Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:23

“O sözləri ki mən yazmışdım, gəlib tutub aparmalıydılar”


Sabunçu rayonunda yağışdan sonra
Sabunçu rayonunda yağışdan sonra

“Hansı qapıya yaxınlaşsan, üstünə “satılır” yazılıb. Adamlar qaçır. Düz də edirlər. Özünə hörmət qoyan bu şəraitdə yaşamaz. Torpağı satanda min cür dona girirlər, adamları aldadırlar ki, yaxın vaxtlarda buralar cənnət olacaq, filan... 15 ildən çoxdur əziyyət çəkirik. Nə qazı, nə normal işığı, nə yolu, nə içməli suyu... Heç nə yoxdur. Daha doğrusu dövlətlidə var, kasıbda yoxdur”.

Sabunçu rayonu, Albalılıq yaşayış massivinin sakini Arzuman Çovdarov dövlət qurumlarının insanlar arasında maddi durumlarına görə fərq qoyduğunu deyir.

Yaşayış massivinin bir qrup sakini AzadlıqRadiosu-na şikayət ünvanlayıb.

“Burda da varlı, kasıb məhəllələri formalaşır”

Sakinləri narahat edən yaşayış massivinin sosial problemləridir. AzadlıqRadiosu-nun əməkdaşı şikayət məktubunu imzalayan bir neçə sakinlə əlaqə saxlayaraq problemi dinləyib. 15 ildən çoxdur burada yaşadığını bildirən Arzuman Çovdarov deyir:

“Keçən yay gözümüzün önündə asfaltdöşəyən texnikalar tökülüşdü, Cavid adlı bir varlının qapısınadək gedən yolu asfaltladı. 250-lik boruyla da şirin su çəkdilər. Baxa-baxa qaldıq. Getdikcə burda da varlı, kasıb məhəllələri formalaşır. Bütün qışı kasıb evində şam işığında oturdu, varlının pəncərəsindən gələn gur işığa həsrətlə tamaşa elədi. Varlının həyətində gecə-gündüz şırhaşırla şirin su axıdılır, kasıb maşınla su almağa pul tapmır. Bilirsiniz, bunların hamısı insana pis təsir edir. Ata kimi uşaqlarımdan xəcalət çəkirəm. Heç olmasa, kasıba da dövlət sahib çıxsın, su, qaz, işıq versin, yol çəksin. Varlının maşını palçığı kasıb balasının üzünə sıçradıb keçir. Belə şeylərə dözə bilmirəm”.

“Yazmışdım ki, ay prezident...”

Albalılıqda yaşayanların əsas problemlərindən biri yoldur. Yaşayış massivinin sakini Qubad Şirinov deyir, şəxsən özü prezidentə məktub yazıb və qapı-qapı düşərək imzalatdırıb:

“İki ay əvvəl yola görə prezidentə yazdım. Elə yazdım ki, nə bilim, mənə elə gəldi daşdan keçərdi. Ancaq Prezident Administrasiyasının daşından keçmədi, deyəsən. Ya prezidentə çatmadı, ya da oxudu, atdı kənara... Ancaq deyəsən çatmayıb, çünki o sözləri ki mən yazmışdım, gəlib tutub aparmalıydılar (gülür). Yazmışdım ki, ay prezident, bəsdir gedib-gəldiyin yolları düzəltdirdin, kənarlarını hasarladın, ağac əkdirdin. Bu ölkədə Əliyev və Paşayev familiyasından başqa familiyalarda da insanlar mövcuddur. Başını qaldır, ölkəyə bax, gör nə gündəyik. Yağışda palçığa bulaşmamaq üçün ayağımıza sellofan bağlayıb gəzirik. Özümüz-özümüzdən xəcalət çəkirik”.

“Su xətti çəkiləcək”

Sabunçu Rayon İcra Hakimiyyətindən daha əvvəl eyniməzmunlu şikayətə münasibət bildirilərkən deyilib ki, Albalılıqdakı ərazilərə su xəttinin çəkilməsi nəzərdə tutulub. Yollara asfalt döşənməsi də su xətlərinin çəkilişindən sonra baş tutacaq.

Vaxtilə bələdiyyə ərazidə qanunsuz torpaq satışı həyata keçirib. Evlərin çoxu kənd təsərrüfatı təyinatlı torpaqların üzərində tikilib. Əmlak Məsələləri üzrə Komitə belə tikililərin söküntüsünə qərar verib.

XS
SM
MD
LG