Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:31

V. Sorokin: "Kitabların gələcək taleyi yemək bişirmək üçün yandırılmaq ola bilər"


Rus yazıçısı Vladimir Sorokin.
Rus yazıçısı Vladimir Sorokin.

Mart ayının ortalarında məşhur rus yazıçısı Vladimir Sorokinin üç illik fasilədən sonra yazdığı “Manaqara” romanı işıq üzü görür. Utopiya ilə antiutopiyanın sintezi olan “Manaqara”da hadisələr gələcəkdə baş verir. Ordakı cəmiyyətdə kitablar qara bazarda ən çox axtarılan və ən baha satılan məhsuldur. Amma oxumaq üçün yox, yandırmaq üçün. Çünki kitabın istisində bişən yeməklər ən bahalı delikates hesab olunur. Buna görə də gizli fəaliyyət göstərən mətbəxin aşpazları yeməkləri nadir kitabların nüsxələrinin odunda hazırlayırlar.

Kinoşünas Anton Dolin Berlində yazıçı ilə görüşüb və onunla yeni kitabı haqqıda söhbət edib.

"Meduza" saytında dərc olunmuş müsahibədə bundan əvvəlki əsərləri sayəsində “antiutopiyaçı” reputasiyası qazanmış V.Sorokin heç vaxt bir janrın əsiri olmaq istəmədiyini, həmişə utopiya ilə antiutopiya arasında balans yaratmağa çalışdığını söyləyir. Müəllif deyir ki, “Manaqara”da onun məqsədi bir insanın müəyyən bir gələcəkdə baş verən əhvalatını yazmaq olub və əyləncəli kitab yaratmağa cəhd edib.

Buna da bax: "İndiki yazıçının öz dünyası yoxdur, başqasının mebelindən istifadə edir"

Müəllifin sözlərinə görə, əsərlə artıq tanış olmuş azsaylı oxucuların bəziləri qəhrəmanı məğlub, digərləri isə xilas olunmuş hesab edir: “Mənim üçün bu bölünmə vacibdir: bəşəriyyətin tarixi bundan ibarətdir – qəhrəmanlıq şəraitlə simbiozda mövcuddur. Əsərdə də qəhrəman gözlənilmədən başqa bir vəziyyətə keçir, sanki buzdan buxara çevrilir”.

Öz qəhrəmanlarını həmişə kifayət qədər azad buraxdığını, onlara təzyiq etmədiyini deyən Sorokin özünün də bəzi cəhətlərinin onların xarakterində əks olunduğunu söyləyir. Məsələn, müəllif də yemək hazırlamağı sevir və yeməklə də, ədəbiyyatla da münasibəti qəhrəmanının davranışlarına təsir edir.

Yazıçı yeni romanında kitaba merkantil nöqteyi-nəzərdən yanaşdığını bildirir: “Rey Bredberinin “Farenqeyt üzrə 451” əsərində kitab yanır və yoxa çıxır, onun istisini istifadə eləmək mümkün deyil. Onun təsvir elədiyi gələcək termodinamik olaraq balanslaşdırılmayıb. “Manaqara”da isə bu prosesə tamamilə funksional yanaşılıb. Əslində kitab üzərində hazırlanan yeməyin daha ləzzətli alınması istənilən dəb kimi mifdi. Ancaq dəbdə olduğu kimi burda da hər şeyin təməlində obraz, onun gücünə inam dayanır. Yəqin ki, insan, həqiqətən, Çexovun “Çöl”ündə qızardılan qoyun ətindən çöl, yovşan qoxusu, “Qoca və dəniz”in üstündə hazırlanan tuna balığından dəniz küləyinin ətri gəldiyini düşünür. Xüsusilə də, əgər bu yeməyin qiyməti bahadısa! Mif burda böyük rol oynayır.”

Buna da bax: Elektron kitabın kağız kitabı sıxışdırması mifini almanlar dağıdır

Əsərləri ilk dəfə “samizdat”da nəşr olunan Vladimir Sorokin müasir dünyamızda daha çox elektron kitablara üstünlük verilməsinə sevindiyini deyir. Onun fikrincə, kağız ədəbiyyatın məkanı get-gedə daha da daralacaq və yalnız əl işi olan kitablar qalacaq. Sorokin həmin kitabların ən qiymətli olacağını bildirir və əlavə edir: “Kitabın içi də çox vacibdir: əl işi olan forma həm də keyfiyyətli məzmun tələb edəcək. Məsələn, hansısa isveç detektivini bu üsulla nəşr etmək yersiz olar. Bəlkə də bu mənim utopik yanaşmamdı, ancaq düşünürəm ki, hər şey buna doğru gedir. Bəşəriyyət sona qədər kitabdan ayrılmayacaq, rəqəmsal dünya onu axıra qədər məhv eləməyə qadir deyil. Rəqəmsal dünyanı yastığın altına qoymaq, göz yaşları, qan, sperma ilə islatmaq, arasında kəpənək qurutmaq qeyri-mümkündür... Bəs qoxu? Mən Nabokovun ABŞ-da nəşr olunan rusdilli “Lolita”sının qoxusunu çox yaxşı xatırlayıram. Onda hələ 70-ci illər idi. Amerikan kağızının ətri o kitaba həddindən artıq uyğun idi. Hər bir böyük kitabın özünəməxsus qoxusu var. Bununla belə dünya, meyllərinə görə laylara ayrılacaq və kağız ədəbiyyatın oxucuları on dəfə azalacaq. Ancaq onlar high quality (yüksək keyfiyyətli) olacaqlar”.

Müəllif kitabda hadisələrin Berlində başlamasını, əsas qəhrəmanın rus olmamasını Rusiya haqqında yox, Avropadakı vəziyyət haqqında yazmaq istədiyi ilə izah edir. O deyir ki, özünü mühacir saymır, Rusiyaya da tez-tez gedir, amma rus dünyasını qələmə almaq istəmir, birinci, ona görə ki, bunu dəfələrlə edib, ikinci səbəb isə hazırda Rusiyada baş verənlərin ədəbiyyata sığmamasıdır. Onun fikrincə, indi Rusiyada ağır qrotesk vəziyyət hökm sürür və onu təsvir eləməkdən ötrü dil tapmaq çətindir. Müəllif, son iyirmi ildə Rusiya gerçəkliyindən danışan güclü əsərlərin yaranmamasının səbəbini də bunda görür: “Elə buna görə də mən fərqli zamanları əks etdirən güzgü sistemi qurmağa və rus həyatına gələcəkdən, ya da keçmişdən baxmağa çalışmışam. Lakin “Manaqara” – Avropa haqqındadı”.

Sorokin müsahibəsində klassik rus ədəbiyyatının Avropa mədəniyyəti hadisəsi olduğunu söyləyir: “İstənilən kitab mağazasına girin və dərhal Tolstoy, Dostoyevski Çexovu görəcəksiniz. Rus ədəbiyyatı- ümumdünya brendidi. Mən həmişə demişəm ki, yazmağa təzə başlayan rus yazıçılarının bonusu var, onların arxasında həmin saqqallı qocalar dayanırlar”.

Buna da bax: Məşhur rus yazıçısı Kremlin Ukrayna siyasətini belə ələ saldı

Müsahibənin sonunda bu gün Rusiyada baş verənlərə də münasibət bildirən yazıçı əslində ölkəsini diqqətlə izləmədiyini, qrotesk rus həyatının depressiv təsirə malik olduğunu söyləyir: “Rusiyada elə bir vəziyyət yaranıb ki, onun indisi gələcəyi olub, gələcək isə keçmişə qarışıb. Dairə boyunca hərəkət şizofrenik induksiya sahəsi yaradır. Bu, insan psixikasına ağır təsir edir. Ona görə də, mən facebookdan istifadə eləmirəm. Yalnız hərdən, arvadım orda maraqlı nəsə gördüyünü deyəndə onun profilindən girib baxa bilərəm. Ancaq belə onun içində qaynamaq – yorucu prosesdir”

XS
SM
MD
LG