SM
MD
LG